“Bakinternet” Bakı sakinlərinə internet verir, yoxsa əziyyət?

“Bakinternet” Bakı sakinlərinə internet verir, yoxsa əziyyət?
21:52 10 Noyabr 2016
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Son günlər Bakıda "Bakinternet" provayderinin xidmətlərindən xeyli narazılıq yaranıb. Gün ərzində saytımızın onlarla oxucusu redaksiyamıza müraciət edərək, paytaxtın əsas internet provayderinin işindən şikayət edirlər.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, ilk narazılıq dalğası noyabrın 7-də, bazar ertəsi günü qeydə alındı. Həmin gün "Bakinternet", heç bir xəbərdarlıq etmədən, noyabr ayı üçün (!) internetə görə ödəniş etməmiş bütün abunəçilərə xidməti dayandırdı. Halbuki, həmin vaxta kimi ödəniş "post-faktum" qəbul edilirdi və oktyabr ayının ödənişi elə oktyabrın sonuna kimi ödənilmək şərtilə qəbul edilmişdi. Nəticədə, minlərlə paytaxt sakini həftəni internet problemi ilə açdı.

Lakin problemlər bununla bitmədi. Ödənişi etdikdən sonra belə internet xidməti bərpa edilmiş abunəçilər çətinliklərlə üzləşməli oldular. Bu gün səhər saatlarından başlayaraq "Bakinternet" öz xidmətlərini, belə demək mümkünsə, böyük fasilələrlə təqdim edir. 15 dəqiqə internet normal işləyirsə, sonrakı 15 dəqiqəni "dincəlmək" olar.

Yeri gəlmişkən, problemlərdən biri də "Bakinternet"in "qaynar xətt"inin (155) operatorsuz xidmət göstərməsidir. Bu nömrəyə zəng edən abunəçilər robotun "dərdi" olan nömrənin daxil edilməsi xahişi ilə üzləşirlər, başqa sözlə, danışmaq üçün kimsəni tapa bilmirsən.

Budur, "Bakinternet" yenidən xətti açdı və yazını redaktora yollaya bilmək üçün onu elə buradaca bitirməliyəm. Çünki az sonra xətt yenidən bağlanacaq.

Bu arada, "Bakinternet"in məsələyə dair şərhini eşitmək istərdik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR