Xurcunda yol gedən, Amerika prezidentini bəyənməyən, hamının sevdiyi ŞAMAXILILAR FOTOLAR

Xurcunda yol gedən, Amerika prezidentini bəyənməyən, hamının sevdiyi ŞAMAXILILAR FOTOLAR
16:53 11 Noyabr 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Bu dəfə “HaralıSAN” layihəsində yolumuz Şamaxıyadır - xaqanilər, nəsimilər, seyid əzim şirvanilər, abbas səhhətlər, sabirlər, habelə onlarla digər böyük mütəfəkkirlər, maarifçilər bəxş edən, Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biri olan Şamaxıya...

Tarixə nəzər salsaq, görərik ki, ən qədim mərkəzlərimizdən olan Şamaxı şəhəri Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri olub. Tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olan və dəfələrlə yerini dəyişən Şamaxının ilkin ərazisi hələ ki, məlum deyil. Amma antik müəlliflərin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələri göstərir ki, bu şəhərin ən azı 2500 il yaşı var.

XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri də məhz Şamaxı olub.

1725-ci ildə Şamaxıda olmuş ingilis Henri Bryus xatirələrində Şamaxını Cənubi Qafqazın ən məşhur ticarət mərkəzi kimi qiymətləndirib.

Şamaxının İpək yolu üzərində yerləşməsi şəhərin iqtisadi inkişafı üçün əlverişli şərait yaradıb.

XVII əsr məşhur Osmanlı səyyahı Övliya Çələbi Şamaxı şəhərini belə təsvir edib:

“Qırx xanlıq, qırx səkkiz qəza olub, qırx nahiyəsi, 70 qalası, 1300-ə qədər abad kəndi var. Qədim və abad bir şəhərdir... Şəhər içində təxminən 7 minə qədər torpaqla örtülü abad evlər var. Hər yerindən çay keçir. Bağ və bağçalarının hesabı yoxdur. Evləri olduqca yaraşıqlıdır, 26 məhəlləsi, 70-ə qədər mehrabı var”.

“HaralıSAN” layihəsində şamaxılılar Publika.az-a danışır…

“Şamaxının südlü plovu, firnisi…”

Xalq artisti Mələkxanım Əyyubova:

- Şamaxıda doğulsam da, uşaqlıqdan məni bibim saxlayıb. Amma Şamaxıya tez-tez gedib-gəlmişəm. Şamaxı camaatı sadəliyi, təbiiliyi və musiqisevərliyi ilə həmişə seçilib. Şamaxıda ta qədimdən aşıq musiqisi inkişaf edib, bu bölgə şairləri, ədibləri ilə ad çıxarıb. Ümumiyyətlə, Şamaxı ziyalıları ilə həmişə seçilib. Şamaxının özünməxsus mətbəx mədəniyyəti var. Şüyüdlü plovu, firnini bizim kimi heç kim bişirə bilməz.

Bir xatirəmi də bölüşüm: 1976-cı ildə Şamaxıdan incəsənət işçilərindən ibarət böyük bir qrupu Moskvaya dəvət etmişdilər, onda orta məktəbin aşağı siniflərində oxuyurdum. Hələ tanınmamışdım, amma oxuyurdum. Ziyalılarla bərabər məni də Moskvaya apardılar. Mən orda rus, moldavan və digər xalqların musiqilərini məharətlə oxuyurdum. Orda da məşhur rus mahnısı “Kokalin”i oxudum. Məni necə alqışladılarsa, həyəcandan yeriyə bilmədim. Bu hadisəni indi də xatırlayıram.

“Başımı atamın dizi üstə qoyub…”

Xalq artisti Nazpəri Dostəliyeva:

- Şamaxıda keçən uşaqlıq illərim indi də kino lenti kimi gözümün qabağından keçir. Bir onu bilirəm ki, musiqiylə nəfəs alırdım. Atam Əhmədalı kişi rayonda sayılıb-seçilən, hörmətli adam olub. Musiqini dərindən bilirdi. Həmişə də Əliağa Vahidin qəzəlinə segah oxuyardı. Üç yaşım olardı, ya olmazdı, yadımdadır ki, başımı atamın dizi üstə qoyub, segahına qulaq asardım. “Hər qara zülfün əsiri olmamışam”- atam oxuduqca ona sehrli bir insan kimi tamaşa edirdim. Sonra da başlayırdım onun oxuduqlarını təkrarlamağa. “Hər qara zülfün əvəzinə “əl qara zülfün” deyirdim. Atam saçımı sığallayıb, məni ruhlandırırdı. Mən sənətin sirlərini ondan öyrənə-öyrənə böyüdüm.

Atam milli adət-ənənələrə çox bağlı adam olub. Həmişə bizə deyirdi ki, qızlarım, qulağınızda sırğa edin, həmişə adət-ənənəyə sadiq qalın. Novruz bayramında İlaxır çərşənbələrini xatırlayıram. İnsanlar o bayramı elə yüksək əhval-ruhiyyə ilə qarşılayırdılar ki… Qulaq falına çıxırdım. Arzum da yalnız bundan ibarət olurdu ki, ay Allah, görəsən gələcəkdə xalqın sevilən müğənnisi ola biləcəyəmmi? Valideynlərimlə keçirdiyim hər gün mənim üçün dünyanın ən gözəl günü idi. Şamaxı mənim həm də validenylərimin yurd yeri, xatirələrimin məskənidir.

“Məni xurcunun içinə atıb, yaylağa aparırdılar”

Aktyor, rejissor Şeyx Əbdül Mahmudbəyli:

- Şamaxı dədəmin-nənəmin uyuduğu torpaqdır. Üstündən illər keçib, amma uşaq vaxtı nənəmgilin məni xurcunun içinə atıb, yaylağa aparmaları yadımdan çıxmayıb. Bizim yaylaqlarımız vardı, havalar isinən kimi köç başlanırdı. Şamaxı yerlə göyün vəhdət yaratdığı yerdir. Dünyanın elə bir yeri yoxdu ki, orda Şamaxıda olan qədər övliyalar, ocaqlar, pirlər olsun. Enerji mənbəyi olan belə ziyarətgahlar insanların ruhuna da təsir edir.

Şamaxı camaatında xoşuma gəlməyən iki cəhət var. Çox “mənəm-mənəm” deyən insanlardır; burda mənəm, Bağdadda kor xəlifə. Şamaxı camaatı çox qürurlu olur. Evdə həftələrlə qazanı qaynamasın, bunu gizlədəcək, soruşsan, Amerikanın prezidentini bəyənməyəcək. İkinci mənfi xüsusiyyətləri bir-birinə arxa-dayaq durmamalırıdır. Neçə illərdir buna görə mübarizə aparıram, deyirəm, ay şamaxılılar, bir-birinizə dəstək olun, dəyər verin. Hələ indi-indi bir az dəyişiblər.

“Göstəriş gəlmişdi ki, məzunları Pirquluya buraxmayın”

Yazıçı-publisist Qurban Yaquboğlu:

- Başqasını bilmirəm, mən öz torpağıma, ana yurduma az-az gedirəm, amma onu çox-çox sevirəm. Bakıya 1989-cu ildə köçmüşəm, təzə-təzə vaxtlarda kənddən, rayondan ötrü elə tez qəribsəyirdim, hətta özüm-özümdən utanırdım. Axı, daha uşaq deyildim, evliydim. Yadımdadı, 20 gündən artıq dözə bilmirdim.

Biz orta məktəbdə oxuyanda onuncu sinfi qurtaran bütün məktəblilər mütləq Pirquluya gəzməyə gedirdi. Belə bir vida ritualı indi qalır, ya yox - düzü, bilmirəm. Pirqulu dağına getdiyimiz günün günəş işığı hələ də gözümün qabağındadı. Elə bil, avtobusun qənşərinə, asfalt yola işıq sərilmişdi. O günün lirizmi heç vaxt canımdan çıxmır.

Həmin il bilmirəm, hansısa səbəbdən rayon rəhbərliyindən göstəriş gəlmişdi ki, məzunları Pirquluya buraxmayın, guya bu, tərbiyə qaydalarına ziddi. Oğlanlarla sahə müvəkkili arasında axırı razılaşmayla bitən “diplomatik danışıqlar” da yadımdadı. Sahə müvəkkili yumşaq adamıdı, “gedin - dedi, amma bax, az araq götürün ha...”

Orta məktəbdə oxuyanda Şamaxıya ədəbi dərnəyə gəlirdim. Avtobus kənddən erkən çıxırdı deyə, dərnək başlayana qədər rayon mərkəzində bir neçə saat səssiz-səmirsiz gəzib dolaşırdım. Sözü-söhbəti olmayan bu xatirənin lal mənzərəsi də gözümün qarşısındadı.

Bu yay qəribə bir hadisə oldu. Kənddən evi yanan bir nəfər mənə zəng vurub kömək istədi. Mən də rayon icra hakimiyyəti başçısının müavininə zəng elədim. O adamın kobud və laqyed cavabı da unudulmaz dəftərə qeyd olundu, təəssüf ki... Axı, mən özümə yardım ummurdum.

Amma bu, öz ana yurduma olan sevgimi əsla azaltmır. Çünki adamlar heç vaxt vətəni tamam korlaya bilmir...

… Təsadüfü deyil ki, ingilis səyyahı Cenkinson Şamaxını “gözəl kral şəhəri” adlandırıb. Yayı qışından, payızı yazından gözəl olan bu yurda siz də gedin, gəzin. Onda görəcəksiniz ki, Şamaxı vəsf edildiyindən daha gözəldi.

Cəvahir Səlimqızı


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/haralisan/175572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR