Neftçalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 10 mənzil verilib

Neftçalada Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 10 mənzil verilib
13:27 10 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Neftçala rayonunda inşa etdiyi 10 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, fərdi yaşayış evlərinin təqdim olunması tədbirində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, əlil ictimai birliklərinin və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Z.Babayev bildirib ki, bu il nazirlik Azərbaycanın 30 rayonunda 134 fərdi yaşayış evi tikdirib, Abşeron rayonunda hazır yaşayış binalarından 64 mənzil alaraq təmir etdirib, Beyləqan rayonunda isə 54 mənzilli yaşayış binasını tikdirərək istifadəyə verib. Ümumilikdə isə 252 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub.
Fond direktoru hər bir istifadəyə verilən mənzildə normal yaşayış üçün müasir tələblərə uyğun şərait yaradıldığını diqqətə çatdırıb: “Hazırda qeyd olunan təbəqələrə aid insanların mənzillə təminatı məqsədilə fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, eləcə də hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir”.
Z.Babayev müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin Prezidentin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatının gücləndirilməsi yönündə görülən işlərdən də bəhs edib. O, cari ildə də bu sosial ödənişlərin məbləğində artımlar edildiyini bildirib, müharibə əlillərinin səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunmaları, onların tibbi-sosial reabilitasiyası istiqamətində görülən işləri diqqətə çatdırıb.
Digər çıxış edənlər ölkədə aparılan sosial siyasətin hər bir vətəndaşın, xüsusən sosial cəhətdən həssas qruplara aid şəxslərin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunmalarını bunun daha bir əyani təsdiqi kimi dəyərləndirib, belə tədbirlərin cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.
İstifadəyə verilən 10 ədəd fərdi yaşayış evindən 6 ədədi Qarabağ müharibəsi əlillərinə, 4 ədədi isə şəhid ailələrinə təqdim edilib. 









Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/neftcalada-qarabag-muharibesi-elilleri-ve-sehid-ailelerine-10-menzil-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR