“Həmin gecə ... Nyu-York küçələrində, metro qatarlarında insanlar kədərli, qəzəbli və məyus idilər” - Bəxtiyar Hacıyev

“Həmin gecə ... Nyu-York küçələrində, metro qatarlarında insanlar kədərli, qəzəbli və məyus idilər” - Bəxtiyar Hacıyev
00:05 11 Noyabr 2016
88 Dünya
Ölkə mətbuatı
A- A+

Hazırda ABŞ-da olan Bəxtiyar Hacıyev ABŞ-dakı seçki gününü və seçki sonrasını anladır: "Bu, ABŞ üçün qara bir səhifə idi"

Son bir neçə gündə dünyada, eləcə də Azərbaycanda əsas müzakirə mövzusu heç şübhəsiz ki, Amerikadakı seçkilərdir. Donald Trampın qələbəsi ölkənin demokratik düşərgəsini yasa boğdu. Seçkiləri Amerikada canlı-canlı izləyən, namizədlərdən biri - Hillari Klintonla dəfələrlə görüşmüş siyasi fəal Bəxtiyar Hacıyevin bu məsələ ilə bağlı fikirləri isə xüsusən maraqlıdır.

Milli.Az virtualaz.org-a istinadən hazırda ABŞ-da olan siyasi fəallın müsahibəsini təqdim edir:

-ABŞ-dasız və seçkiləri canlı-canlı izləmək imkanınız oldu...

-ABŞ-da 2008-ci il seçkilərini də canlı izləmək imkanım olmuşdu. 2008-ci il seçkilərində bir həyəcan, müsbət əhval-ruhiyyə vardı. Bu dəfə seçkilər günü seçki olmasını daha çox insanların sinələrinə vurduqları "Səs verdim" nişanlarından hiss etmək olurdu. Bu dəfə seçki günündə 2008-ci ildəki həyəcan, ümid, enerji hiss olunmurdu. Seçkilər günü Nyu-Yorkda hamı sanki artıq Hillari Klintonun seçilməsini qəbul etmişdi. Hətta seçki günü səhər olduğum Klinton qərargahında bəzi işçilər növbəti prezidentin ofisində çalışırmış kimi loğvalanırdılar. Seçkilərin nəticələrini Klintonun Jacob Javits mərkəzində təxminən 30 min nəfərlə birlikdə izləmək imkanım oldu. Ştatlar üzrə səsvermənin nəticəsi açıqlandıqca, sevinc və ümid hisslərini həyəcan, qorxu və məyusluq əvəz etdi. Donald Tramp ard-arda ştatlarda qalib gəldikcə, Klinton tərəfdarları zalı tərk etməyə başlamışdılar. Seçkinin nəticəsi məlum olduqda, Klintonun tərəfdarları qarşısına çıxmamasını bir çoxları müsbət hal kimi qiymətləndirdilər. Həmin gecə təkcə Klinton tərəfdarları arasında yox, Nyu-York küçələrində, metro qatarlarında insanlar kədərli, qəzəbli və məyus idilər. ABŞ tarixində irqçi, nifrət saçan, qadınlara, immiqrantlara, əlilliyi olan şəxslərə, demək olar ki, bir çox qrupa qarşı ayrıseçkilik ehtiva edən, təhqirlər yağdıran çıxışları ilə tanınmış, heç bir siyasi təcrübəsi olmayan bir insan ABŞ kimi supergücün prezidenti seçilmişdi və bu, ABŞ üçün qara bir səhifə idi. Təbii ki, bunu anlayanlar kifayət qədər məyus idilər.

- Niyə azərbaycanlılar və eyni zamanda dünya üçün Tramp nəticəsi gözlənilməz oldu? Amerikanlar dünyanı niyə şoka saldılar?

-Əslində, Donald Trampın qələbə ehtimalı gözlənilən idi. İlkin seçkilərdə Ted Kruz, Marko Rubio, Jeb Buş kimi siyasətçilərə qələbə çalması, Klintonla sorğularda səs faizi fərqinin az olması, Trampın prezident olmaq ehtimalını saxlayırdı. Sadəcə olaraq, insanlar inanmaq və qəbul etmək istəmirdilər ki, ABŞ seçiciləri irqçi, təcrübəsiz, populist bir şəxsə Ağ Evi, Oval Ofisi həvalə edəcək. Ancaq Trampın qələbəsində bir çox faktorlar rol oynadı. Onlardan biri ABŞ-ın ağdərili, universitet təhsili olmayan, immiqrantlara, müsəlmanlara gizli nifrəti olan elektoratının Trampın çıxışlarından sonra ruhlanması və seçkidə aktiv iştirak etməsi oldu. Tramp onların eşitmək istədikləri fikirləri sadə dildə səsləndirdi və onların dəstəyini qazandı. İkincisi, Klintonun 30 illik ictimai-siyasi fəaliyyəti dövründə qazandığı düşmənlər və qruplar Klintona qarşı açıq fəaliyyət göstərdilər. Üçüncüsü, hətta siyasi istiblişment daxilində də seçkinin son günlərində Klintonun qələbəsinə böyük zərbə vuran addımlar atıldı. Məsələn, Federal Təhqiqatlar Bürosunun rəhbəri seçkiyə 10 gündən az qalmış müddətdə Klintonun dövlət katibi olduğu dövrdəki elektron məktubları barədə araşdırma getdiyini açıqladı. Halbuki, bu, qeyri-siyasi qurum olan FBI-ın seçkiyə birbaşa müdaxiləsi idi və FBI rəhbərliyi son bir neçə gündə Klintonun emaillərində yeni bir şey olmadığını açıqlasa da, Klintonun qələbəsinə ölümcül zərbə vurmuşdu.

-  Amerikanı bundan sonra nə gözləyir? Tramp nə vəd edir, sizcə?

-Tramp seçki kampaniyasında nələri vəd etmişdi? Qeyri-leqal immiqrantların ABŞ-dan deportasiyası, Meksika ilə ABŞ arasında böyük divarın çəkilməsi və bunun xərclərinin Meksikaya ödətdirilməsi, müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi, ABŞ-ın NATO-dakı roluna yenidən baxılması, Obamanın gətirdiyi bir çox islahatların geri çevrilməsi, rəqibi Klintona qarşı cinayət araşdırmasının başlanması və s. Trampın seçki kampaniyası zamanı vəd etdiklərini reallaşdırması çətin və imkansız görünür. Hazırda ABŞ senatı və nümayəndələr palatasında respublikaçıların üstünlüyü olsa da, Tramp söz verdiklərinin çoxunu reallaşdıra bilməyəcək. Nəzərə almaq lazımdır ki, 2008-ci ildə kifayət qədər yüksək reytinqlə ABŞ prezidenti seçilmiş və müsbət reputasiya, tarixi bir seçkinin qalibi olmuş Obama belə 8 illik prezidentliyi dövründə seçki kampaniyasında söz verdiklərinin bir çoxunu reallaşdıra bilmədi və reytinqi aşağı düşmüş halda Ağ Evi tərk edəcək. Tramp isə hələ Ağ Evə qədəm qoymamışdan ABŞ-ın bir çox böyük şəhərlərində etirazlarla qarşılanır, reytinqi kifayət qədər aşağıdır və dünyanın bir çox ölkələrinin rəhbərləri onunla əməkdaşlığın edilməsi üçün ilk növbədə Trampın insan hüquq və azadlıqlarına hörmət etməsini şərt kimi qoyurlar. Belə halda Tramp rəhbərliyində ABŞ-da nələrin olacağını proqnozlaşdırmaq kifayət qədər çətindir. ABŞ yeni, qeyri-müəyyən bir mərhələyə qədəm qoyur. Bu mərhələdən çoxları müsbət bir dəyişiklik gözləmir. Sadəcə, ümid etmək lazımdır ki, bu qeyri-müəyyənliyin vuracağı ziyanlar minimum olsun.

- Hillari Klintonun siyasi karyerası bundan sonra necə olacaq fikrinizcə? Siyasətdən getməsi, ya bundan öncəki seçkilərdən sonra yaşadıqlarını yaşaması ehtimal olunur? Tramp onu öz komandasına dəvət edə bilərmi?

- Nə Trampın Klintonu öz komandasına dəvət edəcəyinə, nə də Klintonun belə dəvət olarsa, qəbul edəcəyinə inanıram. Klintonun daha çox həyat yoldaşı ilə birlikdə Klinton Fondu, ailə üzvləri, nəvələri ilə daha çox vaxt keçirəcəyini düşünürəm. Ömrünün 30 ilini ictimai-siyasi həyata sərf etmiş, bir çox məsələdə mübarizə aparmış və müsbət nəticələr əldə etmiş təcrübəli bir siyasətçinin təcrübəsiz, bütün fərqli və azlıqda olan etnik və dini qrupları, qadınları ən sərt şəkildə təhqir etmiş, heç bir siyasi təcrübəsi olmayan birinə məğlub olması, ABŞ seçicilərinin birinciyə yox, ikinciyə üstünlük verməsi, çox güman ki, onu xeyli məyus edib. Klinton artıq ABŞ-da bir qadının qalxa biləcəyi bütün pillələrə qalxıb, qazana biləcəyi bir çox uğurları qazanıb. Təəssüf ki, ABŞ seçicilərinin bir hissəsinin məsuliyyətsizliyinə görə, ABŞ öz tarixində yeni bir səhifə açaraq, qadın prezident seçmək şansını itirdi və bu seçimi dünyanı məyus edən bir seçimlə əvəzlədi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR