Türk Hava Yolları əməkdaşlarının şübhəli ölümləri

Türk Hava Yolları əməkdaşlarının şübhəli ölümləri
11:03 10 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

"Türk Hava Yollarının əməkdaşları qorxu içindədir. İstanbuldan Nyu-Yorka uçan təyyarə reysinin heyət üzvləri oteldə müəmmalı şəkildə öldürülür. ABŞ polisi isə həmin hadisələri intihar adlandırır".

Bunu "Report"a adını açıqlanmasını istəməyən Türk Hava Yollarının stüardessası bildirib.

Onun sözlərinə görə, bu il oktyabrın 25-də İstanbul - Nyu-York reysinin heyətində stüardessa kimi çalışan Ö.Edanın "New York Marriot Long Island" otelində cəsədi tapılıb: "Təyyarə heyəti səhər yeməyini yedikdən sonra hava limanına geri dönməli idi. Lakin Eda oteldən çıxmadığı üçün heyət üzvləri onu axtarmağa başlayıb. Otel əməkdaşları ilə birgə Edanın otağına girən iş yoldaşları onun cəsədini tapıblar. Eda hamamda boğazından asılı vəziyyətdə olub. ABŞ polisi araşdırma aparmadan hadisəni intihar kimi qələmə verib, cəsədi Türkiyəyə göndərdi".

Stüardessanın sözlərinə görə, bu, eyni oteldə baş verən ikinici hadisədir: "Həmin oteldə 6 ay bundan əvvəl Türk Hava Yollarında aşpaz olaraq çalışan Cumhur Özmən eyni şəkildə - boğazından asılmış vəziyyətdə tapılmışdı. Yenə də ABŞ polisi hadisəni intihar adlandırıb, cəsədi İstanbulla göndərdi və heç bir araşdırma aparılmadı".

O bildirib ki, hadisədən sonra Türk Hava Yollarında hər kəs qorxu içindədir: "Şirkət rəhbərliyi xəbərdarlıq edib ki, ABŞ uçuşlarına gedən heyət üzvləri otel otaqlarında tək yox, iki nəfər qalsın. Bu isə çıxış yolu deyil. Mən Edanı yaxından tanıyırdım. Yalandan deyirlər ki, sevgilisindən ayrıldığı üçün intihar edib. Lakin bu yalandır. O, İstanbulda tək yaşayırdı. İntihar etmək istəyən elə burada da intihar edərdi, gedib ABŞ-da oteldə etməzdi. Çox qorxuruq".

Türk Hava Yollarının stüardessası əlavə edib ki, intiharın baş verdiyi mərtəbədə təhlükəsizlik kameraları olmayıb. Hər iki hadisə 4-cü mərtəbədə baş verib və həmin mərtəbədə təhlükəsizlik kamerası quraşdırılmayıb: “Biz həmin otellə bağlı araşdırma aparmışıq və məlum oldu ki, oteldə iki Çin vətəndaşı olan stüardessalar eyni qaydada öldürülüb. Ona görə "öldürülüb" deyirəm ki, oteldə baş verən ölümlər eyni mərtəbədə və eyni qaydada - duş otağının pərdəsinin ipi ilə asılaraq baş verib. Orada hamam otağında tavan çox aşağıdadır. Onlar özünü asmayıb, kimsə boğaraq öldürükdən sonra asıb. Bəlkə də burnuna nəsə vurub, özündən gedəndən sonra asıblar. Onlar ABŞ-da baş verən silsilə cinayətlərin qurbanı olublar. İntihar kimi qələmə verilən bu hadisələr isə ABŞ polisi tərəfindən gizlədilir və öldürülənlər ABŞ vətəndaşı olmadığı üçün polis tərəfindən araşdırılmır".

Stüardessa vurğulayıb ki, baş verən ölümlər intihar yox, qəsdən törədilən cinayət hadisələridir: "Biz bilirik ki, baş verən hadisələrin heç biri intihar deyil. Hadisənin qurbanı olan Cumhur Özmən ölümündən əvvəl valideynlərinə zəng edərək səfərdən sonra məzuniyyətə çıxacağını və ailəsi ilə birgə istirahətə getmək istədiyini bildirib. Eda isə ailəsi üçün operaya bilet alıb. Özünü asmaq istəyən şəxs niyə bilet alsın ki?! Və ya intihar etmək istəyən biri ailəsinə zəng edib istirahətə getmək istədiyini niyə desin ki?! Bütün bunlar deməyə əsas verir ki, baş verən ölümlər intihar yox, qəsdən törədilən cinayətət hadisələridir".

O, əlavə edib ki, müəmmalı qətllərin üstü açılmasa hamı işdən çıxa bilər: "Hadisədən sonra hamı işdən çıxmaq istəyir. Hər kəsin ailəsi, uşağı var. Azyaşlı oğlum var, mən öləndən sonra ona kim baxacaq? Belə bir cinayətin qurbanı olmaq istəmirik, bu dəhşətdir. Uçuşlardan sonra o qədər yorğun oluruq ki, özümüzü otel otağına çatdırıb, yatmağa çalışırıq. Onsuz da çox vaxtımız olmur, uzun uçuşlardan sonra 4-5 saat və ya bir gecə dincəlib hava limanına geri dönmək üçün hazırlaşırıq. ABŞ-a tez-tez reyslərimiz olur. Demək olar ki, hər gün İstanbuldan bu istiqamətdə 2-3 reys olur. Biz nə qədər qorxu içində uçuşa gedəcəyik? Müəmmalı qətllərin üstü açılmasa, növbəti qurban biz ola bilərik".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR