Trampın prezident seçilməsi ABŞ-a nə vəd edir? - ŞƏRHLƏR

Trampın prezident seçilməsi ABŞ-a nə vəd edir? - ŞƏRHLƏR
14:43 9 Noyabr 2016
295 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika əhalisinin çoxdan gözlədiyi və bütün dünyanın diqqətlə izlədiyi proses – ABŞ-da prezident seçkiləri, nəhayət, başa çatdı. Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp rəqibi Hillari Klintona qalib gəldi. Bununla da Demokratların Ağ Evdə 8 illik hökmranlığına son qoydu. Maraqlıdır, Respublikaçıların qalibi ABŞ-a nə bəxş edəcək? Ağ Evin xarici siyasətində hansı dəyişikliklər baş verəcək?

Publika.az Milli Məclisin deputatları və politoloqların fikirlərini təqdim edir.

Milli Məcslisin deputatı Araz Əlizadə bildirdi ki, o, Respublikaçıların qalib gələcəyini proqnozlaşdırırmış: “Donald Trampın ABŞ prezidenti seçilməsi mənimçün gözlənilən idi. Əgər mətbuata verdiyim müsahibələri izləyirdinizsə, həmişə seçkilərdə Trapmın qalib gələcəyini bildirirdim. Deyirdim ki, Hillari məğlub olacaq. Ona görə ki, Hillarinin qələbəsi dünya üçün faciə olardı. Tərbiyəsi yetərincə olmayan bir qadın bu boyda dövlətin hakimiyyət sükanı arxasına əyləşsəydi, dünyanı ancaq müharibə gözləyərdi. Buna ərəb ölkələrində baş verənləri misal göstərmək olar. Həmin ölkələrdə baş verənlərin ilhamçısı da, həyata keçirəni də Hillari idi.

Elə Sürix protokollarının da ilhamçısı və ifaçısı o idi. Yadımdadır, Suriya lideri Müəmmar Qəddafinin öldürülməsi xəbərini şaqqanaq çəkərək gülməklə qarşıladı. Bu, onun əxlaqının normal olmadığını göstərirdi”.

Millət vəkilinin fikrincə, ABŞ prezidentləri verdikləri vədlərin 70 faizini yerinə yetirmirlər: “Əgər, Tramp verdiyi vədlərin heç olmasa 60 faizini yerinə yetirsə, dünyada sabitlik olacaq. Söhbət təkcə Rusiya ilə münasibətləri normallaşdırmaqdan getmir. Məsələ burasındadır ki, dünyada sülh, əmin-amanlıq olmalıdır. Bəsdir, ABŞ dünyada fironluq, qudurğanlıq etdi, bütün dövlətlərin daxili işinə qarışdı. Tramp bəyan etdi ki, biz dünya dövlətlərinin 98 faizi ilə münasibətlərimizə yenidən baxmalıyıq. Bəsdir, Avropanı yedirdik, bəzi dövlətləri bəslədik. Daha özümüz barəsində fikirləşməliyik. Biz digər dövlətlərin daxili işlərinə qarışmayacağıq. Hər bir ölkə dövlət rəhbərini özü müəyyən etməlidir. Eləcə də, hansı yolu tutduğunu müəyyənləşdirməlidir. Bizə kömək üçün müraciət edənlərə kömək etməyə hazırıq.

Düşünürəm ki, Trampın hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri inkişaf edəcək. Əgər Hillari seçilsəydi, bunun əksi baş verə bilərdi”.

Millət vəkili Aydın Mirzəzadə vurğuladı ki, Trampın prezident seçilməsi yalnız ABŞ vətəndaşlarını deyil, bütün dünyanı maraqlandırır: “Birləşmiş Ştatların super güc olması, onun iqtisadi, siyasi, hərbi gücü dünyadakı bir çox proseslərə ciddi təsir etməyə imkan verir. Prezident seçkilərinin favoritləri olan Trampla Klintonun bir sıra məsələlərdə mövqeləri fərqli idi. Əgər Klinton Obama siyasi kursunun davamçısı kimi kütlə qarşısına çıxırdısa, Tramp bir çox məsələlərdə yeni, hətta Amerikani düşündürəcək mövqe ilə çıxış edirdi”.

Milli Məclisin deputatı Donald Trampın xarici siyasətindən bir sıra yeniliklər gözləyir: “O, bildirirdi ki, ABŞ-ın xoşuna gəlməyın ölkələrdə siyasi rejimləri dəyişmək praktikasına son qoyulacaq. Hesab edirəm bu siyasətlə yeni ərəb “baharları”, yeni Suriya konfliktləri olmayacaq. Eyni zamanda, Suriya probleminin həllində Rusiya ilə ABŞ-ın mövqeləri demək olar üst-üstə düşür. Bu səbəbdən yaxın zamanlarda Suriya probleminin həll ediləcəyinə ümid etmək olar.

Tramp həmçinin NATO-nun xərclərinin böyük hissəsinin ABŞ tərəfindən çəkilməsinin əleyhinə olduğunu bildirib. O, bu xərclərin bir qisminin NATO üzvü olan Avropa ölkələrinin üzərinə qoyulacağını bəyan edib. Bununla yanaşı, Trampın prezidentliyi dövründə ABŞ-ın Rusiya ilə münasibətlərinin yumşalacağını gözləmək olar. Çünki Tramp Ukrayna məsələsinə görə Rusiya ilə münasibətlərin pisləşməsinin qəti əleyhinə idi. Bu ölkələr arasında gərginliyin aradan qaldırılması bir çox məsələlərin həllinə, o cümlədən neftin qiymətinin sabitləşməsinə gətirib çıxara bilər.

Trampın dövründə ABŞ-Azərbaycan münasibətlərinə gəlincə, iki ölkənin münasibətləri elə qurulub ki, prezidentin kim olmasından asılı olmayaraq münasibətlər daim yüksək səviyyədə olur. Bir-birinin daxili işlərinə qarışmamaq, beynəlxalq aləmdə əməkdaşlığı genişləndirmək və s. məsələlərə aiddir”.

Politoloq Qabil Hüseynli ABŞ-da prezident seçkiləri demokratik keçirildiyini vurğulyıb: “Donald Tramp gözlənilmədən qalib gəldi. Bu, Amerika xalqının öz seçimidir və ona hörmətlə yanaşmaq lazımdır. O ki qaldı Trampın xarici siyasət xəttinə, indidən bu barədə fikir söyləmək çox çətindir. Barak Obamanın səlahiyyətləri yanvarın 20-də başa çatacaq. Tramp seçkiqabağı kampaniya zamanı qəribə fikirlər səsləndirirdi. Bu fikirlərdən bəziləri gerçəkliklə uyğunlaşmırdı. Əgər o, bu fikirlərini həyata keçirməyə başlasa, dünyada bir sıra proseslər baş verə bilər. O cümlədən, maliyyə bazarları qarışa bilər. Bu, elə indidən hiss olunur. Düşünürəm ki, ABŞ-ı bir sıra kataklizmlər gözləyir”.

Millət vəkili Zahid Oruc isə vurğuladı ki, bir neçə gün öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdular: “Gerçəkliyə yaxın görünməsə də, hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər. Deyəsən, ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır.

Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün hadisələrə baxmayaraq, Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi. Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Deməli, rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı. Nəticədə, Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəliyə sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək - Putinə nifrət Amerikada qalib gəlmədi.

İndi Yaxın Şərqdən Qafqaza, Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı - bunu yaxın gələcək göstərəcək. Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb.

Tramp kimin taleyini təkrarlayacaq- Reyqanın, Buşun, yoxsa Kennedinin? Amerika xalqının hüzur və əmin-amanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır. Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı anti-amerikaçıları də gəlsək,Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq”.

İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək: “Bax onda, seçki çıxışlarını çoxları xatırlamayacaq!

Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir - qızıl kimdədirsə, qızıl qanun da ondadır”.

Anar Tağıyev


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175309.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR