Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qız qaçırmağa gəlmişdilər, əvəzində seyf qaçırdılar...

Qız qaçırmağa gəlmişdilər, əvəzində seyf qaçırdılar...

Date: 10 November 2016 23:12

Odlar Yurdu Universitetinin prorektoru Munir Vəliyevin seyfindən pul oğurluğunun təfərrüatları məlum olub. Olub-bitənləri elə seyfi oğurlamaqda suçlanan Sübhan Əkbərov noyabrın 10-da məhkəmədə danışıb.

O, bacısının əri Vüqar Vəliyev və daha beş nəfərlə birlikdə məhkəmə önünə çıxarılıb.

Milli.Az azadliq.org-a istinadən bildirir ki, ittihama görə, prorektorun otağındakı seyfdən 429 min 172 manat oğurlanıb. Sübhan Əkbərov orada təxminən 120 min manat olduğunu deyir və hallandırılan məbləği yalan adlandırır. Seyfdəki pulun az bir hissəsini başqalarına verdiyini söyləyən Sübhan özündə qalan puldan 1800 manatın tutularkən götürüldüyünü bildirir. Saxlanılandan sonra 55 min 100 dolları və 31 min 550 manatı da qaytarıb.

Məhkəmədə aydınlaşıb ki, Vüqar Vəliyev "Odlar Yurdu"nun hərbi və mülki müdafiə şöbəsinin müdiri olub.

"Semestr imtahanlarıdır, pul yığılır..."

"Bir gün Vüqarla söhbət eləyirdik, dedim ki, kasıblıqdan bezmişəm. Belə yaşamaqdansa, az qalıram, oğurluq eləyim. Məlumdur ki, dekabrın 25-dən yanvarın 30-dək semestr imtahanlarıdır, pul yığılır. Vüqar dedi ki, yanvarın 5-dən 10-dək seyfdə daha çox pul olur. Seyfdə nə pul olsa, onun 20 faizini istədi. Mən də yanvarın 8-də axşam gedib bu hərəkəti elədim", - Sübhan Əkbərov olayın necə baş verməsini bu cür danışıb.

Sübhan məhkəmədə geniş danışmaq istəməsə də, onun istintaqa ifadəsi elan olunub. Orada deyilir ki, oğurluğa Pərviz, Ramin və Həzrətlə gedib, hasarı aşıb ikinci mərtəbəyə qalxıblar. Seyfi götürüb, gəldikləri maşınla Hökməli qəsəbəsinə qayıdıblar. Orada seyfi açıb, pulun bir hissəsini Vüqara ayırıblar.

Sübhan məhkəmədə deyib ki, yaxınları ilə yeznəsi Vüqar Vəliyevin münasibətlərinin pisləşməsini vaxtında bilməyib: "Münasibətlərin pozulduğunu valideynlərim mənə deməyiblər. Desəydilər, nə onun sözü ilə gedib oğurluq eləyərdim, nə də bu gün burada onun yanında olardım".

"Qız qaçırmağa gəlmişdilər"

Təqsirləndirilən şəxslərin heç də hamısına CM-in 177-ci (oğurluq) maddəsilə ittiham verilməyib. Onlardan ikisi - Mirsənan Seyidov və Fərahim Baxşıyev CM-in 194-cü (cinayət yolu ilə əldə edildiyini bilə-bilə, pul və ya digər əmlakı əldəetmə) maddəsilə təqsirləndirilir. O biriləri həbsdə olsalar da, bu iki nəfər haqqında həbssiz qətimkan tədbiri seçilib.

Sabirabad sakinləri olan Mirsənan və Fərahim deyirlər ki, Sübhan onları Bakıya maşınla qız qaçırmağa çağırıb. Bakıya gəlsələr də, qız qaçırmayıblar. Əvəzində Sübhan min manat birinə, 5 min manat da o birinə pul verib.

Məhkəmə davam edir.

Milli.Az


Tags:  Qız qaçırmağa gəlmişdilər əvəzində seyf qaçırdılar

RƏYLƏR


Top news