Trampın "qara qutu"su: Açar kimlərin əlindədir?

Trampın "qara qutu"su: Açar kimlərin əlindədir?
07:17 11 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

İnanmıram ki, Azərbaycan bölgədə Trampın prioritetləri sırasında olsun. Ona görə ki, onun bu bölgədəki problemlərlə bağlı nə məlumatı, nə də hansısa təcrübəsi var.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov ABŞ-ın yeni prezidenti Donald Trampın Azərbaycan və bölgə ilə bağlı siyasəti ilə əlaqədar ehtimallarını bildirərkən deyib.

Millət vəkilinin fikrincə, bu vəziyyətin iki tərəfi var: "Hillari Klinton iki dəfə Azərbaycanda olub, bölgəni tam tanıyır, böyük ümidlər olmasa da, hər halda bilirdik ki, Qarabağ münaqişəsi ilə bağlı məlumatı da var. Trampın isə məlumatı yoxdur. Düşünürəm ki, buna heç zaman heç diqqət də yetirməyib.

Bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, onun hansısa ermənipərəst mövqeyi yoxdur. Mənfi tərəfi isə odur ki, bu məsələlər, ümumiyyətlə, onun maraq dairəsində deyil.

Düzdür, Azərbaycanın ənənəvi olaraq respublikaçılarla münasibəti həmişə daha yaxşı və praqmatik olub. Onlar uzun-uzadı mühazirə oxumağı yox, konkret məsələlər ətrafında müzakirə aparmağı və həll etməyi xoşlayıblar. İndi Trampa nə qədərə ənənəvi respublikaçı kadrlar tələb olunacaq və onlar siyasəti formalaşdıracaq, bunu onun etdiyi təyinatlar göstərəcək. Məsələ ondadır ki, Trampın elə Respublikaçılar Partiyasının rəhbərliyindəkilərin çoxu ilə münasibətləri gərgin olub. Onlar Trampı tənqid, Tramp isə onları təhqir edib. Ona görə də komandanın tərkibinə kimlərin daxil olacağını və hansı siyasət yürüdüləcəyini demək indidən çətindir".

Bununla belə politoloq hesab edir ki, bu siyasətin formalaşmasında onun komandasının rolu böyük olacaq: "Onun Dövlət Departamentinə, Pentaqona, Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ), Energetika Nazirliyinə kimi rəhbər təyin edəcəyi çox vacibdir. Onların adlarına açıqlıq gələndən sonra bəlkə Tramp administrasiyasının Azərbaycan və bölgə ilə bağlı siyasəti ilə bağlı fikir yürütmək olar.

Tramp həmişə biznes sahəsində fəaliyyət göstərib. Onun iradəsi bu cür olub: "Mən dedim, qurtardı!" Onun bu prinsipinin nə dərəcədə işləyəcəyi, səmərəli olacağı, onun özünü biznesdəki kimi aparıb-aparmayacağı hələlik açıq məsələ olaraq qalır. Əslində, Tramp adminstrasiyasının bölgə ilə bağlı siyasəti Amerikanın Rusiya, İran və Türkiyəyə münasibətindən asılı olacaq. Tramp Rusiya ilə münasibətləri yaxınlaşdırmağa, İranla isə əksinə, sərtləşdirməyə meylli idi, Türkiyə ilə bağlı isə heç nə deməmişdi. Ona görə də hələ ki, heç nə məlum deyil".

R.Musabəyov qeyd edib ki, bir sıra, özü də təhlükəli məqamlar var ki, onlara da hələ tam aydınlıq gəlməyib: "Tramp seçkiqabağı kampaniya vaxtı çox təhlükəli şeylərdən danışıb. Amerikanın II Dünya müharibəsindən sonrakı siyasəti 2 əsas prinsial məsələ ilə bağlı olub. Birincisi, azad iqtisadiyyat və ticarət. İkincisi isə ABŞ-ın öz hərbi və iqtisadi təhlükəsiliyini təmin etmək məqsədilə qoşulduğu təşkilat və müqavilələrdir. Bura BMT, NATO, BVF-yə üzvlük, Koreya və Yaponiya ilə müqavələlər və s. daxildir. İndi isə Tramp deyir ki, onların hamısını zibilliyə atmaq lazımdır. Yalnız Amerika var, vəssəlam! Lazımdırsa, hətta proteksionist siyasəti da aparılmalıdır. Ona görə Avropa, Yaponiya, Koreya Amerikanın onları müdafiə etməsi xərclərini özləri çəkməlidir. Bu, özlüyündə mövcud olan liberal düzəni silkələyir. Tramp buna nə dərəcədə əməl edəcək və bu siyasət hara gətirib çıxaracaq? Bu suallar, hələ ki, açıq olaraq qalır".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR