Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bütün avtobuslar bayraqlarla bəzədilib - Sərnişinlərə bayraq hədiyyə ediləcək

Bütün avtobuslar bayraqlarla bəzədilib - Sərnişinlərə bayraq hədiyyə ediləcək

Date: 9 November 2016 12:47

Paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirən Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdən biri də vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində milli mənəvi dəyərlərimizin, dövlətçilik ənənələrimizin təbliğidir.

Milli.Az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, Dövlət Bayrağı Gününün digər bayramlar içərisində xüsusi ictimai-siyasi əhəmiyyət daşıdığını, bayrağımızın dövlətimizin və xalqımızın varlığının əsas meyarı olduğunu bir daha cəmiyyətə çatdırmaq məqsədi ilə BNA hər kəs tərəfindən böyük rəğbət və maraqla qarşılanan bu ənənəni əlamətdar gündə də davam etdirir: "Ənənəyə uyğun olaraq  9 noyabr - Dövlət Bayrağı Günü paytaxtın inzibati ərazisində sərnişindaşımada istifadə edilən bütün avtobuslar dövlət bayrağı ilə bəzədilib. Həmçinin avtobus dayanacaqlarındakı monitorlarda və yollardakı elektron informasiya tablolarında vətənpərvərlik mövzusunda,  milli-mənəvi dəyərlərimizi, dövlətçilik ənənələrimizi tərənnüm edən şüar və təbrik mesajları yazılıb.

Bununla yanaşı, Dövlət Bayrağı Günü şəhər sakinlərində xoş ovqat yaratmaq üçün xüsusi aksiya da təşkil edilib. Aksiya çərçivəsində Bakı Nəqliyyat Agentliyinin əməkdaşları "ASAN Könüllüləri" ilə birgə ictimai nəqliyyatda sərnişinlərə "Hər evə bir bayraq" devizi altında dövlət bayrağı hədiyyə edəcək.

Eyni zamanda sakinlərimiz Avto Radio 107.7 FM dalğasında gün boyu vətənpərvərlik mövzusunda olan mahnıları dinləyə biləcəklər. Bakı Nəqliyyat Agentliyi bütün xalqımızı Bayraq Günü münasibətilə təbrik edir".
 

Yusif Nəsirli
Milli.Az


Tags:  Bütün avtobuslar bayraqlarla bəzədilib Sərnişinlərə bayraq hədiyyə ediləcək

RƏYLƏR


Top news