“Altı ay maaşsız işlədik”-baş redaktor

“Altı ay maaşsız işlədik”-baş redaktor
22:54 5 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin əvvəlindən kollektivi məzuniyyətə buraxılan “Media forum” saytının baş redaktoru Azər Qaraçənli “Qafqazinfo”ya açıqlama verib.

 

 

Azər Qaraçənli deyib ki, dekabrın 31-də yaydıqları məlumatda bildirdikləri kimi, kollektivin məzuniyyətə buraxılması QHT qanunvericiliyinə edilmiş dəyişikliklə əlaqədardır: “Həmin dəyişikliyə görə, qeyri-kommersiya təşkilatı olan bir QHT öz layihəsini qrant müqaviləsi əsasında reallaşdırırsa, onda müqaviləni Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməlidir. Ədliyyə Nazirliyi qrant müqaviləsini qeydə aldıqda bu haqda QHT-yə bildiriş verməlidir. Sonra QHT həmin bildirişi banka təqdim etməlidir ki, lazımi maliyyə əməliyyatını həyata keçirə bilsin. Yeni qaydaya görə, bildiriş almadan qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirmək olmaz. Bu dəyişiklik “Media forum” saytının fəaliyyətinə ona görə təsir edib ki, bizim sayt da QHT layihəsidir. “Media forum” saytı 2004-cü ildə “İnternyus Azərbaycan” İctimai Birliyinin layihəsi kimi təsis olunub və o vaxtdan fəaliyyətini bu cür davam etdirir”.

 

Azər Qaraçənli bildirib ki, “İnternyus Azərbaycan” İctimai Birliyi 2002-ci ilin may ayında Azərbaycanın Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçmiş bir QHT-dir: “Yəni “İnternyus Azərbaycan” İctimai Birliyi yerli, milli qeyri-hökumət təşkilatıdır, xarici təşkilat deyil. 12 illik fəaliyyəti dövründə “İnternyus Azərbaycan” İctimai Birliyi çoxsaylı media layihələri reallaşdırıb, bu layihələrin icrası zamanı Azərbaycan dövlətinə 1 milyon ABŞ dollarınadək vergi ödəyib. “İnternyus Azərbaycan”ın reallaşdırdığı media layihələrindən biri də “Media forum” xəbər saytıdır.

 

“İnternyus Azərbaycan” İctimai Birliyi qrant müqaviləsinin qeydə alınmasına dair yeni qaydaya uyğun olaraq reallaşdırdığı layihələrlə, eləcə də “Media forum” layihəsi ilə bağlı lazım olan bütün sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Ancaq indiyədək təşkilatımız heç bir layihəsinə, eləcə də “Media forum” layihəsinə Ədliyyə Nazirliyindən bildiriş ala bilməyib. Bu da avtomatik olaraq ona gətirib çıxarıb ki, təşkilat bu layihələrlə bağlı bank əməliyyatı həyata keçirə bilmir. Nəticədə “İnternyus Azərbaycan” özünün bütün layihələrinin, eləcə də “Media forum” layihəsinin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb”.

 

Azər Qaraçənlinin sözlərinə görə, “İnternyus Azərbaycan”ın öz layihələrini əvvəlki kimi davam etdirməsi üçün maliyyəsi var: “Bu, bəlli bir məsələdir. Layihə varsa, deməli, maliyyə də var. Ancaq həmin maliyyənin bankdan çıxarılması üçün Ədliyyə Nazirliyindən bildiriş alınmalıdır. Göründüyü kimi, “İnternyus Azərbaycan” təşkilatının problemi layihənin və ya maliyyənin olmaması problemi deyil, bu, bildirişin verilməməsi problemidir.

 

Həmin bildiriş problemi həllini tapmadığı üçün “İnternyus Azərbaycan” İctimai Birliyinin kollektivi, eləcə də bu kollektivin bir hissəsi olan “Media forum” saytının əməkdaşları 2014-cü ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarının maaşlarını ala bilməyib. Beləliklə, yarım il biz maaşsız işləmişik. Halbuki ilin 3 ayının - iyul, avqust, sentyabr aylarının maaşlarının vergisini də ödəmişik. Təsəvvür edin ki, hətta dövlətə vergisini ödədiyimiz dövrün belə maaşını almamışıq. Belə bir halın nə vaxtsa baş verdiyini eşitməmişəm. İndiyədək eşitməmişəm ki, hansısa təşkilat öz əməkdaşlarının maaşının vergisini ödəsin, amma maaşı verə bilməsin. Bax, “İnternyus Azərbaycan” İctimai Birliyi, eləcə də onun “Media forum” layihəsi indi belə bir vəziyyətlə üzləşib”.

 

Baş redaktor deyib ki, artıq yarım ildən çoxdur onlar Ədliyyə Nazirliyindən bildirişin verilməsini gözləyirlər: “Yarım ildən çoxdur “İnternyus”, eləcə də “Media forum” saytının əməkdaşları gözləyir ki, bildiriş problemi həllini tapacaq və maaşları ala biləcəyik. Ancaq problem həll edilmədiyi üçün kollektivə əməkhaqqı vermək mümkün olmayıb. 6 aydan çoxdur maliyyəmizi bankdan çıxara bilmirik, ona görə də maaş ala bilməmişik. Yeni mexanizm işə salındıqdan sonra layihələrimizin həyata keçirilməsinə müsbət cavab veriləcəksə, onda maliyyə məsələləri də həllini tapacaq”.

 

Baş redaktorun dediyinə görə, Ədliyyə Nazirliyi bildirişin verilməməsini yeni mexanizmin işə salınmaması ilə izah edir: “Nazirlikdən bildirirlər ki, bildirişin verilməsi üçün yeni mexanizm işə salınmalıdır. Ədliyyə Nazirliyinin cavabına görə, yeni mexanizm işə düşdükdə bildirişlərin verilməsinə başlanacaq. Biz bir neçə ay bunu işləyə-işləyə gözlədik. Sonda isə kollektivi məzuniyyətə buraxmağa məcbur olduq. Yəni indi də yeni mexanizmin işə salınmasını gözləyirik, sadəcə indi bunu işləməyə-işləməyə gözləyirik. “İnternyus Azərbaycan” İctimai Birliyinin, eləcə də onun “Media forum” layihəsinin başqa problemi yoxdur. Eləcə bildiriş verilməsini gözləyirik”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189461

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR