Vaan Martirosyan: “Qarabağda ölənlərin 90 faizi Ermənistandakı kasıbların uşaqları idi”

Vaan Martirosyan: “Qarabağda ölənlərin 90 faizi Ermənistandakı kasıbların uşaqları idi”
13:39 8 Noyabr 2016
106 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfrans çərçivəsində “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı panel keçirilib.

 

APA-nın məlumatına görə, panelin moderatoru politoloq Rasim Ağayev olub.

 

Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan çıxışında deyib ki, bu beynəlxalq konfransla Azərbaycan sülhə doğru addım atır: “Ermənistanda azərbaycanlılara qarşı soyqırım törədən şəxslər hakimiyyətə gəliblər. Onlar əslində bu gün Ermənistanda da soyqırım törədirlər. Erməni kilsəsi Azərbaycanda çoxlu sayda erməni yaşadığını bilir, mən onların bir neçəsi ilə görüşmüşəm. Azərbaycanda erməni abidələri qorunur, Ermənistanda isə azərbaycanlılara məxsus məscidlər, abidələr dağıdılıb. İnanıram ki, bu kimi tədbirlər çox olacaq. Bütün münaqişələrdə qurbanlar olur. Vətəndaş cəmiyyəti, jurnalistlər, yazıçılar bu prosesə cəlb olunmalıdır. Dünyanın 10 ölkəsində ermənilərlə azərbaycanlıların birgə fəaliyyəti var. İnanmaq istəyərdik ki, yaxın vaxtlarda xalqlarımız bizim fəaliyyətimizin nəticələrini görəcəklər. Elə bir sadə erməni tapa bilməzsiniz ki, 25 ildir davam edən münaqişədən məmnun olsun. Yalnız 500-600 erməni var ki, münaqişənin davam etməsində maraqlıdır, onlar da soyqırım törətmiş insanlardır”.

 

R. Ağayev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təşəbbüsü ilə çıxış edib: “Biz burada iştirak edən ermənilərin fərqli fikirlərini eşidirik və bu, bir irəliləyişdir”.

 

İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şəlalə Həsənova nəzərə çatdırıb ki, həyat yoldaşı İrəvanda anadan olub, orada təhsil alıb: "Həyat yoldaşım deyir ki, münaqişənin həll olunmasını, mənə İrəvanda böyüdüyü evi, oxuduğu məktəbi, valideynlərinin işlədiyi xəstəxananı göstərmək istəyir. Lakin münaqişə həll olunmayıb və minlərlə insanın arzusu həyata keçməyib. Bizim bu arzularımız artıq yerinə yetməlidir. Münaqişənin həlli ilə bağlı prezidentlər arasında danışıqlar aparılsa da, Ermənistandakı rejimin mahiyyəti ilə əlaqədar münaqişə həll olunmayıb. İnanıram ki, erməni cəmiyyəti bu cür erməni fəalları sayəsində Azərbaycan reallıqları barədə məlumatlar əldə edəcəklər”.

 

Moderator R. Ağayev xatırladıb ki, sovet dövründə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayıb: “Azərbaycan indi də xalqların sülh şəraitində yaşaması üçün variantlar təklif edir”.

 

Erməni cəmiyyətinin nə dərəcədə kompromisə hazır olması barədə sualı cavablandıran V. Martirosyanın sözlərinə görə, son illər sosial şəbəkələrdə, tədbirlərdə bəzi ermənilər deyirlər ki, Qarabağ bizə kədər və fəlakətdən başqa heç nə verməyib: “Əvvəllər Ermənistanda media hökumətin maraqlarını müdafiə edirdi. Ancaq son illər müsbət qığılcımlar var. Biz bu qığılcımın üzərinə neft tökməliyik ki, alovlansın”.

 

Yazıçı-publisist, ictimai xadim Vahe Avetyan gələcəkdə kompromis tərəfdarlarının artacağına inandığını söyləyib.

 

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət artıq sadə ermənilərin kompromisə tərəfdar olmasının anlaşıldığını vurğulayıb: “Azərbaycanlılar heç vaxt sadə ermənilərə düşmən gözü ilə baxmayıb. Dağlıq Qarabağ erməniləri Azərbaycanın tərkibində qalsalar, öldürüləcəkləri barədə şayiələrə inanmamalıdır. Bu gün erməni fəallarının Azərbaycana səfəri də bunun göstəricisidir. Bu konfransda erməni gənclərinə müraciət etməliyik ki, biz sülh şəraitində yaşamalıyıq”.

 

Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib ki, 2002-ci ildə Milli QHT Forumu yaradılan zaman Ermənistanla sülh arzulayan və bu istiqamətdə çalışan erməni fəallar, QHT-lər tapa bilməyiblər: “Ancaq bu gün “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Suzanna Çaqinyan, yazıçı-publisist və ictimai xadim Vahe Avetyan, “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan bu konfransda iştirak edir. Ermənistanda olan bir sıra QHT-lər də tədbirdə iştirak etmək istəyirdilər, texniki səbəbdən gələ bilmədilər və “Skype” vasitəsilə tədbirə qatılacaqlar. Ermənistan zəmanət versə, İrəvanda da belə konfrans keçirilə bilər”.

 

Moderator R. Ağayev Rusiyada və digər ölkələrdə də bu tip konfransların keçirilə biləcəyini söyləyib: “Bir neçə il əvvəl Tbilisidə Azərbaycandan qaçqın düşmüş ermənilərin də iştirakı ilə tədbir keçirildi. Biz kənar vasitəçi olmadan dialoqa, sülhə hazır olmalıyıq”.

 

Azadlıqdan Məhrumetmə Yerlərinin  Monitorinqi İctimai Birliyin sədri Kamil Səlimov türk düşmənçiliyinin mənasız olduğunu söyləyib: “Türkiyədə çoxlu sayda erməni yaşayır. Hətta Ermənistan vətəndaşı olan 40 min erməni Türkiyədə işləyir. Bu gün torpaqlarımız işğal olunub, Azərbaycan əhalisi 10 milyon nəfərdir. Torpaqlarımızı işğal edən Ermənistanda isə əhali azalıb, artmayıb. Digər tərəfdən, hətta Serj Sarkisyan da Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımırsa, bu da təsadüf deyil”.

 

Vaan Martirosyan qeyd edib ki, ağaları bir söz demədən Serj Sarkisyan Dağlıq Qarabağdakı oyuncaq rejimi tanıya bilməz: “Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, mümkünsüzdür. Ermənistan gəncləri bu gün Dağlıq Qarabağda hərbi xidmət keçir. Aprel qarşıdurmasında Qarabağda qurban verilənlərin 90 faizi Ermənistandakı kasıb ailələrinin uşaqları idi. Digər tərəfdən, mövcud rejim erməni cəmiyyətinə Türkiyəyə qarşı nifrət ruhu aşılamağa çalışır. Ancaq bu gün Türkiyə geyim və ərzaqla Ermənistanı təmin edir. Ermənistan iqtisadiyyatı defolt vəziyyətindədir”.

 

Ş. Həsənova isə Azərbaycan cəmiyyətində ksenofobiya olmadığını, ölkənin multukultural cəmiyyət olduğunu vurğulayıb: “Biz kompromisə hazırıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258891

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR