Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Səfeh bir sözü ağlına gətirib söyləməyən adam müdrikdir

Səfeh bir sözü ağlına gətirib söyləməyən adam müdrikdir

Date: 8 November 2016 12:39

Sevda Sultanova:
 
 
Bizim təsəvvürümzdə müdriklik daha çox yaşla bağlıdır. “Filankəs müdrik adamdır” deyəndə, istər-istəməz gözlərimiz önündə onun fiziki portreti yaranır: yaşlı, saç  - saqqalı ağarmış, milli mənəvi dəyərlərdən danışan, hamıya məsləhət verən adam.
 
Ümumilikdə insanı bir neçə tipə ayırmaq olar, adi, məişət qayğıları ilə yaşayan, metafizik, ekzistensial problemləri düşünməyənlər, həyatın mənasını axtaranlar, axtarışda olanlar və həyatı tamlıqla dərk edən, onu sakit, təmkinlə, dəyərləndirən və baş verən hər şeyə hazır olan adamlar. Sonuncular müdriklərdir.
 
Müdrikliyi intellektlə əlaqələndirmək doğru deyil. Bilikli, amma müdrikliklə bağlılığı olmayan adamlar var. Bu mənada müdriklik həm də xarakter məsələsidir. Və özündə çox mühüm cəhətləri birləşdirir, həyat təcrübəsi, ondan doğru istifadə, səbir, təmkin, qərəzli olmamaq və s”.
 
 
 
Cavid Zeynallı:
 
Müdriklik təcrübə və biliyə əsaslanan xüsusiyyətdir. Müdrik deyəndə daha çox yaşlı insanlar göz önünə gəlir. Amma müdriklik haqqında bəzən istehzalı münasibətə də rast gəlirik. Məsələn, deyirlər ki, müdrik olmaq çox asandır. Səfeh bir sözü ağlına gətir və onu demə. Vəssalam.
 
Amerikalı fotorqraf və yazıçı Endrü Zikerman bütün dünya üzrə müdrik sayılan şəxslərlə söhbətlər edib. Onda soruşublar ki, siz nəyə görə məhz yaşı 70–dən çox olanları danışdırmısınız? O cavab verib: “Mənim söhbət etdiyim bu şəxslərdən bir çoxu özlərini müdrik saymadıqlarını dedilər və əvvəlcə layihədə iştirakdan imtina etdilər. Elə bu da, məncə, onların müdrikliyinin göstəricisi sayıla bilər".
 Məşhur söz var. Deyir, "müdrikin pis hadisələrdən aldığı dərs, adi insanın yaxşı hadisələrdən aldığı dərsdən çoxdur".
 
Müdrikliyin sinonimi ağıllı və bilikli insandır.
Müdrik hadisələrə mümkün qədər tərəfsiz bir şəkildə yaxınlaşar. Müdriklik həm də fayda verməkdir.
Müdrikliyə yönəlmiş bir adam hər düşüncə və hərəkətə yaxşı tərəfindən baxar.
Müdriklik həm də təvazökarlıqdır. Deyir, ancaq müdriklər və ağılsızlar dəyişmirlər.
Dəli etiraz bildirir ki, insanlar onu tanımır, müdrik şikayət edir ki, insanları tanımır.
 
 
Səbinə Bayramova:
 
Hər bir insanın daxilində müdriklik qabiliyyəti var, lakin bu şüur səviyyəsinə çatdıqdan, dərk olunduqdan sonra ortaya çıxa bilər. Ümumiyyətlə, müdriklik şüurun yüksəlməsi, inkişaf etməsi ilə bağlıdır. İnkişaf etmiş şüurla yanaşı sevginin alınıb-verilə bilməsi də məhz müdrikliyin başlanğıcına bir işarədir. Çünki daxili sevgi ilə dolu olan insanlarda anlayış hissi də qüvvətli olur, bununla yanaşı potensial güclərin oyanması və fərdi inkişafın sürətlənməsi də müdrikliyin yaranmasına zəmin yaradır. Müdrik bir insanı hər zaman yetişdirmək mümkün olmasa da, valideynlər ən azından müdrikliyin səciyyəvi xüsusiyyətlərini uşaqlarına aşılaya bilərlər. Bununla da gələcək inkişafında bu xüsusiyyətlər uşağın şüur səviyyəsinə çatdıqda cəmiyyətin müdrik bir şəxsi kimi formalaşmış olar və gələcək nəslə də öz töhfəsini verər.
 
 
 
İlqar Rəsul:
 
Müdriklik çox bilmək deyil. Müdriklik lazımlı şeyləri bilmək, onları yerində və zamanında işlətmədir. Müdrik adamlar insanın müsbət keyfiyyətlərinin əksəriyyətini özündə cəmləşdirmiş adamlar da sayıla bilər. Bir şərtlə ki, onlar ətrafa fayda verə bilsinlər. Onlara müraciət edənləri səbirlə dinləsinlər, yol göstərsinlər. Məncə müdriklər həm də hamının dilində danışa bilən adamlardı.

Tags:  Səfeh sözü ağlına gətirib söyləməyən adam müdrikdir


RƏYLƏR


Top news