Millət vəkili: "Trampın seçilməsi erməniləri məyus edib"

Millət vəkili: "Trampın seçilməsi erməniləri məyus edib"
13:37 10 Noyabr 2016
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika xalqı respublikaçıların namizədi Donald Trampı prezident seçməklə demokratların müəyyən, lakin pis olan daxili və xarici siyasətindən imtina edib, xoş ümidlər doğura biləcək qeyri-müəyyənlik dövrünə qədəm qoydu.

Milli.Az bildirir ki, bu fikri azadinform-a Trampın qələbəsinin Cənubi Qafqaz üçün hansı nəticələr verə biləcəyini şərh edən deputat Musa Qasımlı deyib.

O qeyd edib ki, əslində yeni administrasiyanın xarici siyasət xəttinin necə olacağı digər ölkələr üçün də qeyri-müəyyəndir: "Lakin siyasi tarixin təcrübəsi göstərir ki, pis müəyyənlikdən imtina edib, yaxşı ola bilməsi ehtimalı yüksək olan qeyri-müəyyənlik dövrünə qədəm qoymaq mənfi hal olmayıb, manevrlər üçün imkanları artırır. Tarixdən çoxlu misallar gətirmək olar".

Deputat bildirib ki, ABŞ-da bəlli oturuşmuş sistem olduğu üçün partiya mənsubiyyətindən asılı olmayaraq prezident seçilən şəxs adətən xarici siyasət xəttini dəyişdirə bilmir. Ona görə də çox vaxt deyirlər: "İki partiyalı, lakin tək məqsədli xarici siyasət".

M.Qasımlı hesab edir ki, Tramp praqmatik bir şəxs olduğundan onun hakimiyyəti illərində ABŞ-ın xarici siyasətində yersiz ideoloji və hissiyatlı addımlardan tədricən, müəyyən bir çərçivədə geri çəkilmənin şahidi ola bilərik.
Deputat əlavə edib ki, Azərbaycan ABŞ üçün geosiyasi, geoiqtisadi və başqa baxımlardan müstəsna əhəmiyyət daşıyan bir dövlətdir.

M.Qasımlının fikrincə, Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlıq Birləşmiş Ştatların yalnız faydasına olar: "Əks-təqdirdə digər ölkələr onun yerini tutmaq üçün cəhd edərlər. Bu isə Vaşinqtona xeyir verməz".

O, sonda bildirib ki, ABŞ-dakı erməni diasporası və lobbisinin çoxu Hillari Klintonu müdafiə edirdi. Trampın seçilməsi onları məyus edib: "Yeni administrasiyadan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmağı və əvvəlki administrasiyasının səhvlərini düzəltməyi ümid etmək olar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR