Trampa görə Azərbaycan siyasətçiləri davaya çıxdı

Trampa görə Azərbaycan siyasətçiləri davaya çıxdı
14:13 10 Noyabr 2016
364 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika öz prezidentini seçdi və bu gözlənilənlərin əksinə olaraq, Hillari Klinton yox, qalmaqallı namizəd kimi ad çıxarmış Donald Tramp oldu. Trampın Ağ Evə gedəcəyi təsdiqlənəndən sonra, dünyada sözün əsil mənasında şok yaşandı. O cümlədən, Azərbaycan müxalifətində də bu, gözlənilməz proseslərə yol açıb.

Publika.az
xəbər verir ki, müxalifət liderlərinin əksəriyyəti Hillari Klintona dəstək verir, onun seçiləcəyinə inanırdılar. Həmçinin, Trampın prezident olmasını bütün dünya üçün yaxşı heç nə vəd etmədiyini israrla vurğulayırdılar.

Müsavat Partiyasının sədri Arif Hacılı da Hillari Klintonu dəstəkləyən siyasətçilər arasında idi. O, Trampın seçilməsini demokratiya və bəşəriyyətin gələcəyi üçün təhlükəli olduğunu vurğulayaraq, “dualarımız Klinton üçündür” açıqlamasını vermişdi.

Azərbaycanda partiya sədrinin Klinton üçün Allaha duası – NAKAM SEVGİ

“Dualarımız xanım Klintonun qələbəsi üçündür”.



Arif Hacılı Publika.az-a açıqlamasında Tramp haqqında yenə eyni fikirdə olduğunu bildirib.

“Trampın seçilməsi Amerika cəmiyyəti üçün də gözlənilməz oldu. Böyük Britaniyanın Avropa Birliyindən çıxması, bunun ardınca Amerikada dini, milli, irqi ayrı-seçkiliyi dəstəkləyən şəxsin prezident olması bütövlükdə ağlagəlməz tendensiyaların güclənməsindən xəbər verir. Bu, təkcə Amerika üçün yox, bütün dünya üçün ciddi hadisədir. Təsadüfi deyil ki, Trampın qələbəsinə ilk sevinən Putin oldu. Bu qələbəni bütövlükdə bəşəriyyətin gələcəyi üçün pis hadisə hesab edirəm. Lakin bəşəriyyəti düşünən şəxslərin demokratiya uğrunda mübarizələrini gücləndirəcəyinə inanıram”, - deyə A. Hacılı vurğulayıb.

Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Arif Hacılının mövqeyinin yanlış olduğunu deyib.

Publika.az-a açıqlamasında ADP sədri bildirib ki, hər şeydən əvvəl Arif Hacılı Klinton üçün dua edərkən səhv edib: “Müsəlmanların duası xristianlara təsir etməz. Çünki Allah hər qövmü ayrı-ayrı yaradıb. Hacılı bunu bilməli idi, lakin ilk yanlışı burada edib”.

S.Cəlaloğlu qeyd edib ki, Klinton dövlət katibi olanda, yaxud onun təmsil olunduğu Demokratlar Partiyası ABŞ-a rəhbərlik etdikləri bu 10 ildə Azərbaycan üçün heç bir yaxşı iş görməyib.

“Bu 10 ildə bizim üçün nə ediblər ki, onlar üçün də dua edək. Qarabağla bağlı, yaxud demokratiya üçün nəsə ediblərmi? Yox. Əksinə, Obamanın dövründə, elə Klintonun dövlət katibi olduğu vaxtda bir çox xarici institutlar Azərbaycanı tərk etdi. Bununla yanaşı, Obamanın rəhbərliyi dövründə Azərbaycanın strateji müttəfiqi, qardaş ölkə Türkiyənin başına nə oyun açdılar?! Sonuncu dəfə dövlət çevrilişinə cəhd etdilər. Bütün bunlardan sonra biz nə üçün dua etməliyik”, - deyə o bildirib.

ADP sədri əlavə edib ki, Arif Hacılı Amerika xalqının da seçiminə hörmət etməlidir: “Əgər demokratiyadan danışırsansa, Amerika xalqının seçiminə hörmətsizlik etmək doğru olmaz. Biz gedib amerikalılara prezident seçməli, yaxud ağıl öyrətməməliyik. Amerikalılar öz mənafelərini, onlara nəyin yaxşı, nəyin pis olduğunu bizdən yaxşı bilirlər”.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR