Bədavi Hüseynov: "İkinci pillədə qalmaq istəyiriksə..."

Bədavi Hüseynov: "İkinci pillədə qalmaq istəyiriksə..."
14:52 11 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının müdafiəçisi Bədavi Hüseynovun apasport.az saytına müsahibəsini təqdim edir:

- Dünya çempionatının seçmə mərhələsindəki uğurlu çıxışı Şimali İrlandiya ilə bu gün baş tutacaq oyunda da davam etdirə biləcəksizmi?
- Seçmə mərhələdə imza atdığımız nəticələrdən sonra bizə inam artıb. Bu mənada, üzərimizdə əlavə təzyiqin olması normaldır. Azarkeşlər dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq gücündə olduğumuzu düşünməyə başlayıblar. Bunu öz oyunumuzla sübut etməliyik. Rəqibimiz də çox güclüdür. Düzdür, seçmə mərhələyə uğurlu start vermişik. Həmin nəticələrin ardını Şimali İrlandiyada da gətirməyimizi istəyirlər. Biz də Belfasta qələbə üçün gəlmişik. Amma qazanılacaq 1 xal da yaxşı nəticə sayılacaq. Komandada əla ab-hava var. Yaxşı nəticəyə imza atıb, azarkeşlərimizi sevindiməyə çalışacağıq.
 
- Şimali İrlandiya yığmasının "ikinci mərtəbə"də yaxşı oynamağı hər kəsə məlumdur. Rəqibin başqa hansı güclü cəhətləri var?
- Qeyd etdiyiniz kimi, Şimali İrlandiya əsasən hava ötürmələrinə üstünlük verir. Bunu çox yaxşı bacarırlar. Rəqibin futbolçularının çoxu İngiltərə çempionatında çıxış edir. Şimali İrlandiya bizə yad rəqib deyil. Onlarla əvvəl də qarşılaşmışıq. Lakin həmin vaxtla müqayisədə Şimali İrlandiya yığması xeyli güclənib. Avropa çempionatında iştirakları da bunun sübutudur. Qısası, asan rəqiblə qarşılaşmayacağıq. Xüsusən, hava mübarizəsində diqqətli olmalıyıq. Bizim üçün çətin olacaq. Çünki rəqibin hündürboy oyunçuları daha çoxdur. Şimali İrlandiya millisinin əsas üstünlüyü elə budur.
 
- Start heyətində yer alan müdafiəçilərimizin sırasında ən hündürboy futbolçusuz. Yəni rəqibin təhlükəli hava ötürmələri zamanı ümid əsas sizə olacaq...
- Maksim Medvedev də "ikinci mərtəbə"də yaxşı oynayır. Rəşad Sadıqovun özü hava mübarizələrində inamlıdır. Əfsuslar olsun ki, o, zədəsi ilə əlaqədar, bu görüşü buraxacaq. Düzdür, əsas heyətdə yer alan futbolçuların sırasında hündürboy oyunçu azdır. Amma Norveç və Çexiya ilə matçlar göstərdi ki, uşaqlar hündürboy futbolçularla mübarizələrdə də uduzmamağa çalışırdılar. Həmin görüşlərdəki döyüşkən ruhla meydana çıxmaq lazımdır. Bunun hesabına yaxşı nəticəyə imza ata bilərik.
 
- 2012-ci ildə Belfastdakı qarşılaşmada (1:1) millimizin qoluna hazırda zədəli olduğu üçün yığmaya çağırılmayan Rauf Əliyev imza atmışdı. Bu dəfə kimdən qol gözləməyə dəyər?
- Hücum xəttində güclü oyunçularımız var. Heyətdə yer alanlardan çoxu Avropa Liqasında çıxış edir. Hər birindən nəsə gözləmək olar. Hücumçulardan Dəniz Yılmaz ilk dəfədir milliyə çağırılıb. Düzü, onun oyununu görməmişəm. Bu mənada, özüm də Yılmazın oyununa baxmaq istəyirəm. Qol vurmaq mənasında problemlə üzləşəcəyimizi düşünmürəm. Rəqib ilk dəqiqələrdən güclü təzyiq yaratsa, əks-hücumlara bel bağlayacağıq. Şimali İrlandiyanı əks-hücumda tutub, cəzalandırmaq olar.
 
- Şimali İrlandiya ilə oyunu millimiz üçün həlledici görüş hesab edirsizmi?
- Qarşıda çoxlu oyun var. Hələ seçmə mərhələ bitmir. Bu mənada, məğlubiyyət bizim üçün faciə sayılmayacaq. Amma razıyam ki, Belfastda sərfəli nəticəyə imza atmaq çox vacibdir. Əgər ikinci pillədə qalmaq istəyiriksə, bütün oyunlardan xal və ya xallarla ayrılmalıyıq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR