Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı Nəqliyyat Agentliyi qanunsuz yol nişanlarına qarşı mübarizəyə başladı

Bakı Nəqliyyat Agentliyi qanunsuz yol nişanlarına qarşı mübarizəyə başladı

Date: 11 November 2016 11:04

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında nəqliyyat axınının tənzimlənməsi və yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərini davam etdirir. Lent.az agentliyə istinadən xəbər verir ki, bu istiqamətdə görülən işlər çərçivəsində küçə və prospektlərdə müasir və qabaqcıl təcrübəyə əsaslanan yol nişanları, texniki nizamlanma vasitələri quraşdırılmaqdadır. Lakin hələ də Bakı şəhərinin inzibati ərazisinə aid yollarda Bakı Nəqliyyat Agentliyinin müvafiq icazəsi olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması hallarına rast gəlinir. Ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması və digər məqsədlərlə müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir. Mövcud problemlərin və bu sahədə nöqsanların aşkar edilib aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanları quraşdırılmasına qarşı reydlərə başlayıb.

 

Qeyd edək ki, bu kimi problemlərin aradan qaldırılması məqsədi ilə Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılıb, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilib.

 

İnzibati Xətalar Məcəlləsinin 350-ci bəndinə əsasən müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, həmin məcəllənin 354-cü bəndinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqları təqdirdə “ALO 141” Qaynar xəttinə müraciət etsinlər.

 


Tags:  Bakı Nəqliyyat Agentliyi qanunsuz yol nişanlarına qarşı mübarizəyə başladı


RƏYLƏR


Top news