İndi biz iqtisadi islahatlar mərhələsindəyik. İslahatlar da elə bir şeydir ki, qısa müddətdə böyük nəticələrdən danışmaq mümkün deyil. Fikrimcə, növbəti il də Azərbaycan üçün iqtisadi baxımdan asan olmayacaq. Lakin hesab edirəm ki, Azərbaycanın həm valyuta ehtiyatları, həm də müəyyən islahatlar məqsədilə qəbul olunmuş sənədlərin icrası ilə bağlı atılacaq addımlar ölkədə böhranın təsirlərini yumşaltmağa, sosial gərginliyi aradan qaldırmağa yetərli olacaq.
Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Qalib Toğrul bildirib.
İqtisadçı hesab edir ki, bunun üçün, sadəcə, sənədlərin icra mexanizmlərinin formalaşdırılması ilə bağlı konkret addımların atılması lazımdır: "Hesab edirəm ki, artıq 3-5 ilə müəyyən nəticələr gözləməyə dəyər. Amma cəmi 1 ilə hansısa nəticələrdən danışmaq yanlış olardı".
Ekspertin fikrincə, ilin sonuna kimi müəyyən sənədlər açıqlanandan sonra növbəti il üçün də müəyyən proqnozlar vermək mümkündür:
"Prezident İlham Əliyev də öz çıxılarında 2016-cı ilin çətin il olduğunu səsləndirib. Amma bu il, hətta ötən ilin sonlarından etibarən çox mühüm qərarlar qəbul olunub, sənədlər imzalanıb. Onların da içində ən əsası, ən başlıcası "yol xəritəsi"nin hazırlanması ilə bağlı verilən tapşırıqdır. Açıqlamalara görə, "yol xəritəsi" bu ilin sonunadək hazırlanmalıdır. Bu sənəd açıqlanandan sonra növbəti il üçün müəyyən proqnozlar da vermək olar. Ona qədər isə proqnozlarla bağlı hansısa fikir yürütmək doğru olmazdı. Belə ki, həm 2017-ci il üçün yol xəritəsi, həm də 2020-ci ilə olan dövr üçün sənəd açıqlanmalıdır".
İlkin İzzət
Milli.Az