Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Dünya gücü dəyişir: ənənəvi siyasət öldü

Date: 10 November 2016 09:47

Donald Tramp ABŞ-ın yeni, 45-ci prezidentidir. Prezident seçkilərinin rəsmən elan edilməsinə hələ çox var. Amma aydındır: Hillari Klinton hələ uzun müddət özünə gələ bilməyəcək.

Kütləvi informasiya vasitələrinin onu hədəfə alması, iri korporasiyalar və transmilli şirkətlərin rəqibi Hillari Klintonu dəstəkləməsi, mənsub olduğu Respublikaçılar Partiyası rəhbərliyinin aşkar laqeydliyi milyarder Donald Trampa ABŞ-ın 45-ci prezidenti seçilməyə mane olmadı. Çox yox, hələ yarım il əvvəl onu siyasi frik, yaxud da siyasətdə təsadüfi adam sayırdılar.

İndisə hər şey dəyişib. Dünyanın ən böyük iqtisadiyyatına, hərbi-siyasi baxımdan ən qüdrətli dövlətə indiyədək dövlət işində, Senatda və ya Konqresdə çalışmamış, Vaşinqton siyasətinin girdabına yuvarlanmamış, Wall Street-in maraqlarının aşkar təmsilçisi olmayan adam rəhbərlik edəcək.

Amerikalı politoloqların təbirincə desək, "Main Street", yəni sadə vətəndaşlar qalib gəldilər.

"Şok" sözünü əsla sevməsəm də, dünən Amerika şokda idi.

Amma əsl şok Hillari Klintonun qələbəsini proqnozlaşdıran sorğu şirkətlərində, sosioloji mərkəzlərdə idi. Onlarla, yüzlərlə "məşhur və nüfuzlu" ekspertlər son aylarda fasiləsiz bildirirdilər ki, bəs Tramp seçilə bilməz, Tramp uğur qazana bilməz, Tramp vətəndaşların dəstəyini ala bilməz, çünki... Çünki bacarmaz, layiq deyil, siyasətçiyə bənzəmir, şoumendir və ilaxır.

Birmərtəbəli Amerika göydələnlərə qarşı

Seçicilərlə bilavasitə iş və internet 10 milyard dollarlıq varidat sahibi Trampın tərəddüd edən ştatlarda qələbəsini təmin etdi. Həmin ştatlar Florida, Kolorado, Ayova, Miçiqan, Nevada, Nyu-Hempşir, Şimali Karolina, Ohayo, Pensilvaniya, Virciniya və Viskonsindir.

Kolorado, Nevada və Virciniya istisna olmaqla, Tramp bu ştatların hamısında Hillari Klintonu üstələdi.

Hillari Klintonun seçki qərargahından fərqli olaraq Donald Trampın komandası əyalət telekanallarında və radiolarında reklamlara böyük məbləğlər xərcləmədiyindən siyasi analitiklər, politoloqlar və ekspertlər Respublikaçılar Partiyasının namizədinin mütləq uduzacağını deyirdilər.

Fəqət, seçkilər göstərdi ki, internet televiziyaya qalib gəlib.

ABŞ-da ümummilli və kabel telekanallarına inam azalıb. Trampın seçkiqabağı mitinqlərinə qatılanların sayı isə bütün gözləntilərdən üstün idi. On minlərlə, yüz minlərlə amerikalı kumirlərinə qulaq asmağa gedirdilər.

Halbuki, Donald Tramp çox sadə, primitiv şəkildə danışırdı. Lakin o, amerikalı siyasətçilərin deməyə cürət etmədiyi, çəkindikləri kəlmələri deyirdi.

Tramp orta statistik amerikalıları düşündürən, qorxudan məsələlərdən danışırdı. Narkoticarət və qanunsuz miqrant axınının əsas zərbəsini üzərinə götürən, Meksika ilə həmsərhəd olan ştatlarda tüğyan edən kriminal fəlakətdən Tramp çəkinmədən danışırdı.

Ohayo, Pensilvaniya, Qərbi Virciniya və xüsusilə də Miçiqan təki yoxsulluq, səfalət və infrastruktur deqradasiyasına yuvarlanan, "paslanmış kəmər" adlandırılan bölgələrdən bəhs edən Tramp bir zamanlar Birləşmiş Ştatların avtomobil sənayepsinin mərkəzi sayılan Detroytun viran qalmasından bəhs edirdi.

Böyük şəhərlərdə demokratların liberal elektroatı Hillari Klintona səs versələr də, əksəriyyət Trampı dəstəklədi.

Qadınlar Trampı rədd etmədilər

Seçki kampaniyası zamanı ABŞ mediasında bir neçə qadının "Tramp mənə təcavüz etdi" açıqlamalırına əsaslanan informasiya zərbələri Trampa qarşı yönəlmişdi.

Üstəlik, Trampı müsəlmanlara nifrət edən, əslən Latın Amerikası ölkələrindən olan miqrantlara düşmən kəsilən adam kimi qələmə verirdilər.

Lakin "latinos"lar, müsəlmanlar və qadın seçicilər Trampı düşmən saymadılar.

Bəlli oldu ki, Trampla bağlı seks-qalmaqallar onu qadın seçicilərin səslərinin ümumi sayının vur-tut 6 faizindən məhrum edib.

Latın Amerikasından olan miqrantların Trampa verdikləri səslərin sayı isə 2012-ci ildə "Latinoslar mənim əzizlərimdir!" demiş respublikaçı Mitt Romnini dəstəkləyənlərin sayından da çox oldu.

Özü də "latinos" diasporasının güclü olduğu Nevada, Nyu-Meksiko və Şimali Karolinada səslərin əksəriyyətini Tramp qazandı.

Florida ştatında iri şəhərlər Klintona səs versələr də, əyalət Trampın tərəfini tutdu.

ABŞ bölünüb

ABŞ tarixində artıq neçənci dəfədir ki, vətəndaşların siyasi mövqeləri baxımından sərt bölündü.

İndi iki Amerika var. Bir tərəfdə multimilli, sahillərdəki meqapolislərdə yaşayan liberal seçicilər, digər tərəfdə əyalət sakinləri.

Şəhərlər Hillari Klintonu, əyalət isə Donald Trampı dəstəklədi.

Özü də bölünmə amerikalı liberalların cəmiyyətə və ümumiyyətlə, bütün dünyaya sırıdıqları etnik, cinsiyyət və ya "seksual azlıq-çoxluq" məsələlərinə görə yox, yaşam məsələlərinə görədir. Bir zamanlar sənaye mərkəzləri olan ştatlarda pisləşən iqtisadi durum, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsi, orta statistik amerikalının maraqlarına tüpürmək belə istəməyən Vaşinqton elitalarının hakimiyyətinə son qoymaq istəyi Trampın qələbəsini təmin etdi.

Seçkilərin sonucları göstərdi ki, abortlar və odlu silah daşımaq hüququ ilə bağlı onillərlə davam edən mənasız mübahisələrdən sonra gündəmə real məsələlər gəlir.

ABŞ büdcəsini ağlar qoyan ağır və perspektivsiz savaşlar, şəhərlərin və infrastrukturun tənəzzülü, siyasi elitaların orta statistik amerikalıların maraqlarına xəyanəti, NAFTA təki absurd ticari anlaşmalar və ya Obama administrasiyasının nəyin bahasına olursa-olsun, reallaşdırmağa çalışdığı TTİP müqaviləsi kimi idiotizmlər...

Seçiklərin nəticəsi analitiklər və sosioloqlar üçün də sürpriz oldu. Onlar hələ də anlaya bilmirlər ki, seçkiqabağı kampaniyaya Trampla müqayisədə iki dəfə çox pul xərcləyən, kampaniyanı əla keçirən Klinton niyə qalib gəlmədi.

Trampın qələbəsi çoxsaylı sorğuların nəticələri ilə məşhur "ekspert"lərin ehtimallarını alt-üst etdi.

Siyasətdə şou, şouda siyasət

Ekssentrik Donald Tramp seçki kampaniyasını, sanki, şouya döndərmişdi. Doğrudur, ABŞ-dakı bütün seçkiqabağı kampaniyalarda şou elementləri olub. Lakin ciddi kampaniyada şou elementlərinin olması ilə təbliğat və təşviqatın, ümumiyyətlə, şoudan ibarət olması fərqli məsələlərdir.

Buna rəğmən Donald Tramp gələn ilin yanvarından etibarən prezidentliyə başlayanda, çətin ki, şoumenliyi davam etdirsin. Ağ Evin mühiti, siyasi elitaların və hərbi-sənaye kompleksinin tələbləri mütləq şəkildə Trampın davranışına təsir edəcək.

Seçki ili olduğundan, son aylarda ABŞ rəhbərliyi xarici siyasətdə mümkün qədər ehtiyatlı davranmağa çalışırdı və bununla da Vaşinqtonun onillər boyu formalaşdırdığı ənənəni pozmurdu.

Barak Obama da mənsub olduğu partiyanın namizədi Hillari Klintonun təbliğat prosesinə zərər vurmamağa çalışırdı.

Əfsuslar olsun ki, bütün bunlar heç bir nəticə vermədi və Barak Obama ABŞ tarixində effektiv daxili və düşünülmüş xarici siyasət yürüdən dövlət başçısı kimi yox, ilk qaradərili prezident kimi qalacaq.

İndi nə olacaq?

Donald Tramp "siyasətdə uşaq" sayıla bilər və bu səbəbdən də yaxın ətrafından sürəkli məsləhətlər almağa meyllidir.

Məsələ də o ətrafın kimlərdən ibarət olmasıdır.

Donald Trampın qələbəsinin ABŞ-ın xarici siyasətində köklü, dərin və genişmiqyaslı dəyişikliklərə səbəb olacağını düşünmürəm. Söhbət Birləşmiş Ştatların xarici siyasətində ənənəvi mühafizəkar - "neo-con" yox - xarici siyasətə qayıdışdan, dünya ölkələri ilə ağıllı və məntiqli əlaqələrə üstünlük verlməsindən, Yaxın Şərqdəki vəziyyətin normal həll yollarının axtarışlarından gedə bilər.

Barak Obamadan fərqli olaraq Donald Tramp üçün qlobalizm yox, amerikanizm daha önəmlidir.

Onu da unutmayaq ki, 1980-ci illərdən sonra ilk dəfə Respublikaçılar Partiyası Konqresin Nümayəndələr Palatasında və Senatda mövqelərini möhkəmləndirdilər. Yəni ABŞ-da respublikaçı prezidentlə yanaşı, respublikaçı Konqres də olacaq.

ABŞ-ın xarici siyasətində qəfil dəyişikliklərə də ümid etməyə dəyməz, çünki bu ölkəni prezident yox, öz maraqları olan kollektiv siyasi elita idarə edir.

Donald Trampın qələbəsi özünü anlamaq istəyən amerikalıların uğurudur. Libertar azlığı təmsil edən Hillari Klinton seçkilərdə qalib gəlsəydi, deməli, Birləşmiş Ştatlarda 200 ildən bəri hakim olan "Biz Amerikayıq!" ideologiyası qlobalist təmayüllərin qurbanı olacaqdı.

Tramp deyir ki, Amerika öz iqtisadiyyatını, sənayesini dəstəkləyəcək və "zəhmətkeşlər"ə bel bağlayacaq.

Sırf populizmdir, çünki ABŞ-ın ümummilli borcu artıq 19 trilyon dolları keçib ki, həmin məbləğin 6,3 trilyon dolları xarici borcdur. Bu qədər xarici borcu olan ölkə heç bir halda qlobal siyasi problemlərdən kənarda qala bilməz. Könüllü təcridə doğru istənilən formada, ən cüzi meyllənmə ABŞ iqtisadiyyatı üçün fəlakətli nəticələr verə bilər.

Bundan başqa, ABŞ artıq dünyanı qüvvəsinə və gücünə güvənərək idarə edə bilmir, öz dəyərlərini hamıya zorla qəbul etdirə bilmir. Birqütblü dünya düzəninə etiraz edən dövlətlərin sayı artır, Rusiya və Çinin ABŞ-a qarşı iddiaları çoxalır.

NATO-nun genişlənməsi, Çinlə iqtisadi mübahisələrin siyasi qarşıdurmaya çevrilməsi, Vaşinqtona boyun əyməyən rejimlərin devrilməsinə yönəlmiş "rəngli inqilab"lar adlı faciələr, Yaxın Şərqdə xaosun bərqərar olması təki problemlər Birləşmiş Ştatları zəiflədib.

ABŞ-da daxili problemlərin artması ölkənin xarici siyasətinə də təsir edib. Cəmiyyətin siyasi elitalara olan inamı azalıb, iqtisadi inkişaf templəri aşağı düşüb. Amerikada sistemin islahatlara və cəmiyyətlə anlaşmağa ehtiyacı var.

ABŞ mövqelərini itirib zəfiləmək istəmirsə, yeni qlobal düzənin formalaşma prosesini məhv etməyə çalışmamalı, dünya dövlətləri ilə münasibətlərdə yeni "yol xəritəsi"ni tətbiq etməlidir.

Təbii, keçid dövrü asan və qısa olmayacaq, amma tabuları və "olmaz"ları aşmağa lüzum var.

Ən başlıcası isə ABŞ "demokratiya ixracı" prosesinə son qoymalı, Vaşinqtonun göstərişlərinə və əmrlərinə əməl etməyib müstəqil siyasət yürütmək, suveren dövlət statusunu qorumaq istəyən dövlətlərə qarşı "kütləvi xalq narazılığı" adı ilə çevriliş ssenarilərini tətbiq etməkdən çəkinməlidir.

Başabəla "ərəb baharı" belə prosedurların nə ilə nəticələndiyini göstərdi: ABŞ-ın demokratiya bəxş etdiyini vurğuladığı ölkələr viran qalıb, həmin dövlətlərin ərazilərində terror təşkilatları, o cümlədən İŞİD özünü rahat hiss edir.

Postsovet ölkələri ilə qarşılıqlı münasibətlərə gəldikdə isə, Donald Trampın "siyasi məhbuslar" və "insan haqları" təki çeynənmiş klişelərdən yararlanaraq müstəqil ölkələrin daxili işlərinə kobud müdaxilə cəhdlərindən çəkinəcəyinə ümid edirik.

Əks təqdirdə ABŞ problemlərini özü artıracaq.

Elçin Alıoğlu
Milli.Az


Tags:  Dünya gücü dəyişir ənənəvi siyasət öldü

RƏYLƏR


Top news