Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uçan binanın sənədsiz sakinləri - REPORTAJ

Uçan binanın sənədsiz sakinləri - REPORTAJ

Date: 10 November 2016 11:34

- 50 ildir mən burada yaşayan adamam. 1969-cu ildə bu evə köçmüşəm. O evimiz uçdu, əvəzində bu ev tikildi. Bu tikilincə bizim hər bir sənədimiz var idi, hara gedirdik, sözümüz də keçirdi. Bu binaya biz köçmüşük, bu binada sənədimiz yoxdur. Arayış lazımdır gedirik, deyirlər sizə arayış düşmür.
 
- Mən evimi təmir etmişəm, çəkdiyim xərc batacaq. Qonşu evini təmir etmək istəyir, ona görə saxlayır ki, sənədim yoxdur deyir, bəlkə elə gəlib mənə yenidən başqa mənzil veriləcək, başqa evlə təmin edəcəklər. Hamı qalıb belə 4-5 ildir. Müraciət etmədiyimiz qurum qalmayıb.
 
Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsi, bina 11 ünvanında yaşayan bu sakinlər artıq 5 ilə yaxındır ki, evlərinə sənəd ala bilmirlər. 2010-cu ildə adı çəkilən həmin ünvanda 2 mərtəbəli bina qəzalı vəziyyətdə olduğu üçün uçub. Sakinlərin dediyinə görə, daha sonra həmin ərazidə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən 5 mərtəbəli yeni binanın 11 mənzili əvvəllər orada yaşayan  sakinlərə,  qalan 19-u isə ev növbəsinə dayanan neftçilərin istifadəsinə verilib. Həmin sakinlər isə indiyə kimi yeni tikilən mənzillərə sənəd ala bilmirlər.
 
- O gündən bu günə biz sənədimizi ala bilmirik. Bütün sənədlərimiz demək olar ki, saxtadır. Çünki biz köhnə binada başqa ünvanda qeydiyyatda idik, indi başqa ünvanda yaşayırıq. Adi radar cəriməsi gəlir, başqa qonşuya gedir. Biz mənzil 8-də idik, indi mənzil 3-də yaşayırıq. Gedir 8-ci mənzilə. Artıq qonşu əlimdən bezib, deyir nə qədər olar bu.
 
- Mən məcburi köçkünəm. Sənəd verirəm. Baxır şəxsiyyət vəsiqəmin arxasındakı 11-ci mənzildə yaşayıb. Gəlir 4-cü mənzil. Yenidən başlayıram tarixi danışmağa. Əlimizdə bir sənədimiz yoxdur ki, gedək şəxsiyyət vəsiqəmizi alaq normal şəkildə, lazım olan yerlərə təqdim edək. Mən şəxsiyyət vəsiqəmi dəyişməliyəm, sənədlər yerində deyil deyə dəyişə bilmirəm.
 
- Biz bu binada yaşayırıq, bizim orderimizi verən yoxdur. Bizim vəziyyətlə maraqlanan yoxdur. Müraciət edəndə də heç bir nəticəsini vermir.
 
Sakinlər deyir ki, yazılı şəkildə aidiyyəti qurumlara müraciət etsələr də, indiyə kimi heç bir nəticə əldə edə bilməyiblər. Necə deyərlər, Əli Vəlinin, Vəli isə Əlinin üstünə atıb:
 
- Binəqədi Rayon İcra hakimiyyətinə yazılı formada müraciət etmişik. Onlar bizə deyib ki, Mənzil Təsərrüfat  Birliyi verməlidir sənədi onlara. Ora müraciət etmişik, onlar da deyir icra hakimiyyəti verməlidir. Çünki icra hakimiyyətinin balansında olan ərazidir. Hərəsi bir-birinin üstünə atır. "ASAN Xidmət"ə də müraciət etmişəm, bu bina, ümumiyyətlə, görünmür. 11 mənzilli həmin o köhnə bina görünür. Baxın, köhnə orderlər, özəlləşmə qonşuların hamısının ki, burdadır. Şəxsi evləridir heç bir sənəd ala bilmirik.
 
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etdik, bildirdilər ki, bina icra hakimiyyətinin balansında deyil.
 
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin hüquq şöbəsinin müdiri Qədir Qəmbərov isə dedi ki, məsələ ilə bağlı məlumatı yoxdur.  O, sakinlərin bir az da səbir etmələrini tövsiyə edib, problemi aydınlaşdırdıqdan sonra səlahiyyətləri çərçivəsində həll edəcəyinə söz verdi.
 
Nə deyək, təki həll etsinlər. 1000-ə dözən 1001-ə də dözər, deyirlər. Yəqin ki, elə həmin ünvanda yaşayan sakinlər də, Qəmbər müəllimin dediyi kimi, bir az da səbr etməli olacaqlar. Məsələni diqqətdə saxlayacağıq.

Tags:  Uçan binanın sənədsiz sakinləri REPORTAJ


RƏYLƏR


Top news