Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəhənnəm qədər divanə seçki: niyə alınmadı? - FOTO

Cəhənnəm qədər divanə seçki: niyə alınmadı? - FOTO

Date: 11 November 2016 12:47

Heç şübhəsiz... Amerika tarixində ən fövqəladə sayıla biləcək bu seçki siyasi isteblişmentə qarşı qiyam da adlandırıla bilər.

Bu mənada siyasi isteblişmenti Hillari Klinton qədər təmsil edən çox az adam var. Bu seçki kampaniyasında o, milyonlarla qəzəbli seçici üçün sınıq Amerika siyasətinin simasına çevrilmişdi.

Donald Tramp isə kifayət qədər ştatda kifayət qədər seçicini inandıra bilib ki, bu sınığı o düzəldə bilər. Milyarder özünü tam işin içində olan birisinə qarşı çıxan tam yad birisi kimi təqdim edə bilmişdi. Klinton bu vəziyyətdə status-kvo idi.

Hillari Klinton daim iddia edirdi ki, o, işə ən uyğun namizəddir. O daim öz xasiyyətnaməsini, karyerasını, keçdiyi yolu - birinci ledi, ABŞ senatoru və dövlət katibi kimi təcrübələrini qabardırdı.

Lakin bu cəhənnəm qədər divanə seçkidə o qədər hiddət və narazılıq vardı ki, həmin o təcrübəyə Donald Trampın tərəfdarları mənfi bir şey kimi baxırdılar.

BBC-nin tanınmış siyasi şərhçisi Nik Brayant yazıb: "Mənim bu kampaniya ərzində danışdığım çox sayda insan Ağ evdə karyeralı siyasətçi yox, biznesmen görmək istəyirdi. Onların Vaşinqtona nifrətləri bu qədər aşkardı. Klintona nifrət çox idi. Bu qəzəb onların damarlarına işləmişdi. Mən Tennessi ştatında nəzakətli bir orta yaşlı xanımla söhbətimi yaxşı xatırlayıram. Söz Hillari Klintondan düşən kimi onun nəzakətindən əsər-əlamət də qalmamışdı".

Barak Obama Hillari Klintonun təcrübəsini tərifləyirdi, lakin bir çox seçiciləri rəncidə edən də elə bu idi.

Hillari Klintonun əvvəllər də etimad problemi olub və buna görə də e-mail qalmaqalı bu qədər böyüyə bilmişdi. Onu "şərq sahilinin fəhlə sinfinə rişxəndlə baxan rahibəsi" kimi görürdülər.

Klintonların Ağ evi tərk edəndən bəri topladıqları sərvət də ona kömək edə bilmədi. Keçmiş birinci cütə "limuzin liberalları yox, Learjet liberalları" kimi baxırdılar. Maraqlıdır ki, Klintonların sərvətindən xoşlanmayan fəhlə sinfi milyarder mülkiyyət maqnatına səs verdi.

Kişilərdən milyonlarla çox qadının səs verdiyi bir ölkədə cinsiyyəti ona böyük üstünlük verməli idi. Lakin onun hələ Berni Sandersə qarşı praymerizlərində xüsusilə də gənc qadınların ürəklərinə yol tapa bilmədiyi bəlli olmuşdu.

Donald Tramp bütün amerikalıların prezidenti olacağını deyir.

Çox sayda qadın ona ürək qızdıra bilmirdi. Bəziləri onun birinci ledi olduğu vaxtlarda evdə xörək bişirmək istəməməsi barədə dediklərini mənfi bir hal kimi xatırlayırdılar. Donald Tramp onun ərinin sədaqətsizliyinə özünün səbəb olmasından və Bill Klintonun sataşdığı qadınlara hücum etməsindən danışanda bir çoxları razılıq əlaməti olaraq başlarını yırğalayırdılar.

Heç şübhəsiz, burada, qədim, hələ də ölüb getməyən seksizm də rol oynamışdı. Bir çox kişi seçicilər üçün qadın prezident qeyri-məqbul idi.

Amerikalıların ən çox dəyişiklik gözlədikləri bir vaxtda Klinton onlara artıq mövcud olanı təklif edirdi. Hər hansı partiya üçün üç dalbadal seçkini udmaq çətindir. Demokratlar bunu 1940-ci ildən bəri bacarmayıblar.

Hillari Klinton anadangəlmə kampaniyaçı deyildi. Onun çıxışları çox vaxt süst və robotsayağı olurdu. Onun şüarları bəzi qulaqlarda qeyri-səmimi və qondarma səslənirdi. Üstəlik e-mail qalmaqalının təkrar ortalığa gəlməsi aranı qarışdırmışdı. Bu isə o demək idi ki, o, kampaniyanı müdafiə mövqeyində bitirməli idi.

O özünün Amerikaya baxışını daim incəliklə izah etməyə çalışırdı. Amma "Stronger Together" ("Birlikdə güclüyük") şüarı heç vaxt "Make America Great Again!" ("Amerikanı yenidən qüdrətli edək") şüarı qədər qulaqlara yatmırdı. Əlbəttə, Klinton kampaniyası onlarca mümkün şüarı götür-qoy etmişdi, amma elə bunun özü də namizədin mesaj vermək çətinliyini göstərirdi.

Onun kampaniyası taktiki səhvlərə də yol vermişdi. O öz vaxtını və resurslarını Şimali Karolina və Ohayo kimi udulmasına ehtiyac olmayan ştatlara həsr etmişdi, halbuki bütün vaxtını son altı seçkidə demokratlara səs vermiş məşhur "mavi ştatlar divarına" sərf etməliydi.

Donald Tramp isə ağdərili fəhlə sinfinin dəstəyi ilə 1984-cü ildən bəri respublikaçılara qismət olmayan Pensilvaniya və Viskonsində qələbə çalmaqla həmin o mavi divarı uçura bilmişdi.

Bu təkcə Hillari Klintondan imtina deyildi, həm də ölkənin yarısı tərəfindən Barak Obama Amerikasından imtina idi. Amma bu artıq başqa bir günün mövzusudur.

Orxan Hun
Milli.Az


















Tags:  Cəhənnəm divanə seçki niyə alınmadı FOTO

RƏYLƏR


Top news