Tanınmış bəstəkarın mahnılarını kimlər "oğurlayır"?

Tanınmış bəstəkarın mahnılarını kimlər "oğurlayır"?
16:05 11 Noyabr 2016
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az tanınmış bəstəkar və pedaqoq Sədaqət Arifqızının postnews.az-a müsahibəsini təqdim edir.

- Uzun illərdir davam edən yaradıcılıq fəaliyyətiniz dövründə biri-birindən maraqlı mahnılar, kompazisiyalar bəstələmisiniz və bu əsərlərə Azərbaycanın ən sanballı, musiqi savadı olan şəxslər müraciət ediblər. Bəs hazırda vəziyyət necədir?

- Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini bitirmişəm. Amma əvvəldən bəstəkar olmaq istəyirdim. Sonra ailə həyatı qurdum  və həyat yoldaşım buna icazə vermədi. Müəllim olmaq arzusundaydım. Yazmğa çox gec başladım. Əslində isə mahnılar bəstələyirdim və özüm üçün ifa edirdim. Sözləri Zemfira Əlişqızına məxsus olan  "Səndən ötəri" adlı ilk mahnımı 2000-ci ildə dinləyicilərimə təqdim etdim ki, onu da müğənni Bəsti Bəkirova ifa etdi. Bəsti xanım o mahnını birdən-birə böyük bir auditoriya qarşısına çıxartdı. Mahnı Təhsil Nazirliyinin təşkil etdiyi Bilik Gününə həsr olunan tədbirdə səsləndi. Bu mahnını dinləyənlər arasında sabiq nazirimiz də vardı. Təsəvvür edin ki, 16 il əvvəl yazılan mahnı bu gün də repertuarlardadır. Sonra bir-birinin ardınca mahnılar gəldi, amma indi isə durğunluqdur. Çünki mənim yazdığım mahnılar indi telekanallar tərəfindən o qədər də qəbul olunmur. Səbəb 6/8-lik ölçüdə olan şən toy mahnılarının tələb olunmasıdır. Bəzi müğənnilər efirdə görünmək üçün özləri bilərəkdən toy mahnıları oxuyurlar. Lakin elə müğənnilər var ki, onlar əsər ifa etmək istəyir, buna da imkan vermirlər. Elə bu səbəbdən sənətimin durğunluq dövrünü yaşayıram.

Hər adama mahnı vermirəm. Sözün düzü, heç qazanc da güdmürəm. Qazananların canı sağ olsun, onlarla işim yoxdur, amma mən başqa səpkili adamam, köhnə fikirliyəm. Tofiq Quliyev, Ramiz Mirişli, Oqtay Kazımov, Emin Sabitoğlu kimi bəstəkarların yazdıqları mahnıdan pul qazandıqlarını eşitməmişdim. Hökumət qonorar ayıranda qazancları olurdu. Onların dəbdəbəli həyatları olmayıb. Sadə yaşayıblar. Maaşla qane olublar. Amma indi eşidirəm ki, hansısa tar, qarmon ifaçısı studiyada işləyir, 5000 min manata mahnı satır. Məəttəl qalıram ki, həmin mahnıları alırlar da... Çünki ara mahnılarıdır.

Studiyalardan birində bir nəfəri gördüm, mahnı satırdı, mahnıları da geniş yayımlanır. Dedim "haranı bitirmisən?", dedi, - "Azərbaycan Texniki Universiteti". Nə deyim, vallah..!  Kompüterdən istifadəni bacarır, düzür-qoşur, mahnıları da yaxşı yayımlanır, halal olsun! Bəs biz 17 il niyə oxumuşuq? 8 il musiqi məktəbi, 4 il Asəf Zeynallı adına musiqi kolleci, 5 il də Ü.Hacıbəyov adına Musiqi Akademiyası və 40 il də müəllim stajım var. Bəs bu nəyə görədir? Biz mahnımızı necə göstərək? Hamı məni dəvət edir-çağırır, sağ olsun, hörmət edirlər, bilirlər ki, qalmaqala gedən deyiləm. Mövzu da budur ki, "evdə kişinin sözü keçir, yoxsa qadının?" "Ailədə qadın çox pul xərcləyir, ya kişi?". Bir deyən yoxdur ki, müğənni ilə gəl, bəstələrini təqdim elə. Bu səbəbdən də yazdıqlarım ürəyimdə qalıb.

Milli qəhrəman Çingiz Mustafayev haqqında bir mahnı yazdım, inanın ki, həmin mahnı heç bir yerdə səslənmədi, hətta özünə aid olan telekanal da onu qəbul etmədi. Niyə? Başa düşmədim. Özü də mahnını konservatoriyanın ən öndə gedən tələbələri yüksək səviyyədə ifa ediblər. Sonra deyirlər ki, vətənpərvərlik mahnısı yazmırsınız. Yazmışam da, harada səsləndi ki?! Şair Nüsrət Kəsəmənlinin sözlərinə Flora Kərimova üçün "Qarabağ" mahnısı yazmışam. Flora xanım da çox gözəl ifa edib.

- Belə demək olar ki, bəstələdiyiniz mahnılara tələbat yoxdur?

- Yoxdur deyə bilmərəm, amma çox azdır. Şair Baba Vəziroğlunun sözlərinə bəstələdiyim "Ata, sənə ehtiyacım var" mahnısını hələ də sevilir. Bunu iki ifaçı oxuyub: Zöhrə Abdullayeva və Nadir Qafarzadə. Sözləri Zemfira Əlişqızına aid olan "Ana, mənim laylamı de" mahnısını da Nadir oxuyub. Ümumiyyətlə, Nadir üçün 20 mahnı yazmışam. Mahnılarımın əksəriyyətini Nadir Qafarzadə və Flora Kərimova ifa edib. O cümlədən Zöhrə Abdullayeva, Ruhəngiz Allahverdiyeva, Elxan Şirinov, Bəsti Bəkirova, Almaz Orucova, Zakir Əliyev və başqaları mahnılarımın ifaçısıdır. Yəni küçədən keçənə, oxumaq istəyənə, nəyinsə xatirinə  mahnı vermirəm. Məsələn, gənclərdən Ülvi Qılıncla işləmişəm. O da çox gözəl ifaçılardan biridir.

Bu vəziyyətə durğunluq da demək olmaz. Hazırda 3-4 mahnım var ki, ifaçılar dinləyirlər. Deyirlər ki, oxuyacağıq, amma tələbatın olmamasını vurğulayır, oxumurlar. Daha şən mahnı lazımdır deyirlər. Bu da mənim təbiətimə ziddir. Eybi yox, yenə də işimi çox sevirəm. Hazırda romanslar yazmışam, onu dərslik kimi "Vokal" kafedrası üçün çap edəcəyəm.

 "Savadı olmayan insan kinonun, teatrın musiqisini yazır"

- Bəstəkarların yaşadığı bu qədər  problemin qarşısını almaq üçün bir təklifiniz varmı?

- Bədii Şura yaransın, yəni mahnı seçilsin. Əvvəllər doğrudan da Bədii Şurada çox sanballı bəstəkarlar, musiqiçilər vardı. İndi isə bütün bunların şahidi ola bilmirik. 13 il əvvəl bəstələdiyim mahnını Nadir Qafarzadə çox gözəl ifa edib və bu gün də çox sevilir. Söhbət məşhur "Mənə söz ver" mahnısından gedir. İndi bu mahnını kim hansı tərzdə istəyir, elə də oxuyur.

- Bunu özbaşına edirlər?

- Yenə deyirəm ki, Bədii Şura olsa, qayda-qanun da olar. Kim nə istəyir, yazır, oxuyur, çıxarır. Savadı olmayan insan kinonun, teatrın musiqisini yazır. Soruşan yoxdur ki, ay bala, sən bunu necə yazırsan? Bir bunu not şəklində 2 xanaya, nota köçür. Mənim yazdığım mahnılar not şəklində Bakı Musiqi Akademiyasında Elmi Şuradan keçir, burada elə-belə işləmək olmaz. Mən ya konsert verməliyəm, ya da yaradıcılıq gecəsi keçirməliyəm, ya da ki not şəklində bir nəzəriyyəçi kimi məqalələr verməliyəm. Kafedramızda 37 nəfər var, mahnılarım qulaq asılır, imza qoyulur, canlı ifa olunur, sonra təsdiqlənir. Nə vaxtsa lazım olarsa, kimsə bəlkə not şəklindən istifadə edər. Ona görə hərdən həvəsdən düşürəm, deyirəm, heç yazmayacağam.

- Bədii Şuranın olması bir tərəfdən yaxşıdır, amma düşünmürsünüz ki, Bədii Şuranın olması musiqiyə, yaradıcı insanda diktator rejimi tətbiqi etməkdir?

- Düşünmürəm, onlar əgər düzgün istiqamətdə işləsələr, məncə, pis olmaz. Mən demirəm ki, musiqi savadı olmayan yazmasın, əgər daxilən istedadı varsa, canla-başla yazsın da, yayımlasın da. Amma kino, teatr musiqisi yox da..! Orada da tanışlıq olmasın da... onun adamıdır, onu keçirək və s. bu kimi əməllərə yol verilməsin. Bu cür amillər musiqi mədəniyyətimizə pis təsir edir. Şurada nəzəriyyəçi, musiqiçi və bəstəkarların nəzarətində mahnıların sözlərinə də diqqət yetirilər. Hərdən sözlər musiqiylə uyğunluq təşkil etmir. O vaxtlar mahnıların ilk notundan bilinirdi ki, bu, hansı bəstəkarın mahnısıdır. İndi bir mahnıdan beşini çıxarırlar, sübut da edə bilmirsən... Nazənin xanıma 15 il əvvəl bir mahnı vermişəm, bircə dəfə oxuyub, sonra deyir itirmişəm, yoxdur. 2006-cı ildə bir bəstəkar başqa sözlərlə eyni bəstələdiyim mahnını olduğu kimi yazıb. İfaçı mahnını çox populyar etdi. Söhbət etdiyim mahnını şairə Zemfira Əlişqızının "Deməzdim, sevgilim, qayıt, dön geri" şeirinə bəstləmişdim. Ümumiyyətlə, eyni bəstəkardır ki, neçənci mahnımı belə edir. Ola bilər ki, istəmədən, bilmədən belə edib.

Buna bənzər bir hal da Sevda Məmmədli ilə baş vermişdi. Həmin mahnını müğənni Rövşən Əziz oxumuşdu. Sevda Məmmədli başa düşdü ki, düz eləməyib. Bu da "Səndən ötəri" mahnısı idi. Bu məsələ ilə bağlı o zamanlar  telekanallar süjetlər hazırladı. Hər şey tam sübut olundu. Mənə elə gəlir ki, bilərəkdən heç kəs mahnı oğurlamaz. Sevda xanım da bunu anladı və mahnını repertuardan çıxardı. Sözmün məğzi odur ki, belə bir vəziyyəti biləndən sonra heç olmasa ya üzr istəyin, ya da repertuarınızdan çıxarın. Məndə də elə bir şey olarsa, repertuarımdan çıxardaram.

 "Milli qəhrəman Çingiz Mustafayev haqqında yazdığım mahnını özünə aid olan telekanalda qəbul etməmişdi"

- Siz necə, mahnılarınızı satırsınız?

- Xeyr. Mən mahnı satmamışam. İstəyərdim, satım, amma sata bilmirəm. Çünki onu bacarmıram. Bir dəfə bir şairə mənim mahnımı satdı, mənə də həmin qonorardan verdi. Düzüzü desəm, çox sevindim. Məsələn, mahnı vermişəm, bahalı bir üzük bağışlayıblar. Toy üçün mötəbər bir ailənin oğluna mahnı sifariş ediblər, pul söhbəti eləmədim, onlar da bahalı bir hədiyyə elədilər. Hətta onlar üçün aranjeman da elətdirmişəm. Əgər mahnıma görə bir üzdə təbəssüm görürəmsə, mənə nə xoş.

2009-cu ildə Azərbaycan Dövlət Filarmoniyasında yaradıcılıq gecəm keçirilərkən Nadir Qafarzadə səhnəyə çıxdı, üzünü camaata  tutub , - "mən belə publika istəyirəm", dedi. Hətta tamaşaçılar konsertin bitməsini istəmirdilər.

- Müəyyən problemlər və onların həll yolları haqqında fikirlərini bölüşdünüz. Maraqlıdır  musiqi, elm sahəsi, yaradıcılıq demokratik, yoxsa diktatura olmalıdır. Və yaxud bu özbaşınalıqdır?

- Elə ən çox özbaşınalıqdır. Hətta görürsən professional oxuyandır, neçə il burada vokalı öyrənib. Lakin elə bir mahnı ifa edir ki, dəhşətə gəlirsən. Bunu ona görə edir ki, toya çağırsınlar. Bir dəfə müğənni Aybəniz Haşımovanın tələbəsi, "Bülbüllər" qrupunun üzvü olan gənc bir oğlana mahnı vermişdim. O da bir telekanala çıxdı, oxudu. Oxuduqca, qonaqların reaksiyasına baxırdım, başlarını silkələyirdilər ki, guya yaxşıdır, amma mahnı bitdi, aparıcı dedi ki, bundan sənə "xleb" gəlməyəcək.  Oğlan da pərt oldu, qonaqlar da dedi ki, ay bala, sən bununla toya gedə bilərsən? Halbuki, professional səviyyədə gözəl oxumuşdu. Aparıcı dedi ki, gələn dəfə başqa mahnı oxuyarsan, sənin üçün "xleb" gətirsin. Həmin dəqiqə həmin telekanala zəng elədim, dedim, aparıcı utanmadı o sözü dedi? Ondan sonra həmin ilk dəfə efirə çıxan adamı həvəsdən saldılar. O, hazırda oxumur. Yəqin bayağı mahnılardan oxumalıdır. Çox təəssüf edirəm!

- Son bəstələdiyinizin mahnılar haqqında danışın...

- Lənkəranda yaşayan, heç tanımadığım 2 kitab müəllifi gənc şairə Nəzakət Neymanın "Facebook"a qoyduğu bir şeirini gördüm: "Mən sizi göylərdən seyr edəcəyəm" şeiri. Şeir məni o qədər tutdu ki, 10 dəqiqəyə o mahnını yazdım, xanıma göndərdim, o da çox sevindi. Həmin  mahnını Zöhrə Abdullayevaya verdim. Zöhrə xanım onu ANS telekanalında bir dəfə oxudu, bütün zal ağladı, çünki orada çox gözəl sözlər vardı ki, musiqi ilə uyğunlaşırdı. İkinci dəfə oxumağa başqa bir telekanala apardı, aparıcı deyib ki, xahiş edirəm, oxuma, sən bizi öldürəcəksən. İndi yenə həmin şairə xanımın sözlərinə bəstələyirəm, düşünürəm ki, bu mahnını da Flora xanım oxuyar. Çünki 10 il əvvəl Flora xanım "Nələr gördüm bu dünyada"nı  elə oxumuşdu ki, bu gün də ürəklərdə dərin iz buraxıb. "Gəldim, səninlə vidalaşmağa" mahnısını da Flora xanıma verəcəyəm. Ümumiyyətlə, adını çəkdiyim müğənnilərdən başqa İzzət Bağırov, Xatirə İslam da mahnılarımı ifa edib. Mən mahnını yazanda artıq düşünürəm-bu mahnını Nadir üçün, bunu Ülvi üçün, bunu da Flora xanım üçün yazdım.

"Aparıcı dedi ki, bundan sənə "xleb" gəlməyəcək"

- Hazırda pedoqoji fəaliyyətiniz nə yerdədir?

- 19 yaşımdan işləyirəm. Artıq 40 ildən çoxdur. Hazırda da qeyd etidyim kimi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışıram. Bura tamam ayrı aləmdir. Çox gözəl kollektivin əhatəsindəyəm. Yaxşı tələbələrim var, gözəl pianoçular yetişdiririk, bəstəkar kimi də vokalçılarla işləyirəm, onların səsini seçirəm. Yeni səslər var. Zemfira Əlişqızının sözlərinə bir duet yazdım: "Gəlirəm sənə" mahnısı. Bu mahnını konservatoriyanın məzunları, hazırda da Opera və Balet Teatrının solistləri olan Ayan Qurbanova ilə Rüstəm Cəfərov o qədər gözəl oxuyublar ki... Amma nə olsun? Heç bir telekanala çıxara bilmirəm. İnanın studiyanın pulunu da özüm vermişəm. Heç olmasa gənc olduqlarına görə, onlara imkan versinlər. Eyni insanları nə qədər göstərmək olar?! Səhər də, axşam da eyni adam...

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR