Gənc aktrisa BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Ərli qadındır, amma sevgilisi var” – MÜSAHİBƏ/FOTO

Gənc aktrisa BÜTÜN GİZLİNLƏRİ AÇDI: “Ərli qadındır, amma sevgilisi var” – MÜSAHİBƏ/FOTO
15:53 10 Noyabr 2016
1337 Şou
Ölkə mətbuatı
A- A+

Çoxları onu seriallardan tanıyıb sevir. Amma aktrisa kimi özünü böyük filmlərdə sınayıb. “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Bakı mən səni sevirəm” kimi filmlərdə əsas rollarda çıxış edib. Daha sonra “Qaranlıqlar çiçəyi”, “Miras”, “Sənin deyil” və digər seriallarda yaratdığı obrazlarla yadda qalıb. Söhbət ATV-də nümayiş olunan “Məryəm” serialının baş qəhrəmanı Günəş Mehdizadədən gedir.

Publika.az-a müsahibə verən aktrisa heç yerdə danışmadığı komplekslərindən də danışıb.

- Böyük ekran işlərində çəkilib, tanınmış aktyorlarla tərəf müqabili olmusunuz. Amma nədənsə sizi da çox seriallarda görüb tanıyıblar…

- Düzdür, amma mən seriallara qədər filmə çəkilmişəm. “Hökmdarın taleyi” filmində Ağabəyim ağa rolunda, “Sübhün səfiri”ndə, “Bakı mən səni sevirəm” filmlərində əsas rolları canlandırmışam. Fəxrəddin Manafov kimi aktyorla tərəf müqabili olmuşam.

Sevinirəm ki, ilk rolum belə möhtəşəm tarixi film olub. Belə bir obrazdan sonra mənə çətin idi o “planka”dan aşağı düşmək. Dedim elə rola çəkilməliyəm ki, Ağabəyim atanın adına ləkə gəlməsin. Buna görə də başladım seçim etməyə. Hər seriala çəkilməyə razılıq vermirəm, şərtlərim olur. Özüm söz vermişəm; elə rola çəkilməliyəm ki, Ağabəyim atanın adına ləkə gəlməsin. Sevinirəm ki, ilk rolum belə möhtəşəm tarixi filmlə yadda qalıb. İlk serialım da “Qaranlıqlar çiçəyi” oldu.

- Deyirsiniz ki, seçim edirəm, hər seriala çəkilmirəm, bəlkə şərtlərinizi söyləyəsiniz biz də bilək…

- Çəkildiyim serial heç olmasa ssenari baxımından keyfiyyətli olmalıdır.

- Sizin üçün seriala çəkilmək maraqlıdır, yoxsa filmə?

- Əlbəttə mənə görə daha maraqlı və rahat olan filmdir. Film bitmiş məhsuldur, əvvəli, axırı var. Filmin müəyyən zaman daxilində hazırlıq prosesi olur. Aktyor kimi sənin obrazın üzərində işləməyinə vaxtın olur. Amma serialda vaxt məhduddur. Buna görə bəzən oyunun da istədiyin kimi alınmır. Hər dəfə baxırsan, görürsən kimi obraz tam açılmır.

- Baş rolu canlandırdığın “Məryəm” serialı da maraqla baxılır. “Məryəm” ərli qadındır, amma sevdiyi insan da var. Heç oynadığın obraza görə səni qınayanlar olur?

- Hamı Məryəmi qınayır ki, ərli qadındır, amma sevgilisi var. Onun timsalında məni də qınayırlar. O qadın vaxtilə Zauru sevib, öz xoşuyla sevdiyindən ayrılmayıb, şərait elə gətirib. Ərinə xəyanət etmir, sadəcə olaraq həyat onu yenidən keçmiş sevdiyi oğlanla qarşılaşdırıb.

- Məryəmin Zaurla evlənməyini istərdinmi?

- Məncə, elə sonunda birləşəcəklər. Çünki əvvəl onlar bir-birini sevmişdi, amma ayırdılar.

- Maraqlıdır, aktrisa olaraq hansı xüsusiyyətinizə görə özünüzə əhsən deyə bilirsiniz?

- Özümə tənqidi yanaşıram. Bəzən deyirlər bu obraz səndə yaxşı alındı. Oturub fikirləşirəm ki, görəsən düzmü deyirlər, ya səhv. Çünki özümdə o yüksək performansı görmürəm. Mənim üçün sənətin zirvəsi yoxdur.

- Sualım cavabsız qaldı…

- Tamaşaçıdan eşitdiyimə görə təbiiyəm, orqanikəm, oyunumda pafos yoxdur. Belə deyirlər.

- Gözəllik də önəmlidir, deyilmi?

- Gözəllik önəmli şərtdir, amma vacib olan şansdır. Mən özümü şanslı sayıram. İnstitutda bir yerdə oxuduğum qızlar vardı, qabağa getdilər amma sonradan itib-batdılar.

- Sizcə, xarici görünüşünüzdə sizə şarm verən nədir?

- Mənə elə gəlir ki, gözlərim. Müəllimlərim və ətrafdakılar da deyirlər gözlərim mənalıdır. “Qaranlıqlar çiçəyi”ndə türk rejissor mənə deyirdi ki, Günəş danışmasan da olar, enerjini gözlərinlə ötürə bilirsən.

- Bir azdan ailənizdən danışın, gözlərin parıldayır. Demək ki, xoşbəxtsiniz?

- Şükr etməyi sevən insanam. Ola bilər, maddi tərəfdən bir çox qadınlar kimi istədiyim şeyləri ala bilmirəm, istədiyim yerdə dayanmıram, amma şükranam. Mənim üçün birinci özəl həyatdır. Çəkilişdən sonra evinə, özün-özünə qayıdırsan. O yerdə xoşbəxtəm.

- Həyat yoldaşınız nəçidir?

- Səs rejissoru.

- Sizə qadağaları olur yəqin?

- Biz ilk danışığa bir yerdə gedirik. İstəyirəm şərti şumda kəsək ki, xırmanda yablaşmayaq. O bilir kiminlə işləyirəm, hansı seriala çəkilirəm, tərəf müqabilim kim olacaq və s.

- Şərtələri olurmu?

- Belə yox.

- Məsələn öpüş səhnəsinə qadağa qoyur?

- Hələ ki, elə şeylərı müzakirəyə çıxartmamışıq. Məni çağıranda bilirlər nə nədir. Əvvəldən açıq-saçıq səhnələrə çəkilməmişəm, rejissorlar da bilir bunu və hansı rolu təklif edəcəklərini müəyyənləşdirir.

- Ailədə kim daha çox güzəştə gedir?

- Hər iki tərəf getməlidir.

- Niyə, qadın var ki, hikkəsini nümayiş etdirir?

- Ona görə davalar olur. Ağılla rəftar eləmək lazımdır.

- Həm ailə, həm sənəti qoruyub saxlamaq çətindir, buna necə nail olmusunuz?

- Balansı qorumağı sevirəm. Bunu da həyat yoldaşımdan tələb edirəm. Bütün günü çəkilişlərdə itim-batmağı bunu istəmirəm. Çalışıram evdə də olum, uşaqlarıma, ailəmə də vaxt ayırım.

- Uşaqlarınızın əyləncəsini necə təşkil edirsiniz?

- Oğlumun 8, qızımın 2 yaşı var. Bax elə bu gün çəkilişim yoxdur, ev günümdür. Onları parkda gəzdirmişəm. Məndən olsa, evdə oturub dincələrəm. Amma uşaqlarım daha vacibdir.

- Dükan-bazara gedirsiniz?

- Yox, bu işlərlə yoldaşım məşğul olur.

- Kompleksləriniz varmı?

- Nə var odur. Yalandan özümü göstərmirəm ki, ay mən beləyəm, qoy məni belə tanısınlar. Lazım gələndə metrodan da istifadə edirəm. Tutalım, qardır, amma lazım olan yerə getməliyəm.

Nəyisə özümdə kompleksə çevirsəm, insanlardan təcrid olaram. Bu xasiyyətimi bildiyim üçün çalışıram nəyisə kompleksə çevirməyim. Bəzən uşaqlıqdan komplekslərin olur, sonradan bununla mübarizə apara bilmirsən.

- Birini deyəsiniz bəlkə?

- Açığı biz dörd uşaq olmuşuq, bir gün var, bir gün yoxla böyümüşəm. Geyim kompleksiylə böyümüşəm, sonradan çətinliklə bundan xilas oldum. İctimai yerlə ayaqlarımı gizlədirdim, hansı ki, normal ayaqqabıda idim. Uşaqlıqda dörd uşağın geyindiyi ayaqqabını geyinirdim. Bu məndə dərin kompleks yaratmışdı. Hətta ən bahalı ayaqqabı geyinsəm də ayaqlarım gizlədirdim ki, baxmasınlar. Sonradan çalışdım heç nəyi kompleksə çevirməyim.

- Kinli insansınız?

- Yox. Keçən dəfə oğlum həyətdə bir uşaqla dalaşmışdı. Evə gəlib mənə dedi ki, o oğlana nifrət edirəm. Dedim ki, bir də belə söz işlətmə. İnsan nifrət hissi ilə yaşamamalıdır, çünki bu, çox çətindir.

- Bəs sizə pislik edirlərsə?

- Səni sevməyən, sənə pislik edən adamı burax getsin. Onunla sanki yoxmuş kimi davran. Mənim birinci silahım budur; kimisə incitmək istəyirsənsə, onu sayma, ona laqeyd ol. Biganəlik elə insanlara qarşı ən böyük zərbədir.

- Deyirlər evlilik sevgini azaldır, razılaşırsınız bu fikirlə?

- Sevib ailə qurmuşam. Transformer deyilən bir anlayış var. Suyun üç halı olur: maye, buz, buxar. Su üç hala keçir, amma yenə su olaraq qalır. Sevgi də belədir, müəyyən hallara çevrilir. İlk tanışlıq, ilk görüşlə ömrünün axıran qədər yaşa bilməzsən. Əvvəl onu görəndə ürəyin titrəyirdi, indi daha həyəcandan səni tər basmır. Amma sən onu bütün kişilərdən ayırırsan, uşaqlarının atasıdır.

- Canlandırdığınız Məryəm evli ola-ola başqasını sevir. Həyatda belə situasiya ilə qarşılaşsanız, necə addım atardınız?

- Bəzi insanlar var deyir kiminsə başına belə iş gəlsə, öldürərəm, ya üzümü çevirib gedərəm. İnsan situasiyalarda özünü tanıyır. Həmin situasiyada qərar verə bilərəm. Məryəm əvvəl kimisə sevir və sonradan məcburən başqası ilə evlənir.

- Ümumiyyətlə, qadın kimi belə qorxunuz olub heç?

- Həyatım boyu hisslərimin qulu yox, ağası olumuşam. Onlar məni yox, mən onları idarə edirəm. Düzdür, bu çətindir, amma anlamaq lazımdır ki, bu səni səhv yola apara bilər. Əgər bu hiss səni yanlış yola aparacaqsa, onu özündən uzaqlaşdırmalısan.

- Səhvləriniz tez-tez olur?

- Səhvlər insanın immunitetidir. Uşaqlıqdan xəstələnə-xəstələnə immunitet yaradırıq. Səhvlərdən düzgün yararlananda, nəticə çıxarırsan.

Cəvahir

Foto: Elçin Murad























Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/175433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR