Toğrulsuzluq yanğısı

Toğrulsuzluq yanğısı
12:22 10 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Yazı bu ilin aprel ayında cəbhə xəttində gedən döyüşlərdə fədakarlıq göstəmiş qəhrəman kəşfiyyatçımız, Talış yüksəkliyini düşmən tapdağından azad edərkən qəhrəmancasına şəhid olan Fərəczadə Toğrul Habil oğlunun doğum gününə həsr edilib.

Bir zamanlar iki gənc var idi. Bir-birini sevən, duyan. Həyata bir gözlə baxıb hər yeri laləzar görən. Ən böyük amalları qovuşmaq, iki canda bir ürək olmaq idi. Tale bu iki gəncin xəyallarını gerçək etdi. Bəlkə o gün dünyanın ən bəxtiyar cütlüyü olan bu bədbəxtlər gələcəkdə onları gözləyən dəhşət toxumlarının arasında həyat sürdüklərindən xəbərsiz idilər. Bəhruzə və Habil... 90-cı illərin bəxtəvəri, XXI əsrin qara yazılı ailəsi... Qara yazılan bu yazının hər hərfi mərdlik, qürur, əzəmət, dəyanət, fəxarət. Sevgi dolu bu cütlüyün ilk nübarı, ağ südü, zəhmət təri, and yeri olan gül qoxulu oğulları - igid Toğrulları...

Atalar yaxşı deyib "Adam olacaq uşaq körpəlikdən bəllidir". Bəli , 90-cı illərin körpə Toğrulu XXI əsrin ilk qərinəsini qanı ilə yazdı. Sevgi dolu bir ocaqda böyüyən, ailəsindən "Yalnız haqqı tərənnüm et"! duyğusunu öyrənən körpə Toğrul. Zaman qanadlanıb quş tək uçdu, günlər göz qırpımında keçdi. Bu cütlüyün ilk bəhəri əsgər oldu. Anası bir zamanlar boyuna qurban deyərdi. ..Bu gün isə torpağına üz qoyur. Üzü gülən, çöhrəsi şən balasının. Həyatını hərbiyə bağlayan Toğrul üçün tor toxuyan fələk ilmələri yaman sərt işləmişdi. Elə bil qəlbində intiqamı var idi və ya ah alırdı. Yox dayan... Bəlkə biz heç nəyi dərk edə bilmirik. Əslində o, Yaradanın yer üzünə yolladığı cənnət ətirli yaradılışı idi. Bəlkə bu səbəbdən üzü daim gülürdü, kim bilir? Bildiyim bir həqiqət var. O da zəhərli bir ox kimi sancılıb qəlbimizə.

Bu gün Toğrul aramızda deyil. Biz Toğrulsuz hər guşəsi Toğrulla dolu közərən bir ocağın şam tək işıldayan şöləsində onu axtarırıq. Heç vaxt gəlməyəcəyini bilsək belə anası var qüvvəsi ilə "Balam!" deyb fəryad edir, atası əyilmiş qəddini qoltuqaltıya dayayır, bacısı ad yadigarı bağrına basıb için-için inləyir, balaca adaşı isə dayı kəlməsi ilə dil açıb göz yaşına şahid olur. Toğrul bir zamanların igidi, bu günün şəhidi. Bu ilin qara aprelində qovuşduğu bu ada hələ də alışa bilmirik. Əvəzində için-için od tutub alışırıq. Fərəczadə Toğrul Habil oğlu Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şəhidlik mərtəbəsinə ucalan gənc hərbiçi.

Bu gün sənin doğulduğun tarixin 23-cü il dönümüdür. Sənin doğum günündür. Sənsiz keçən ilk ad günün. Adını ağsaqqalların vermişdi bəxtini isə Yaradan verdi, qısa amma sonsuz, nakam amma şərəfli. Bu gün sənsiz dünyada sənlə yaşayan insanlar sənin adına toplaşıblar. Bir zamanlar səsinlə salamlayardın onları bu gün isə ocağınıza xəfif əsən rüzgar tək yayılan gül ətrinlə cəm edirsən hər kəsi. Kaş əldə imkan olaydı bircə anlıq ruhən doğmalarını tərk etmədiyin bu fanilər məkanına cismən qonaq olaydın. Görəsən, onda sənin yoxluğuna tab etməyən könüllərə necə təsəlli olardın? Heç bir gözdə nəm görmək istəməzdin, ananın dizi üstə baş qoyardın, balaca adaşını qoxlayıb içinə hopdurardın. Kaş bu xəyalım gerçək ola. Quş qanadında gələ biləsin. Bəlkədə doğmalarını ağlamayın, üzülməyin deyə tənbeh edərdin. Gəl... Tənbeh et, məsləhət ver, bir anlıq görün sonra yenə get. Ani gəlişinlə hər kəsi valeh et. Gəl... Heç olmasa, bircə anlıq soyuq məzarına deyil, gül üzünə üz sürtsün niskil dolu yazıq anan. Bu gün sənin yoxluğunla barışmamağımız, əslində, sənin ruhən əsla bizləri tərk etməməyindəndir bəlkədə. Biz sənsiz dünyada sənin ad gününü sənli xatirələrlə qeyd edirik, sən isə cənnət xanədanında mələklərin ətrafında dövr edirsən.

Həqiqət carçıları şəhadəti ilə ən uca məqamı qazanır. Doğum günün belə uğrunda can fəda etdiyin, son mənzilinə də ona sarılaraq çiyinlərdə səfər etdiyin azadlıq nişanımız olan üç rəngli, ay-ulduzlu bayrağımızın bərqərar günü qeyd edilir. Bilmirəm sənin doğulduğun tarixin bayraq günü ilə bir araya təsadüf etməsində bir təsadüflük var, ya yox. Bir bildiyim sənin yoxluğunla barışıb sənin doğum gününə yazı yazmaq çox ağırdı mənim şəhid qardaşım. Son sözümsə bir ricadır. Bağışla bizi bizim sənə və sənin kimi şəhadət edən vətən övladlarına layiq həyat sürə bilmədiyimiz üçün...

Rəfiqə Rafiq qızı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR