Tramp-Azərbaycan: Yaşayıb görərik...

Tramp-Azərbaycan: Yaşayıb görərik...
14:47 10 Noyabr 2016
332 Ölkə
Ölkə mətbuatı
A- A+

Donald Tramp prezident olduqdan sonra ABŞ-ın Azərbaycanla münasibətlərinin vəziyyəti onun Azərbaycanın haqq işinə necə reaksiya verəcəyindən asılı olacaq.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü Fəzail İbrahimli bildirib.

Ona görə də millət vəkilinin fikrincə, Trampın prezidentliyinin ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edəcəyi barədə indidən qəti fikir söyləmək hələ tezdir:

"Amerikanın vahid xarici siyasəti var. Lakin hər şey onun Azərbaycanın haqq işinə necə reaksiya verəcəyindən asılı olacaq. Bunu da yaşayıb görərik. Biz, sadəcə, müqayisə apara bilərik. Təbii ki, biz Hillari Klintonun vaxtilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başı üstündə dayanıb Ermənistanla sərhədin açılması məsələsində ona təkidlə imza atdırmasını yaddan çıxarmamışıq. Yəni onun siyasətində ermənipərəstlik var idi. Bu baxımdan deyə bilərik ki, hələ ki, Trampın Azərbaycana qarşı hər hansı açıq mövqe nümayiş etdirməsi olmayıb. Hillari Klinton dövlət katibi olan zaman onun siyasətinin mahiyyəti və mövqeyi, demək olar ki, məlum idi. Tramp isə böyük iş adamı olub, indi isə dövlət başçısı seçilib. Hadisələrin necə cərəyan edəciyini yaşayıb görərik..." 

F.İbrahimli Donald Trampın prezident seçkilərində qələbə çalmasının mümkün səbəblərinə də aydınlıq gətirib: "ABŞ-ın öz seçki qanunları var və Donald Trampın prezident seçkilərində qələbə çalması Amerika cəmiyyətinin əxlaqından, siyasi düşüncəsindən irəli gələn bir proses idi. Çoxlarında Trampın qələbəsi böyük təəccüb yaradıb. Çünki onun seçkiqabağı kampaniya zamanı qeyri-standart fikirlərdən istifadə etməsi, çoxlarının cürət etmədiyi müəyyən məqamlara toxunması, məsələn, debatda rəqibi Hilları Klintona "mən prezident olsam, sən həbsxanada olacaqsan" kimi ifadələr işlətməsi məsələni mürəkkəbləşdirirdi. Əslində isə ABŞ-da demokratların ardılıcıl 8 illik hakimiyyətindən sonra onların limiti bitmişdi. Yəni klintonlar ailəsi artıq limitlərini xərcləyib. Belə ki, Bill Klinton 8 il ABŞ prezidenti olub. Onlar artıq nə bacarıblarsa, Amerika xalqı üçün ediblər. Ona görə də xanım Klintonun hakimiyyətə gəlməsi Amerikaya çətin ki, nəsə verə bilərdi. Trampın qələbəsinə rəvac verən amillərdən biri məhz bu idi.

Digər tərəfdən, Barak Obama hakimiyyətinin son illərində Yaxın Şərqdə baş verən hadisələr, "dünyanın jandarmı" rolunu oynamaq istədiyinə görə dünya ictimaiyyətində Amerikaya qarşı yaranan etirazlar, qaçqın və köçkün problemləri, dünyadakı iqtisadi böhran, Amerikanın böyük dövlətlərlə üz-üzə qalması, məsələn, Rusiya ilə münasibətlərin korlanması, Türkiyə kimi strateji müttəfiqə qarşı laqeydlik, Avropada iqtisadi duruma kifayət qədər mənfi təsir edən siyasət və s. məsələlərin hamısı Amerika cəmiyyətinin gözündən kənarda qalmırdı. Bütün bu düşüncələr Trampın qələbəsini təmin etdi".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR