Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bayrağımızı tanıyaq!

Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bayrağımızı tanıyaq!
00:18 9 Noyabr 2016
90 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərarda Azərbaycan bayrağının qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul edilməsi nəzərdə tutulurdu. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərindəydi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr -şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk dövlət bayrağı qırmızı rəngdə -Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra isə bayraq haqqında ikinci qərar qəbul edildi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verdi. Qərarı Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskini imzaladı.

"Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi – Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi.
Qərara alındı – Mavi, qırmızı və yaşıl rənglərdən, mərkəzdə ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin.

Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında deyib: "Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur".

Lakin 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edildi.

Təkrarlanan tarix

Üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi.

1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan etdi.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət Bayrağını bərpa etdi. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.

Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" Sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

"Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun", -ulu öndər çıxışlarında dəfələrlə bildirib.

Dövlət Bayrağı Günü

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

Bayrağımızn simvolları

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq göy, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olması, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur.

Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək -bir sözlə müasirləşməni, inkişaf istəyini ifadə edir.

Əli bəy Hüseynzadə yazırdı: "Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!"

Qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib.

Yaşıl rəng – İslam sivilizasiyasına, İslam dininə mənsubluğu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə "Qırmızı qaranlıqlar içində yaşıl işıqlar" əsərində yaşıl rəngin geniş izahını verib.

Bayrağımızın üzərindəki ay-ulduzun mənası gəlincə, tarixçilərin bildirdiklərinə görə, Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunanda, orada rənglərin nəyi ehtiva etdiyi göstərilsə də, aypara və səkkizguşəli ulduzun mənaları açıqlanmayıb. Bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür. Bəzilərinə görə bu, islam dininin bir rəmzi kimi qəbul edilib, bəzilərinə görə isə aypara türk xalqlarının simvoludur.

Bir çox hallarda isə səkkizguşəli ulduz "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlanır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır. Buna ölməz mütəfəkkirimiz Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeirində də işarə olunur:

Azərbaycan bayrağına

Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur

Şu hilal da türk bilgisi, düzgün sevgi nişani,
Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Azərbaycan Respublikasının Dövlət Bayrağı

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasnın Qanununda qeyd edilir:

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.

Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.

Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.

Dövlət Bayrağının şaquli vəziyyətdə asılma qaydası

Azərbaycan Respublikasının Dövlət Bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir.

Rəng kodları

"Azərbaycan Respublikasının dövlət bayrağının istifadə qaydası haqqında” Sərəncamda dövlət bayrağının dəqiq rəng xüsusiyyətləri qeyd olunur. 22 oktyabr 2013-cü il tarixində “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanuna əsasən, kodları “Pantone Blue 313 C”, “Pantone Red 185 C” və “Pantone Green 3405 C” olan rəng çalarları yeniləri ilə əvəz edilmişdir:

Rəng modeli

Mavi

Qırmızı

Yaşıl

Pantone

306C

Red 032C

362C

RGB

0, 181, 226

239, 51, 64

80, 158, 47

CMYK

75, 0, 5, 0

0, 79, 73, 6

78, 0, 100, 2

Hex

#00b5e2

#ef3340

#509e2f

Dövlət Bayrağı Meydanı

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl qəsəbəsində dənizkənarı ərazidə yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı oldu.

Meydanda qurulan bayraq dirəyinin hündürlüyü 162 metrdir. Bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur.

Dövlət Bayrağı Meydanında dalğalanan bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi təqribən 350 kiloqramdır.

“Ginnes” Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Publika.az




Xəbərin orijinal ünvanı: http://publika.az/news/qirmizi/114049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR