Azərbaycan Avropanın elm və təhsil üçün kompüter şəbəkəsinə qoşulub

Azərbaycan Avropanın elm və təhsil üçün kompüter şəbəkəsinə qoşulub
11:22 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın elmi-tədqiqat və təhsil şəbəkəsi "AzScienceNet" Avropanın elm və təhsil üçün kompüter şəbəkəsinə - GEANT-a (Gigabit European Advanced Network Technology) qoşulub.
"Report" "RealWire" portalına istinadən xəbər verir ki, bu qoşulma sayəsində azərbaycanlı alim və tələbələr dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq qurmaq imkanı əldə edib.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən elm və təhsil kompüter şəbəkəsi layihəsi (EaPConnect) "Şərq tərəfdaşlığı" regionunda dünya səviyyəli tədqiqat və təhsil şəbəkəsi (R&E) yaratmaq, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı vahid Avropa şəbəkəsi GEANT-da birləşdirmək məqsədi daşıyır. Bu layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxışında bildirib ki, Avropa şəbəkəsinə qoşulma Azərbaycan üçün yeni imkanlar açacaq və Azərbaycan cəmiyyətini Avropaya daha yaxın edəcək.
"Birlikdə qarşıda duran problemlərə daha çox çarə tapa biləcəyik. "EaPConnect" layihəsinin bütün regiona müsbət dəyişiklik gətirəcəyinə inanıram", - deyə o bildirib.
Öz növbəsində, GEANT baş direktoru Stuv Kotter "Şərq tərəfdaşlığı" regionunun sürətlə inkişaf etdiyini və GEANT-ın regionla Avropa məkanını birləşdirən ilk şəbəkə olmasından fəxr elədiyini bildirib.
Məlumata görə, layihə çərçivəsində Bakı və Macarıstan paytaxtı Budapeşt arasında rabitə bir gigabit/san ötürmə gücünə malikdir və bu, 30 Azərbaycan institutuna qlobal tədqiqatlarda iştirak etməyə imkan verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/azerbaycan-avropanin-elm-ve-tehsil-ucun-komputer-sebekesine-qosulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR