"Green Card" almaq istəyənlərin nəzərinə: ŞƏRTLƏR SƏRTLƏŞİR - FOTO

"Green Card" almaq istəyənlərin nəzərinə: ŞƏRTLƏR SƏRTLƏŞİR - FOTO
13:57 11 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

"ABŞ-ın cənub sərhədlərində, yəni Meksika ilə sərhəddə hündür hasar inşa etdirmək niyyətm var. Qanunsuz miqrantların Birləşmiş Ştatlara sızmasının qarşısını alacaq bu hasara 10-12 milyard dollar sərf olunacaq".

ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp bunu seçkiqabağı kampaniyasında demişdi.

Milyarder Tramp habelə qanunsuz miqriantların Meksikaya pul yollamalarının qarşısını almaq, meksikalıların ABŞ-da iş izni almaq üçün ödlədikləri məbləği artırmaq niyyətindədir.

O, habelə hazırda ABŞ-da yaşayan və rəsmi qeydiyyatda olmayan 11 milyon insanı deportasiya etmək, qanunsuz miqrantların ailəsində doğulan uşaqlara ABŞ vətəndaşlığının verilməsinə son qoymaq fikrindədir.

Donald Tramp suriyalı qaçqınların ABŞ-a girişini yasaqlamaq istəyir.

Və ən nəhayət, Donald Tramp seçkiqabağı kampaniyasında demişdi ki, ABŞ-a mühacirət etmək istəyənlər üçün bütün dünyada ən əlverişli şans sayılan "Green Card" lotereyasını məhdudlaşdıracaq, sonra da ümumiyyətlə dayandıracaq.

"ABŞ-dakı şirkət rəhbərləri işə ilk növbədə ölkə vətəndaşlarını qəbul etməlidirlər", - Tramp demişdi.

... Dünya ölkələrinin liderləri Birləşmiş Ştatların xarici siyasətində bir sıra önəmli məsələlərdə, xüsusilə də geosiyasi problemlər, ticari münasibətlər və NATO ilə əlaqələrdə D.Trampdan aydın, aşkar açıqlamalar, mövqe gözləyirlər.

Trampın gələn ilin yanvarın 20-də Ağ evdə inauqurasiya mərasimindən sonra necə siyasət yürüdəcəyi, hansı addımlar atacağı dəqiq bəlli deyil.

Lakin ABŞ-a mühacirət etmək arzusunda olanlar indidən işlərin və şərtlərin çətinləşməsinə hazırlaşmalıdırlar.

Çünki "Green Card"ın alınması proseduru hədsiz dərəcədə mürəkkəbləşəcək.

ABŞ-ın yeni, 45-ci prezidentinin mühacirət və immiqrasiya məsələləri ilə bağlı çox sərt mövqe tutması ölkədəki qanunsuz miqrantların durumunu sərtləşdirməklə yanaşı, leqal mühacirətin şərtlərini dəyişəcək, tələblərinə təsir edəcək.

Tramp bəyan edir ki, Birləşmiş Ştatlara leqal mühacirətin səviyyəsini yerli əhalidəki payı müəyyənləşdirən tarixi normalar çərçivəsində saxlamaq niyyətinədir.

1970-ci ildən başlayaraq Birləşmiş Ştatlarda mühacirlərin sayı yerli əhalidəki pay bölgüsü faizi baxımından üç dəfə artaraq 13,3 faizə çatıb. Ekspertlərin hesablamalarına görə, mühacirətin templəri indiki səviyyədə qalarsa, 2065-ci ildə ABŞ əhalisinin 18 faizi mühacirlərlə miqrantlardan ibarət olacaq.

Məşhur "Pew Research Center"in son hesabatlarında da bu deyilir.

Donald Tramp leqal mühacirlərə ABŞ-a yol açan "Green Card"ın verilməsi prosedurunu da çətinləşdirmək fikrindədir.

"Green Card" mühacirə ABŞ-da "Permanent Resident", yəni daimi sakin statusu verir.

1850-ci ildə Birləşmiş Ştatlarda əhalinin hansı hissəsinin mühacirlərdən ibarət olmasını araşdırmaq üçün dövlət səviyyəsində ilk sorğular və tədqiqatlar aparılanda bəlli olmuşdu ki, ölkə əhalisinin 10 faizi miqrantlardan ibarətdir. Bu göstərici uzun müddəti ləngər vurmuş, Avropadan mühacirət dalğasının güclənməsi nəticəsində 1890-cı ildə təqribən 15 faizə çatmışdı.

Birləşmiş Ştatların hakimiyyət dairələri miqrant dalğasını idarə etmək, kontrolda saxlamaq üçün 1921-ci ildə "Emergency Quota Act" qanununu qəbul etdilər və bu qanun sayəsində miqrant səviyyəsi 3 faizə salındı.

1924-cü ildə Konqresin qəbul etdiyi "National Origins Act" və ya "The Johnson-Reed Act" kimi tanınan qanunsa miqrantların sayını bir qədər də azaltmağa, onların sayını 2 faizədək endirməyə "imkan" verdi. Ən başlıcası isə sözügedən qanun Asiyadan ABŞ-a can atan mühacirlərin qarşısında sipər oldu.

1930-1970-ci illərdə ABŞ-da miqrantların sayı daha da azaldı, 1970-ci ildə 5 faizlik tarixi minimuma endi.

Ona görə Donald Tramp  "ölkə əhalisində miqrant payının tarixi minimumu" dedikdə 1921-1965-ci illərdəki göstəriciləri  nəzərdə tutursa, onda Birləşmiş Ştatlara leqal mühacir axınının qarşısını almaq üçün sərt tədbirlərə əl atılacaq.

Yox, əgər 1966-1976-cı illərdəki səviyyə ehtiva olunarsa, onda "Green Card" alanların sayında ən azı 41 faizlik azalma qaçılmazdır.

Hər nə də olsa, Donald Trampın prezidentliyi dövründə, yəni bundan sonrakı 4 ildə ABŞ-a mühacirət etmək istəyənlərin "Green Card" almaları xeyli çətinləşəcək.

... Donald Trampın ən radikal ideyalarından biri "Green Card"ların verilməsini ümumiyyətlə müəyyən müddətdə dondurmaqdır.

Belə olarsa, artıq ABŞ-da yaşayan mühacirlər arasında gəldikləri ölkədə qalmış ailə üzvlərini Birləşmiş Ştatlara gətirmək və ailəni birləşdirmək istəyənlərin vəziyyətini düşünmək belə, təşvişlidir.

Orxan Hun
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488474.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR