"Dağlıq Qarabağın müstəqilliyini tanımırıq" - Fransa XİN

"Dağlıq Qarabağın müstəqilliyini tanımırıq" - Fransa XİN
17:54 9 Noyabr 2016
86 Digər
Ölkə mətbuatı
A- A+

"Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır".

 

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibliyindən APA-nın Avropa bürosunun Dağlıq Qarabağ separatçılarının “DQR”in adını dəyişdirmək niyyəti ilə bağlı sualına cavabında bildirilib.

 

“Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi çərçivəsində bu münaqişənin siyasi və davamlı həll yolunun tapılması istiqamətində birgə səylərimizi davam etdiririk”, - deyə Fransa XİN-in mətbuat katibliyinin keçirdiyi ənənəvi onlayn mətbuat konfransında qeyd olunub. 

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR