Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Yaxşı jurnalist, pis diktor”, 7 noyabrın mistikası, “Qərb”də təhsil alan şərqli – YARIZARAFAT TƏBRİK ƏVƏZİ

“Yaxşı jurnalist, pis diktor”, 7 noyabrın mistikası, “Qərb”də təhsil alan şərqli – YARIZARAFAT TƏBRİK ƏVƏZİ

Date: 8 November 2016 17:49

“Yaxşı jurnalist, pis diktor”, 7 noyabrın mistikası, “Qərb”də təhsil alan şərqli – YARIZARAFAT TƏBRİK ƏVƏZİ

 

İki gün idi mən ölkədə yox idim, həm təbrik etmək, həm də müsahibə götürmək üçün əyləşdiyi otağa tərəf gedirdim ki.... patronu Vüqarla qabağıma çıxdı. Elə əlimi uzadırdım ki, qəfil dilləndi:

 

- Siqaret nə oldu alə?

 

- Alacam da. Müsahibə ver…

 

Sözümü kəsib hələ üstümə də çımxırdı.

 

- Nə müsahibə, siqaretimi ver, tez elə…

 

Bu siqaret məsələsini deyim, siz də bilin. Ayın 29-u ad günüydü. Söz vermişdim ki, sənə bir qutu siqaret alacam. Yox, a tövbə, indi yadıma düşdü, ad günü deyildi, bir az əvvəl idi. Xahiş eləmişdim, bir sənədli film üçün mətn oxumuşdu. Zalım balasının səsi başqadı axı! Oxuyandan sonra demişdim ki, nə verəcəm?

 

 Yenə elə həmin qaydada dillənmişdi:

 

- Alə heç nə, bir “paçka” qırmızı “Malboro” alarsan.

 

Mən də “bu gün alaram, sabah alaram” deyə-deyə yubatmışdım.

 

- Get siqaretimi al gəl, sonra danışaq…Yaxşı, ağciyər olma, gəl aşağı, siqaret çəkək, həm də danışaq. Siqaretin var heç olmasa?

 

- Yooox.

 

- Gəl, cəhənnəmə, gəl mənimkindən çək…

 

*** 

 

- Düzünü desəm, hardasa şübhələnmişdim, amma inanmırdım. Bir də ki, belə hadisələr,  bakılılar demiş, lapdan olanda ləzzət edir... Mənim üçün bu mükafatın dəyəri həm də ondan ötrü əzizdir ki, noyabrın 7-si ilk dəfə efirə çıxmışam və bu indi dünyada olmayan atamın doğum gününə təsadüf etmişdi, düz 20 il əvvəl... Dünən isə onun 70 yaşı tamam olurdu... 

 

Sarayda böyüyüb-başa çatıb. Amma əslən gəncəlidi. Deyir, uşaqlığım Gəncədə keçib.

Nə səbəbdəndir bilmirəm, deyir, çoxlu alma yeyirdim. Bəlkə bu da təsadüfi deyil. Axı onu nənəsi saxlayıb. “Balama alma saxlamışam eee”. Yadınızdadr da, məşhur filmdəki məşhur nənə. Bütün nənələr balalarına alma saxlayıb verərdi bir vaxtlar. Amma indi bilmirəm necədi. Bəlkə də o almaları indi “Apple”lər əvəz edib.

 

Nə isə, bu alma məsələsini çox uzatmayaq.

 

 - Böyük nəvə idim. Dəcəl idim. Dəcəl olsam da, çox döyməyiblər məni. Çünki dərslərimi yaxşı oxumuşam...

 

Hə, bu yaxşı oxuyan uşaq bir də ayılıb ki, yaxşı rəsmlər çəkir. “Nu poqodi”dən illüstrasiyalar çəkirmiş. Amma başını buraxıb. Başlayıb siqaret çəkməyə. Saray ola, məhlə uşağı ola, siqaret çəkməyə? Onu yaxına buraxmazdılar.

 

Amma düz iyirmi il əvvəl, siqaret çəkə-çəkə televizora baxırmış. Bir də görüb ki, Dövlət Televiziyasında anons verdilər ki, diktorluq müsabiqəsi keçirilir. 

  

- Dayım məni o müsabiqəyə demək olar ki, sürüyüb apardı. Müsabiqə Teleteatrda keçirilirdi. Üç mərhələsi var idi. Dəqiq yadımda deyil, amma azı səkkiz yüz adam vardı orada. Sona səkkiz nəfər qalmalı idi. Müsabiqədə çox yaxşı şeir deyənlər var idi. Bacarıqlı uşaqlar çox idi. Bu mənada mən inanmırdım ki, keçəcəyəm. Çünki mətnləri ən bərbad oxuyan mən idim. Amma bizim bir müəllimimiz vardı - Sabir Axundov, dünyasını dəyişib. O kişi israr elədi mənim qalmağımı. İsrarını anlamırdım. Mən dedim, birinci mərhələdən keçməyəcəyəm, keçdim. Dedim, mütləq ikinci mərhələdən kəsiləcəyəm, ondan da keçdim. Üçə gələndə artıq əmin idim ki, kəsiləcəyəm. Yenə də Sabir müəllimin israrı ilə keçdim. Bayaq dediyim səkkiz nəfərdən biri oldum. Bilmirəm niyə, amma o qədər adamın arasında təkcə Sabir müəllim məni televiziyada gördüyünü deyirdi. Və beləliklə, o deyən oldu”.

 

Elə o vaxtdan televiziyadadır. Diktor kimi əməkdar jurnalist adına bir balaca fərqli yanaşdı. Deyir, əvvəllər diktorlara əməkdar artist adı verərdilər. 

 

- Artist yüksək addır. Artistlik sənətdir e, qardaş, böyük sənətdir. Qaldı diktorlara bu adın şamil edilməsi, bu, sovet dövründən qalma bir ənənədir. Deməli mən pis diktor, yaxşı jurnalistəm... 

 

Həmsöhbətimiz həm də Qərb Universitetində təhsil alıb. Və görün nə deyir:

 

- O vaxtlar belə reklam da yox idi. Amma insanlar bilirdilər ki, prestijli Qərb Universiteti var. Həm də universitetin ilk yarandığı vaxtlardan indiyə kimi beynəlxalq əlaqələri olub. Universitetdə 3 dildə bilik öyrədilirdi. Bunlar hazırda da mövcuddur. Qərb Universitetində ciddi qayda-qanun var. Tələbələrə çox böyük qayğı göstərilir. Ona görə də mən Qərbi seçdim. Normal təhsil almaq istəyən tələbələr bilirlər ki, Qərb universitetində sağlam mühit mövcuddur. O vaxt da bu belə idi. Bilirəm ki, Qərb Universiteti hazırda da öz prestijini qoruyub saxlayıb. Qərb Universiteti mənə yaxşı təhsillə yanaşı, yaxşı dostlar da qazandırdı. Mən Qərb Universitetinə 1991-ci ildə qəbul olunmuşam. Bu gün də istər jurnalistikada, istərsə də ölkənin ictimai-siyasi həyatında, xaricdə, diaspor işləri ilə məşğul olan vaxtilə universitetimizi bitirmiş tələbə dostlarımız var. Buna misal olaraq Sevinc Vaqifqızını göstərmək olar. Biz onunla AzTV-də birlikdə işləmişik. Qərb Universitetində tələbəlik illərinin yeri tam başqaydı. Dərslərdən əlavə xarici ölkə universitetləri, fakültələri ilə əlaqələr yaradılırdı. Avropa universitetlərindən qonaqlar olurdu. Qarşılıqlı şəkildə bunlardan faydalanırdıq. Müxtəlif debatlar keçirilirdi. Ölkənin ictimai-siyasi, iqtisadi həyatı haqqında dərin fikirlər səsləndirilirdi. Bir sözlə desək, təhsil çox yüksək səviyyədə təşkil edilirdi. Bu da özünü göstərdi. Hamı həyatda öz yerini tuta bildi. Bu kimi uğurların əldə edilməsində həm Qərb Universitetinin həm də tələbələrinin rolu böyükdür. Bu gün qazandığım uğurlara görə Qərb Universitetinə borcluyam!

 

Sevimli universitetimə, o vaxtkı rektoruma, müəllimlərimə və tələbə yoldaşlarıma da aldığım bu fəxri addan pay düşür. Bütün uğurlarıma görə onlara təşəkkür edirəm.

 

Çox maraqlı adamdı. Ekologiyadan tutmuş... pis çıxmasın, lap erotikaya qədər, nədən desən xəbəri var. Məsələn, adam futboldan 24 saat durmadan danışa bilər. Elə məqamları bilir ki, əksər idman jurnalistləri ona qibtə edə bilər. Məsələn, deyir ki,  Dasayev Həştərxan tatarı idi. 

 

- Rusun qapısını həmişə tatarlar qoruyurdu. Məsələn, Niqmatulin. Ya müdafiəçi Vagiz Xidyatulin. Deməli, etibarlı olublar. Türklər qapıya “kalə” deyirlər. O sözdən xoşum gəlir. Kalə, yəni qala. Yəqin tatarlar öz qalalarını daha yaxşı qoruyublar, buna görə ruslar onlara etibar ediblər qapılarını, qalalarını. Ümumiyyətlə, o vaxt SSRİ-də çox yaxşı qapıçılar var idi. Sovetdə qapıçı məktəbi güclü olub. Çanov, Otar Qabeliya, bizim öz qapıçımız Aleksandr Jidkov. Yeri gəlmişkən, Jidkov yaman penalti qaytarırdı. Səhv etmirəmsə, sonra o Kiyevə getdi və məhv oldu. Mixail Mixailov var idi, o da yaxşı qapıçı idi. Sonra onu "Neftçi"yə verdilər, Jidkovla dəyişdilər. Sergey Kramarenko, Tişin, bunlar da əla qapıçılar idi. SSRİ vaxtında "Dinamo"nun hər bir oyunçusu ayrı-ayrılıqda əfsanə idi. Amma bir futbolçu var idi, o, Dasayevin qənimi idi. Leonid Buryakı deyirəm. Sovet futbolunda ən yaxşı futbolçular gürcü və ukraynalılardan çıxıb. Bizim də bir "Neftçi"miz var idi…

  

Və dalınca da nə desə yaxşıdır?

  

 - Məşhur "troyka" - Maşallah Əhmədov, İsgəndər Cavadov, İqor Ponomaryov əla oyun göstərirdilər. Bu "üçlük"dən də qorxurdular. Sonra onun arxası da gəldi. Yunis Hüseynov, Nazim Süleymanov, Vəli Qasımov, Samir Ələkbərov, Vidadi Rzayev. Belə futbolçular olub. Sonra daha olmadı.  İndi də “Neftçi”ni tapşırıblar yazıyçıya. Alə, yazıçıdan da klub prezidenti olar?

 

İdmanı boş veririk, keçirik. Əsas məsələyə. Axı əməkdar jurnalistdir, əlavə müavinət də alacaq. Bədxərc kimi tanıdığım birisi üçün, baxmayın, əlavə stimuldur.

 

- Hə, bilirəm, sən mənə borclarını ödəsən, o müavinətdən sənə hər ay qonaqlıq verə bilərəm. Amma əvvəlcə siqareti al.

 

Zarafatdan çıxıb, ciddi sual verirəm:

 

- Oxumaq istəmədiyin xəbər olub?

 

- Tam ciddi deyirəm, oxumaq istəmədiyim olub və oxumamışam... 

 

- Mənim başım ağrıyanda diskomfortda oluram. Yazı yazammıram. Bəs sənin dilin necə ağrıyıb?

 

- Bu, məşhur söhbətdi, dillərə düşüb... Hə, yeri gəlmişkən, Lent.az-ın vasitəsilə bütün təltif olunan həmkarları təbrik edirəm, məni təbrik edənlər təşəkkür edirəm. Bir daha özümə müəllim bildiyim böyük insanlara minnətdaram, məni bu ada layiq görənlər, xatırlayanlar, əməyi keçənlərə də sağ olsunlar deyirəm...

 

- Danışmayaq daha?

 

- Alə vaxt var? Sən canın siqaretimi al…

 

Hmm, alımmı bu adama siqaret? Canına ziyandı, Nəsimi Nəbizadə. Qalsın 2026-ya. Əməkdar artist adı alana…

 

 

 

 

 


Tags:  jurnalist pis diktor noyabrın mistikası Qərbdə təhsil alan şərqli YARIZARAFAT TƏBRİK ƏVƏZİ


RƏYLƏR


Top news