"Təsadüfi müştərilərin ümidinə qalıblar" - FOTO

"Təsadüfi müştərilərin ümidinə qalıblar" - FOTO
15:05 8 Noyabr 2016
93 Ölkə
Ölkə mətbuatı
A- A+

"Razin tolkuçkası" kimi tanınan Bakıxanov ticarət mərkəzində artıq bir neçə aydır ki, alver dayanıb. Onlarla mağaza sahibi müflis olaraq dükanlarını bağlayıb. Alış-veriş etməyə gələnlərin sayı azaldığından mağaza sahibləri çörək puluna işlədiklərini deyirlər.  Elə ticarət mərkəzində müşahidə apardığımız müddətdə bunun şahidi olduq. Alıcı, demək olar ki, gözə dəymirdi, satıcılar isə bekarçılıqdan "krossvord" yazırdılar.

Milli.Az bildirir ki, satıcılar virtualaz.org-un əməkdaşları ilə söhbətlərində 1995-ci ildən fəaliyyət göstərən ticarət mərkəzinin çətin günlərini yaşadığını deyirlər. Mağaza sahibləri icarə haqqını ödəyə bilmədiklərindən ticarət mərkəzinin rəhbərliyinə xeyli borcları yaranıb. Sahibkarların alverdən qazandıqları icarə haqqını ödəməyə ancaq çatır. Hətta ticarət mərkəzinin bağlanacağı ilə bağlı söz-söhbətlər yaranıb.

Ticarət mərkəzində geyim mağazası işlədən Mustafa Əliyevin sözlərinə görə, ən çox bağlanan mağazalar  alverə təzə başlayanlardır. Əvvəldən burada alver edənlər hələ ki dözürlər: "Əvvəlki kimi alver yoxdur. Bir xeyli mağaza bağlanıb. Biz qadın paltarları satırıq. Çox çətindir, amma icarə haqqını ödəyirik. Onu deyim ki, əsas tələbat geyimədir. Dollar qalxdığına  görə qiymətlər də qalxıb. Ona görə də alıcıların cibinə uyğun gəlmir. Ən çox bağlanan mağazalar  sonradan fəaliyyətə başlayanlardır. Onların öz müştəriləri olmadığından təsadüfi müştərilərin ümidinə qalıblar. Əvvəldən burada alver edənlər hələ ki dözürlər. 10 ildir alver edənlə müqayisədə təzə mağaza sahiblərinin isə müştəriləri az olur. Ona görə də təzələr ziyana işləyib mağazanı bağlamaq məcburiyyətində qalırlar".

Parça satışı ilə məşğul olan mağaza sahibi Nəsibə xanım isə deyir ki, ticarət mərkəzində alıcıların seyrəkliyi onun mağazasına da təsirsiz ötüşməyib. Amma yaranmış durumla bağlı rəhbərlik icarə haqqını aşağı salmasa da, sahibkarlara güzəşt edir.

"Məsələn, 5 ay borcumuz var, amma gəlib dirənmirlər ki, gətirin ödəyin. Bəlkə də, icarə qiymətini salmaqdansa, bu yaxşıdır. Çünki qiyməti salsalar, hər ay gəlib vaxtı-vaxtında ödənişi tələb edəcəklər ki, bunu da verməyə imkanımız çatmır. Təkcə bizim mağazadan beş ailə dolanır. Böyük olduğuna görə 800 manat icarə haqqı ödəyirik. Elə gün olur ki, 4 nəfər evə 5 manatla gedirik. Alver nisbətən olanda isə təxminən 20 manat qazanc olur. Elə mağaza sahibləri var ki, satıcıları həvəsləndirmək üçün onlara "premiya" yazırlar. Elə olur ki, çörək pulunu  güclə çıxarırıq", - deyə Nəsibə xanım bildirdi.

Mağaza sahiblərinin sözlərinə görə, rəhbərlik onların cəmi yüz min manata qədər borcunu silib. Lakin dolların bahalaşması sahibkarları müflis edib: "Biz malı xaricdən, əsasən də, Türkiyə və Dubaydan dollarla alıb gətiririk. Alarkən ödənişin bir hissəsini edirik, qalanını isə alver olduqca hissə-hissə göndəririk. Qalan pulu ödəyincə dollar günü-gündən bahalaşır. Beləcə ziyana düşüb müflisləşirik. Buna görə də, məcburuq ki, ziyanı örtmək üçün malı baha sataq. Baha satanda da alan olmur", - deyə satıcılar bildirirlər.

Amma bununla belə satıcılar qiyməti qaldırmadıqlarını deyirlər. Onların sözlərinə görə, hazırda satdıqları mallar əvvəldən alınaraq zirzəmiyə vurulmuş mallardır. Nəinki bahalaşdırmaq, heç öz qiymətinə satsalar da, satdıqlarını alan olmur.

Bakıxanov ticarət mərkəzinin ziyanla işlədiyini rəhbərlik də təsdiqləyir. Özünü administrator kimi təqdim edən şəxsin sözlərinə görə, alıcı qıtlığı səbəbindən ticarət mərkəzindəki mağazaların yarısı bağlanıb.

Qeyd edək ki, bu ilin əvvəlində icarə haqqını ödəyə bilməyən sahibkarlarla ticarət mərkəzinin rəhbərliyi arasında problem yaranmışdı. İcarə haqqını ödəyə bilməyən mağaza sahibləri güzəşt etməyən rəhbərliyə etiraz olaraq mağazalarını bağlayıb işə çıxmırdılar.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487449.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR