Sosial şəbəkələrdəki kişilərə, bir də qadınlara...

Sosial şəbəkələrdəki kişilərə, bir də qadınlara...
21:17 8 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Bismillah.

Sosial şəbəkələrin köhnə sakinlərindənəm.

Biney qədimdən - ki, hələ onda dünyanın düz vaxtı idi - mobil tanışlıq saytlarından tutmuş "odnoklassnik"ə qədər bir çox sosial şəbəkələrdə qeydiyyatdan keçmişəm.

Çox uzatmadan mətləbə keçirəm.

Yaxşı oxucu hesab edirəm özümü, ol-səbəb sosial şəbəkələrdəki əhli-qələm maraqlıdı mənə.

Bu əhli-qələm ki var, qələmlərini alıb əllərinə şeir-şeir, roman-roman düşüblər sosial şəbəkələrin canına.

Evlisi də, evsizi də imzalarının məşhurluğuna gələn "like" bolluğundan istifadə eləyərək camaatın ana-bacısını "yoldan çıxarmaqla" məşğul.

İnan ki, bunların "inbox"-unu başıaşağı çevirsən şeir-şeir, cümlə-cümlə tər tökülər.

Bunların qorxusundan qəşəng qız fotosu görəndə "like" eləmirəm ki, o dəqiqə cumurlar haman qızın inboxuna.

Bu, ən sadə yoldu.

Daha ciddi variantlar var: məsələn, guya kitablarını imzalamaq üçün görüş təyin edilir. Bu görüşlər adətən kabineti olan kafelərdə baş tutur.

Qız var, nəsə psixoloji, ya da ailə-məişət janrında problemi var, əhli-qələmdən birinə sığınmaq istəyir, dərdini götürüb gedir "inbox"a, elə o gündən də tələyə düşür.

Görürsən, gecənin bir aləmi +18 bir status paylaşırlar, bu, tələdi. Ov üçün qurulmuş tələ.

Çoxusunun həyat yoldaşı hesab parolunu bilir, başqa hesab açıb davam eləyirlər.

Və sair, və ilaxır.

Bir kitablıq nümunə yazmaq olar bu proses haqqında.

Məsələ nədir?

Bizim qadınlar sevgiyə, qayğıya o qədər acdılar ki, bir balaca diqqət görən kimi adını sevgi qoyurlar.

Mənə elə gəlir ki, sosial şəbəkələrdə qeydiyyatdan keçən qadınların əksəriyyəti (hamısı demədi - redaktor) kişisizlik sindromundan əziyyət çəkirlər.

Kütləvi boşanma halları, ailə münaqişələri - bu məsələlər bir çox səbəblərin nəticəsi. Amma və lakin ən ümdəsi yataqdı. Daha doğrusu, "yata bilməmək".

Mən özüm də bir çox gəlinlərlə münasibətdə olmuşam, problemlərini dinləmişəm, məlum olub ki, ərinin yataq performansı qadını qane eləmir, qadının ehtiyacları ödənmir.

Ya da yataq performansı yüksək səviyyədədi, di gəl ki, diqqətsizlik, qayğısızlıq problemi var. Ki, belə səbəblərdən qadın sosial şəbəkələrlə virtual da olsa ehtiyaclarını ödəmək qərarına gəlir. Gəlir və düşür əhli-qələmin tələsinə. Onlar da birdəfəlik istifadədən sonra unudurlar, gedirlər... Bu gediş qadında psixoloji travma yaradır, hətta gözlənilmədən həmin qadın filosof ola bilər.

Əxlaq, insani keyfiyyətlər, vicdan haqqında metrə-metrə statuslar yazsalar da, inbox da tamamilə fərqli olurlar, daha doğrusu, əsl üzləri inboxdadır. Statuslar adətən kütləyə oynamaq üçündür, tələdir.

Məsələn, baxarsan ki, hamını soyunmağa, azad olmağa, seks inqilabına səsləyərlər, amma özləri bakirə olmayan qızı almazlar.

Bu tip çağırışlar sırf "qız tutmaq" üçün nəzərdə tutulub, bu növlərin evli olanları qızlarını seks inqilabçısı kimi görməyə razı olmazlar.

Ya da görürsən əhli-qələmdən biri hansısa qızın şeirini paylaşıb, üstünə də "Mükəmməl, möhtəşəm" pafoslarını yapışdırıblar. Adını ədəbiyyat qoysalar da, məlum olur ki, məqsəd birbaşa cinsiyyət orqanlarına hesablanıb.

Bu mövzunun mütləq davamı olacaq.

Birinci sözüm kişicinslilərədi: qadınınıza bir banka turşu kimi yanaşmayın ki, onlar da sosial şəbəkələrdə küçələnməsinlər.

İkincisi, qadınlara: Özünüzü əlikitablılardan qoruyun!

Ömər Xəyyam
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR