"Azərbaycanın Dünya çempionatının finalına çıxmaq şansı var"

"Azərbaycanın Dünya çempionatının finalına çıxmaq şansı var"
10:47 11 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyevin Şimali İrlandıyanın paytaxtı Belfast şəhərindən Milli.Az-a müsahibəsi:

- Azərbaycanın futbol üzrə milli komandası bu gün Belfastda Şimali İrlandiya yığması ilə görüşür. Hazırda komandada ab-hava necədir?
 

- Komanda oyuna hazırlaşır. Biz də çalışırıq ki, millimizə hərtərəfli dəstək olaq, kömək edək. Amma heç kim kənardan birbaşa müdaxilə eləmir. Çünki baş məşqçi Robert Prosineçki öz işini gözəl bilir, komandanı oyuna hazırlaşdırır, işləyir. Komandada ümumi ab-hava yaxşıdır, əhval-ruhiyyə çox yüksəkdir. Cəlb edilən futbolçuların da hamısı görüşdə iştirak etmək istəyir. Təbii ki, kimin oynayacağına Prosineçki qərar verəcək. Bu o deməkdir ki, hamısı özünü meydanda göstərmək istəyir. Futboçuların çoxu da deyir ki, bu gün milli komandada çıxış etmək onlar üçün fəxrdir. Çünki Azərbaycanımızı, millətimizi təmsil edirlər.

- Bu oyundan hansı nəticəni gözləyirsiz?
 

- Sizə deyim ki, bu oyunda da qələbə qazanmaq üçün şanslarımız pis deyil. Hazırda qrupda ikinci yerdəyik. Amma Şimali İrlandiya ilə oyun çətin olacaq. Çünki onların xalı bizdən azdır. Ona görə də irlandlar çalışacaqlar ki, hər şeyi etsinlər ki, bizə qalib gəlsinlər və ikinci yerə çıxsınlar. Amma bu, oyundur, burada biri udur, biri uduzur, heç-heçə olur. Biz razıyıq ki, heç olmasa heç-heçə edib xal götürək.
 

- İrlandların komandamıza münasibəti necədir? Onlar bizi güclü, yoxsa zəif kimi qəbul edirlər? Buna qədərki uğurlarımızı təsadüf hesab etmirlər ki?
 

- Onlar hesab edirlər ki, Şimali İrlandıiyanın milli komandası güclüdür. Çünki yığmanın oyunçularının, demək olar ki, hamısı İngiltərə Premyer Liqasında oynayır. Yəni onlar hesab etmirlər ki, bizim komandadan zəifdirlər. Bu idmandır, futboldur. Onlar nə fikirləşirlər - özləri bilərlər. Bizim futbolçular meydana çıxıb öz oyunlarını göstərməli, uğurların davamı olaraq növbəti xallarını qazanmalıdırlar.

- İndiki vəziyyətə və nəticələrə əsasən Azərbaycan yığmasının Dünya çempionatının final mərhələsinə çıxmaq şansını necə qiymətləndirirsiz?

- Şans var. Əgər bu oyunda heç-heç edib bir xal da götürsək, şansımız qalacaq. Çünki gələn il oyunlarımızın çoxu evdə olacaq. Almaniya və Norveçdən başqa, digər komandalarla oyunlar Bakıda olacaq. Əsas məsələ odur ki, komandamızda əhval-ruhiyyə çox yaxşıdır. Futbolçular döyüşə getmək, oynamaq, mübarizə aparmaq, qələbə qazanmaq, nəticə əldə etmək istəyirlər. Bunun özü böyük şeydir.
 

- Yəni nəhayət, 2018-ci ildə Azərbaycan komandasını da dünya nəhəngləri arasında görmək mümkün olacaq?

- Təbii ki, belə bir ehtimal var, buna şans da var. Əvvəla, bununla bir tarix yazılar. İkincisi, indi təsəvvür edin, Dünya çempionatında komandalardan biri də Azərbaycandır. Bu bizim ölkəmiz, millətimiz üçün böyük bir uğur, düşmənlərimiz üçün isə göz dağı olardı. Hazırda Azərbaycan yığması Dünya çempionatının seçmə mərhələsindəki ilk 3 oyundan sonra 2 qələbə, 1 heç-heçə ilə 7 xal toplayaraq qrupda Almaniyadan sonra ikinci yeri tutur. Azərbaycanın Dünya çempionatının final mərhələsinə çıxması üçün komandamız qrupdakı 10 oyundan daha çox xal toplayaraq ən azı 2-ci yerdəki mövqeyini qorumalıdır. Amma gözləyək. Bu, idmandır. İdmanda proqnoz vermək o qədər də doğru deyil. Baxın, Amerikada hamı deyirdi ki, Hillari Klinton prezident olacaq. Amma görün nəticədə nə oldu? Donald Tramp prezident seçildi. Ona görə də tələsmək lazım deyil. Hər şeyi zaman göstərər.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR