Seçkilərdən sonra kütləvi emiqrasiya? – miqrant saytları çökdü

Seçkilərdən sonra kütləvi emiqrasiya? – miqrant saytları çökdü
12:33 9 Noyabr 2016
184 Dünya
Ölkə mətbuatı
A- A+

Respublikaçı Donald Trampın prezident seçkilərini qazanması demokrat Hillari Klintonun dəstəkçiləri arasında böyük narahatlıq yaradıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Kanada istiqamətində fəaliyyət göstərən miqrant saytlarına giriş mümkünsüz hala gəlib.

Həmçinin Kanada Miqrant və Vətəndaşlıq Bürosunun internet saytı çöküb. Aralarında məşhurların da olduğu bir çox adam Trampın prezident seçiləcəyi halda Kanadaya köçəcəyini bildirmişdi.

Bu ilin əvvəlində keçirilən rəy sorğuları Donald Trampın Amerika prezidenti seçiləcəyi halda, ölkə sakinlərinin 28 faizinin mühacirət haqda ciddi düşünəcəklərini ortaya qoymuşdu. Kanadanın baş naziri Castin Trüdo isə bildirmişdi ki, əgər insanlar belə bir seçim etmək istəyirlərsə, Kanada onları görməyə şad olacaq.

Demokrat namizəd Hillari Klinton isə Trampın prezident seçilmə ehtimalının sıfıra bərabər olduğunu desə də, bunun əski baş versə belə ölkəsindən köçməyəcəyini dilə gətirmişdi: “Mən heç vaxt öz ölkəmi tərk etməzdim, amma şübhəsiz ki, vaxtımın çox hissəsini televizorda çıxış edən Trampa çığırmaqla keçirərdim”.

İyun ayında “Air Canada” aviaşirkəti Kanadaya köçməyi arzu edən amerikalılar üçün reklam çarxı hazırladı. Reklamda potensial mühacirlərə öz evini satmağı və Kanadaya bilet almağı, əvvəlcə orada istirahət günlərini keçirməyi və ölkəyə öyrəşməyi təklif edirdi. Reklam çarxı ABŞ-da seçkiqabağı kampaniyanın gedişatında Kanadaya görünməmiş dərəcədə artan marağa cavab olub.

Ölkəni on milyonlarla insan tərk edəcək

Sorğulardan birinin nəticəsinə görə, respondentlərin 30 faizi Trampın qalib gələcəyi halda başqa ölkəyə köçmək haqqında fikirləşəcəklər. Başqa bir tədqiqatın gedişatında təxminən 20 faiz amerikalı Kanadaya köçmək barədə düşündüyünü deyib. Daha 15 faizi isə bildirib ki, Hillari Klinton qələbə qazanacağı halda mühacirət edə bilər. Martın əvvəlində Tramp yeddi ştatda partiyadaxili seçkilərdə qalib gələndə “how can I move to Canada" sorğularının sayı “Google”nin məlumatına görə, 350 faiz artmışdı.

Əgər sorğuların nəticələrinə inansaq, seçkilərdən sonra ölkəni milyonlarla, hətta on milyonlarla insan tərk edə bilər. “Kanadaya getmək” ABŞ-da seçkiqabağı kampaniyanın ənənəvi hissəsidir. Tarix göstərir ki, narazı seçicilərin bir hissəsi həqiqətən mühacirət edirlər, amma əksəriyyəti qalmağa üstünlük verir.

Niyə Kanada?

Yaxın ölkədir. Əgər fransız dilinin rəsmi dil olduğu Kvebek seçilmirsə, yeni dil öyrənmək lazım deyil.

Əsas üstünlüklərdən biri səhiyyə sistemidir. Dövlət tərəfindən maliyyələşdirilir və əhali üçün pulsuzdur. Kanadada ömrün uzunluğunun orta həddi ABŞ-dan yüksəkdir, iqtisadi azadlıq (“Economic Freedom”un reytinqinə əsasən) daha çoxdur.

Düzdür, potensial miqrantlar xəbərdarlıq edirlər ki, Kanadada həyatın dəyəri kifayət qədər yüksək ola bilər. Pulsuz tibbi prosedurlara gəlincə, tamamilə mümkündür ki, uzun müddət gözləyəsən (məsələn, bir neçə ay ərzində prosedura yazılmaq lazım gələcək).

Tarixdən nümunələr

Son yüzilliklər ərzində ABŞ-dan Kanadaya emiqrasiyanın bir neçə dalğası yaşanıb. XVIII əsrin sonunda onlar müstəqillik uğrunda müharibədə Böyük Britaniyanı dəstəkləyənlər idi. Həmin vaxt təxminən 100 min insan Birləşmiş Ştatlar tərk etdi, onlardan 40 mindən çoxu Kvebek və Yeni Şotlandiyada yerləşdi. Bu, kifayət qədər böyük rəqəm idi. Nəzərə alaq ki, bu əyalətlərin əhalisi həmin vaxt 166 min təşkil edirdi.

XIX əsr ortalarında Kanada ABŞ-dan qaçan qullar üçün sığınacaq oldu. 1850-ci ildən 1860-cı ilə qədər ölkəyə təxminən 15–20 min qaradərili getdi. ABŞ-da köləliyin rəsmi qadağasından sonra onlardan bir çoxu geri qayıtdı.

XIX əsrin sonunda ABŞ-da “Vəhşi Qərb”in mənimsənilməsi dövrü başa çatdı. Minlərlə amerikalı Kanadaya köçməyə başladı. Yerli hakimiyyət fermerlərin miqrasiyasını həvəsləndirirdi. Kanadada torpaq kifayət qədər ucuz idi – bir akr (0,4 hektar) cəmi 2 dollara satılırdı. 1901-dən 1914-cü ilə qədər immiqrantların ümumi miqdarı 750 mindən çox təşkil etdi.

Miqrasiyanın daha bir dalğası XX əsrin ikinci yarısına - Vyetnam müharibənə təsadüf etdi. Fərarilik edənlər və çağırışdan yayınanlar Kanadaya qaçdılar. Kanadada miqrasiya sistemi kifayət qədər liberal idi: turist kimi getmək və sonra yaşamaq üçün sənədi xahiş etmək. Toplam olaraq Kanadaya Vyetnamda vuruşmaq istəməyən 30 mindən 40 minə qədər amerikalı köçdü. Onlardan bir çoxu yaxşı təhsil almış orta sinfin nümayəndəsi idi. Onlar əsasən böyük - Toronto, Monreal və Vankuver kimi şəhərlərdə yerləşdilər. ABŞ müharibəni bitirdi və təmayülçülərə amnistiya elan etdi, amma əksəriyyət Kanadada qalmağı üstün tutdu.

Sonra nə oldu?

Düzdür, ABŞ Kanada miqrantları üçün daha cazibədar oldu, nəinki Kanada amerikalılar üçün. 2015-ci ildə “Migration Policy Institute”nin qiymətləndirməsinə görə, ABŞ-da Kanadadan 840 mindən çox miqrant var. ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin məlumatlarına görə, onlardan təxminən 320 mini burada yaşamaq üçün sənədə malikdir. Kanadada isə 2015-ci ildə Birləşmiş Ştatlardan təxminən 343 min miqrant var idi.

Kanadaya 2001-ci ildə ABŞ-dan təxminən 41 min, əks istiqamətdə isə 92 mindən çox miqrant hərəkət edib. 2006-cı ildə isə müvafiq olaraq 42 və 73 min rəqəmləri qeydə alınıb.

ABŞ-da narazı seçicilər də ümumi vəziyyətə ayrıca təsir etmirdilər. 2000-ci ildə Corc Buş prezidentliyə namizəd olanda eyni təhlükələr səslənirdi. Ancaq onun seçilməsindən sonra miqrasiyanın səviyyəsi praktik olaraq dəyişmədi. Mövzu yenidən 2004-cü ildə aktual oldu. Corc Buşun ikinci qələbəsindən sonra Miqrasiya Məsələləri üzrə Kanada İdarəsinin saytının istifadəçilərinin sayı ABŞ-dan istifadəçilərin hesabına altı dəfə artdı. Kanadadakı mənbələr qeyd edirdilər ki, köçmək üçün sənədləri rəsmiləşdirən amerikalıların sayı 3-4 dəfə artıb.

Əgər tələblərə uyğun gələrsə, mühacirləri Kanadaya buraxırlar. Qanuni yollar arasında işə dəvət, regional layihələrdən birində iştirak, investisiyalar (riskli investisiya proqramı üzrə ən azı 2 milyon Kanada dolları, yaxud da təxminən 1,5 ABŞ dolları investisiya qoymaq lazım olacaq) göstərilir. Bundan başqa, Kanadadan sığınacaq almağa çalışmaq da olar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR