Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz
aksiyaları davam edir.
Publika.az xəbər verir ki, ölkənin müxtəlif yerlərində
keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar Nyu-York
başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya, Los-Anceles, San
Fransisko və Oakland kimi böyük şəhərlərdə keçirilir.
Küçələrə çıxan minlərlə insan “Mənim prezidentim deyil”
plakatlarını daşıyırlar.
Polis əməkdaşları Nyu-Yorkdakı “Trump Tower” və Trampın Ağ Evin
yanında açdığı otelin ətrafında təhlükəsizlik tədbirlərini
gücləndirib.
“Demokratların qalası” sayılan Kaliforniyada da minlərlə tələbə
Trampa qarşı aksiyaya başlayıb.
Los-Anceles və Minneapolis şəhərlərində etirazçılar yolları
bağlayıblar. Baltimordakı aksiyada isə polis iki nəfəri
saxlayıb.
Donald Tramp etiraz aksiyalarına “Twitter” hesabından münasibət
bildirib: “Açıq və uğurlu seçki keçirildi. İndi media tərəfindən
təhrik edilən professional etirazçılar aksiya keçirirlər. Bu, heç
də ədalətli deyil”.
Etirazçılar isə tezliklə dağılışmalayacaqlarını, sona qədər
mübarizə aparacaqlarını bəyan ediblər.
Sosial şəbəkələrdə də Trampa qarşı etirazlar davam edir.
Xüsusilə, “Mənim prezidentim deyil” (#NotMyPresident) həştəqi
üzərindən kampaniya aparılır.
Qeyd edək ki, indiyə qədər dünyanın bir çox ölkəsində ABŞ-ın
dəstəyi ilə “rəngli inqilablar” baş verib. Bu inqilablar məhz
kütlələrin küçələrə axın etməsindən sonra həyata keçib. İndi
Amerikanın özündə belə aksiyaların baş verməsi və xaos vəziyyətinin
yaranması diqqət çəkir.
Asif