Növbəti reyd bu dəfə Şəmkirdə qanunsuz yük daşıma və
taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı
keçirilib.
ARB TV xəbər verir ki, aylardır, bəlkə də illərdir taksi fəaliyyəti
ilə məşğul olub vergi ödəməyənlər bu dəfə Şəmkirdə hədəf seçilib.
Bu azmış kimi belə sürücülər yol polisinin yazdığı cərimə
protokoluna da etiraz edib: "Mənim xəbərim yoxdur. Bu, təzə çıxıb?
Taksi qoyan deyiləm. Bu, təzə maşındır".
Gündəlik olaraq yükdaşıma və taksi fəaliyyəti ilə məşğul olan bu
sürücülər fərqlənmə nişanı almaqdan imtina edirlər. Səbəb kimi isə
ya qaydalardan xəbərsiz olduqları, ya da işə yeni başladıqlarını
bəhanə gətirirlər.
Yol polisinin 40 manat məbləğində cərimə protokolu ilə razılaşmayan
əksər sürücülər alternativ yollara əl atıblar. Bəziləri qarşı
tərəfə hədə qorxu da gəlib.
Sürücülərin etirazlarına baxmayaraq gün ərzində 50-yə yaxın
sürücüyə inzibati protokol yazılıb.
Qafar Qarayev - Dövlət Avtomobil Nəqliyyatı
Xidmətinin Şəmkir Regional Şöbəsinin rəisi: "Hazırda Şəmkirdə
400-500 nəfər taksi fəaliyyəti ilə məşğul olan sürücü var. Eyni
zamanda 150-200 sürücü yük daşıması ilə məşğul olur. Ancaq
təəssüflər olsun ki, onların çox az bir qismi vergiyə cəlb olunur.
Məsələn, oktyabr ayında cəmi 19 ədəd taksi dövlət rüsumunu ödəyib,
taksi fəaliyyəti ilə məşğul olub. Yük avtomobillərindən isə cəmi 10
ədəd fərqlənmə nişanı alınıb. Qeyri avtomobillər isə qanunsuz yük
və sərnişin daşıması ilə məşğul olurlar".
Reydlərin davam etdirilməsi isə cərimələnəcək sürücülərin sayının
artacağından xəbər verir. Növbəti dayanacaq isə Gədəbəy olacaq.