Trampın qalib gəldiyi gün Bakıda oteldə nələr baş verdi? - GECƏ TOPLANTISI

Trampın qalib gəldiyi gün Bakıda oteldə nələr baş verdi? - GECƏ TOPLANTISI
16:03 11 Noyabr 2016
311 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerikada prezident seçkiləri günü ABŞ-ın Bakıdakı səfirliyi “Hyatt Regency” otelinin “Quba” zalında Azərbaycan müxalifətinin, həmçinin, ictimai sektorun nümayəndələrinin iştirakı ilə mərasim keçirib.

Publika.az xəbər verir ki, günboyu davam edən mərasimdə seçkilərin gedişatı canlı izlənilib.

Mərasimdə iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu baş verənlər haqda maraqlı detallar açıqlayıb.

“Azərbaycan müxalifəti ABŞ səfirliyinin dəvəti ilə özünü tülküdurmazdan “Hyatt” hotelə vermişdi. Onlardan elələri vardı ki, Vətən 10 dəfə çağırsa, yuxusuna haram qatıb saat 5-də qalxmazdı. Əksəriyyət etibarilə ömründə bir dəfə də sübh namazına qalxmayanlar, bu dəfə bir çağırışla sübhü “Hyatt” hoteldə açdılar. Burada ABŞ-dakı seçkini elektron müşahidə məntəqəsi yaradılmışdı və ölkəmizin seçkin bir kəsimi, şərti olaraq, Amerikanın dostları deyə biləcəyimiz vətəndaşlarımız, Bakıdakı diplomatik korpusun təmsilçiləri, KİV nümayəndələri, yazarlar və başqaları toplaşıb, xanım Klintonun timsalında qələbəni bayram edəcəklərdi... Hamı arxayın idi - Trampı dəli sayır, ələ salır, deyib gülür, olası qələbə üçün əllərinə virtual xına yapır, məzələnirdilər. Tramp israrla öndə idi. Dostum, bütün zamanlar üçün yanlış proqnozlar ustası İqbal Ağazadə israrla və arxayınca deyirdi ki, boş şeydir, qoy Nyu-York açıqlansın, hər şey dəyişəcək: “Prezident Klintondur...”. Biriləri “Pensilvaniyada qabağa keçəcəyik” deyirdi. Bir ara, kiçik bir zaman kəsimində xanım Klinton önə keçdi. Zalda bir çəpik çalındı, bir canlanma oldu”, - deyə Rauf Arifoğlu oteldə baş verənləri qələmə aldığı məqaləsində yazıb.

“Otel otağı”nda həmin gecə nələrin yaşandığı, nələrin baş verdiyi həqiqətən maraqlıdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı Publika.az-a açıqlamasında həmin gecə oteldə olduğunu təsdiqləyir, lakin səsvermənin keçirilmədiyini deyir: “Səfirliyin təşəbbüsü ilə oteldə nəticələrin açıqlanması mərasimi keçirildi. Zalda böyük monitor quraşdırılmışdı və canlı olaraq izlənilirdi. Həmçinin, müzakirələr aparılırdı. Artıq səhər saat 4:00-da Trampın qələbə qazanacağının əlamətləri görünürdü. Saat 6:00-da isə hər şey məlum idi. Lakin orada iştirakçılar arasında səsvermə keçirilməyib”.

Mərasimdə iştirak edənlərdən biri də Azərbaycan Demokratik partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.

S. Cəlaloğlu deyir ki, mərasimdə Klinton üçün əl çalanlar olub.

“Bir ara Klinton Trampı qabaqladı və bu zaman zalda əl çaldılar. Alqışlayanların əksəriyyəti xanımlar idi. Mən özüm bu prosesləri müşahidə edirdim. Lakin səsvermə keçirildiyini görmədim, ola bilsin ki, mən həmin vaxt orada olmamışam”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175559.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR