"Biz, ilk növbədə, xalqımız, ölkəmiz üçün mübarizə aparırıq"

"Biz, ilk növbədə, xalqımız, ölkəmiz üçün mübarizə aparırıq"
14:57 9 Noyabr 2016
107 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyaya qarşı səfər oyunu öncəsi bir sıra sualları cavablandırıb.

Milli.Az azerisport.az-a istinadən oyunçunun müsahibəsini təqdim edir. 

- Komandada atmosfer necədir?

- Kifayət qədər yaxşıdır. Seçmə mərhələdəki əvvəlki oyunlarımızda yaxşı nəticələr qazanmışıq. Bu, komandada həm ab-havaya müsbət təsir göstərir, həm də bizdə özünəinamı artırır. Belfasta da yaxşı nəticə qazanmaq üçün gəlmişik.

- Kamran Ağayev Şimali İrlandiya üzərində qələbə istəyir, amma digər futbolçulardan heç-heçəyə razılaşanlar da var. Bəs siz bu barədə nə düşünürsünüz?

- Məni heç-heçə də qane edəcək. Amma qələbə qazansaq, fantastika olacaq. Biz öz gücümüzə inanırıq. Bunu artıq meydanda da isbatlamışıq.

- Yenə də komandamızdan müdafiə futbolu görəcəyik?

- Robert Prosineçki hələ taktika barədə heç nə deməyib. O, nə deyəcəksə, biz də elə oynayacağıq.

- Şimali İrlandiyaya uduzmasanız, qrup ikincisi olmaq yolunda önəmli addım atacağınızı demək olar?

- Qrup ikincisi olmaq üçün təkcə bu oyundakı heç-heçə yetərli olmayacaq. Qarşıda hələ çox oyun var. İkinci pillədəki mövqeyimizi qorumaq üçün həmin oyunlarda da uğurlu çıxış etməliyik.

- Yığmaya yeni dəvət alan hücumçu Dəniz Yılmaz barədə nə düşünürsünüz?

- Ümid edirəm ki, o, komandamıza ancaq fayda verəcək.

- Artıq hücum xəttində rəqabət çox güclənib...

- Bu, mənim xoşuma gəlir. Belə rəqabət hər bir futbolçunun ürəyincədir, eləcə də mənim. Hələ ki, mənə şans verirlər, mən də bu etimadı doğrultmağa çalışıram.

- Norveç və Çexiya ilə oyunlardakı uğurlu nəticələrə görə yaxşı mükafat verildi. Bu, yığmamızın üzvləri üçün əlavə stimul ola bilərmi?

- İstənilən yığma komandanın oyunçusu mükafat alır, biz də istisna deyilik. Bu, əlavə stimuldur. Amma bir daha qeyd edirəm ki, bu, sadəcə, əlavə stimuldur. Çünki biz ilk növbədə xalqımız, ölkəmiz üçün mübarizə aparırıq. Nəticələrimizlə hər bir azarkeşi sevindirməyə borcluyuq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR