Rus mafiya liderinin adamları Rusiyadan qaçdı

Rus mafiya liderinin adamları Rusiyadan qaçdı
13:12 11 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Rus mafiyasının lideri Zaxariya Kalaşovun (Şakro Molodoy) yaxın ətrafı Rusiyanı tərk edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı "Rosbalt" agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik qanuni oğrunun tərəfdarlarının ölkədən Kalaşovun yaxın zamanlarda azadlığa çıxmayacağını müəyyən etdikdən sonra qaçdıqlarını bildirib:

"Kalaşovun tərəfdarları öz liderlərinin azadlığa çıxması üçün böyük iş aparıblar. Lakin sonradan situasiyanın dəyişməyəcəyi müəyyən edilib. Artıq Kalaşovun yaxın ətrafı olan David Ozmanov (Dato Krasnodarski), Nodari Asoyan (Nodar Rustavski), Şalva Ozmanov (Kuso) Rusiyadan qaçıblar. Onların hamısı Kalaşovun qohumları sayılırdılar. Rusiyadan həmçinin daha bir neçə qanqster qrup və Kalaşova maliyyə xidmətləri göstərən şəxslər gediblər. Bunun da nəticəsində kriminal aləmdə rus mafiyasının yeni liderliyinə namizədlər müzakirə edilməyə başlanıb. Hələlik bütün qruplar bir nəfərin - Vladimir Türinin (Türik) namizədliyi ətrafında birləşib".

Qeyd edək ki, bir müddət öncə Kalaşovun ən yaxın adamlarından biri hesab edilən Konstantin Manukyan da Rusiyadan qaçıb. O, Kalaşovun şəxsi maliyyəçisi hesab edilirdi. Manukyan hazırda Ermənistanda gizlənir. Moskva onu beynəlxalq axtarışa verib.

Zaxariya Kalaşov Tiflisdə anadan olub. O, əslən yezidi kürddür. Kalaşov 2005-ci ildə İspaniya polisinin rus mafiyasına qarşı keçirdiyi xüsusi əməliyyatdan canını qurtara bilib. Lakin sonradan, 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək, İspaniyaya ekstradisiya edilib. Həbsdən azad edildikdən sonra yenidən Rusiyaya qayıdıb. O, 2013-cü ildə Aslan Usoyanın (Ded Xasan) öldürülməsindən sonra rus mafiyasının əsas lideri hesab edilir. İddialara görə, Kalaşov hətta Ded Xasanın əsas əleyhdarlarından biri olan Rövşən Lənkəranski haqqında da ölüm hökmü çıxarıb.

Kalaşov Rusiya kəşfiyyatı ilə də çalışıb. İspaniya prokuroru Xose Qrindanın iddiasına görə, məhz Rusiya hərbi kəşfiyyatının istəyi ilə Kalaşov Türkiyədəki vəziyyətin destabilizasiyası üçün bu ölkədəki kürdlərə illeqal silah verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR