Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"X şüaları", yoxsa Rentgen?

"X şüaları", yoxsa Rentgen?

Date: 11 November 2016 17:12

Çox güman ki, yaşadığımız dövrdə elə bir insan tapılmaz ki, rentgen sözünü eşitmiş olmasın. Ən azından hamı bilir ki, insan orqanizminə zərəri olan bu şüadan tibdə geniş istifadə olunur. Bəs həyatımız boyu qorxduğumuz bu şüa haqqında nələri bilirik? Nə qədər sadə səslənsə də, nə qədər bizlərə tanış olsa da, rentgen şüalarının görünməyən tərəfləri, elmdən gizlin sirləri tətbiq olunması mümkün olan, lakin dövrümüzə qədər istifadə edilməyən sahələr vardır. Daha dəqiq desək dahi Rentgenin kəşf etdiyi zaman bilgisizliyinə görə "X şüaları" adlandırdığı bu dalğalar, hələ də öz məchulluğunu qoruyub saxlamaqdadır. 

Gəlin ilk öncə elmdə devrim sayılan, tibbin inkişafına təkan verərək insanları gərəksiz əməliyyatlardan xilas edən bu məchul şüanı kəşf etmiş dahi ilə tanış olaq.

Qısa arayış: Vilhelm Konrad Rentgen, 27 mart 1845-ci ildə Almaniyanın balaca Linnep şəhərində anadan olmuşdur. 1848-ci ildə ailəliklə Hollandiyaya köçmüşlər və orta məktəbə də orada getmişdir. 1861-ci ildən Utrext texniki məktəbinə getmişdir. Lakin 1863-cü ildə müəlliminin karikaturasını çəkmiş şagird yoldaşını satmadığına görə, gimnaziyadan qovulmuşdur. Lakin ruhdan düşməyən Vilhelm bilikləri müstəqil şəkildə öyrənmişdir. 1865-ci ildə Utrext Universitetinə qəbul olmaq cəhdi alınmasa da, Sürix Federal Politexnik İnstitutuna daxil olmuşdur. Tələbəlik illərində öz istedadı ilə hamını heyran edərək, çox gənc ikən, 23 yaşında fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. İxtisasca maşın mühəndisi olan  Rentgenin tədqiqat işləri elektromaqnetizm, kristallar fizikası, optika, molekulyar fizika sahələrinə aid olmuşdur.  Bilik və bacarıqlarına görə 1900-cu ildə Münhen universitetinin Fizika kürsüsünə və sonra yeni yaradılan Fizika İnstitutunun rəhbərliyinə gətirilmişdir. Sevimli həyat yoldaşının ölümündən dörd il sonra, yəni 1923-cü ildə Münhendə dünyasını dəyişmişmişdir. Onun ölümünə səbəb kimi Birinci Dünya müharibəsinin Almaniyada yaratdığı yüksək inflyasiya iqtisadiyyatı mühitində maddi çətinliklər içərisində yaşaya bilməməsi göstərilir. Ölümündən sonra da onun haqqında hər zaman vicdanlı, məqsədli və sərt xasiyyətli insan ifadələri işlədilməkdədir.

1895-ci ilin noyabrın 8-i axşamı idi. Gecedən xeyli keçməsinə baxmayaraq, gələcəyin Nobel mükafatçısı hələ də evə getməmişdi. Lakin çox yorulmuşdu. Artıq laboratoriyadan çıxıb evə getməyə hazırlaşırdı. İşığı söndürdükdən sonra qapını çöldən bağlayıb aralanmaq istəyirdi ki, birdən yadına düşdü ki, qurğunu cərəyandan ayırmayıb. O, geri qayıdarkən qaranlıqda dəhşətli bir mənzərəni müşahidə etdi. Borudan bir az aralıda mavi işıq görünürdü. Bu, Günəş işığı ilə şüalandırılarkən işıqlanma xassələrinə malik olan maddənin kristalları idi. Bu ola bilməzdi, axı. Axı bu qaranlıq otaq otaqda güclü işıq mənbəyi yox idi. Bəs bu nədir? Kristallar öz-özünə işıqlanırdılar? Bu cür haçalı tərəddüdlər içərisində olan Rentgen cərəyanı mənbədən ayırdı və işıqlanma dərhal yox oldu. Cərəyanı təkrar qoşdu və işıqlanma təkrar müşahidə edildi. Alim borunu cihazdan ayırdı və onun əvəzinə iki mis kürəcik birləşdirdi. Kürəciklər arasında ildırım çaxdı. Lakin kristallar işıqlanmadı. Beləliklə, 1895-ci ilin noyabrın 8-dən 9-na keçən gecə dünya alimlərini mat qoyan yeni şüalar kəşf olundu. Bu hadisədən sonra Rentgen yeddi həftə laboratoriyadan çıxmadı. Yeni alınmış sirli şüaların xarakteristikasını, xüsusiyyətlərini öyrənirdi. İlk dəfə sevimli arvadı Bertanın əlini "X şüa"nın qarşısına tutaraq barmaqlarının skeletinin əksini fotoplastinkaya köçürülmüşdür. Bu şəkil Rentgenin kəşfini qısa müddətdə dünyada məşhurlaşdırdı. Bundan sonra da qəribə fotoşəkillər çəkərək insanların daxilini öyrənməyə çalışdı. 

Bütün bunlar birmənalı qarşılanmadı. İnsanlar, onların fikirlrini öyrənməyin mümkün olacağını düşünərək, qorxuya düşdülər. Bəzi qəzətlər rentgen şüaları vasitəsilə qadınların bədəninin öyrənilməsini əxlaqsızlıq adlandırdılar. Bunlara baxmayaraq, dünyanın ən böyük kəşflərindən biri edildi! Bu kəşfinə görə, Rentgen, 1901-ci ildə Nobel mükafatına layiq görüldü.
Bir çox dahi insanlar kimi Rentgenin də ömrünün sonları firavan keçmədi. Özünün böyük kəşfindən qazandığı puldan imtina edərək, 10 fevral 1923-cü ildə yoxsulluq içində vəfat etdi. Hətta ona verilən dvoryan rütbəsini də qəbul etmədi. 

Çox maraqlıdır ki, haqqında sözhbət açdığımız dünyada misli olmayan rentgen şüalarının kəşfindən öncə bu şüanın mövcud olması haqqında da məlumatlara rast gəlinir. Misal üçün, Rusiyanın http://xray.rusmedserv.com/history/ saytının verdiyi məlumata görə, X şüaları ilə sümüklərin təsvirinin alınması 1884-cü ildə ilk dəfə Bakıda həyata keçirilmişdir. Lakin bu hadisə katod şüalanması kimi qiymətləndirilmiş və yeni xassəli xüsusi şüalar kimi nəzərə alınmamışdır. Ona görə də bu hadisə, Amerigo Vespuççinin Amerikanı kəşf etməsi, lakin amerika olduğunu bilməməsi ilə müqaisə olunur.
Məlumdur ki, Rentgen şüalarının təbii mənbələri Günəş və digər kosmik obyektlərdir. Buna baxmayaraq, tətbiq sahəsinə görə rentgen şüaları daha çox tibb sahəsinə görə insanlar arasında məşhurdur. Lakin artıq rentgenoqrafiya elmi sərbəst bir sahə kimi formalaşmışdır və kristallografiya, materialşünaslıq kimi elm sahələri ilə paralel inkişaf edir. Müasir fizikanı, kimyanı rentgenoqrafiyasız təsəvvür etmək mümkün deyildir. Bərk cisimlərin daxili quruluşunu öyrənmək üçün, kristal quruluşda atomların düzülüşünü müəyyən etmək üçün rentgenoqrafiya üsulu çox unikal bir metoddur.    

1972-ci ildə ingilis alimi Godfri Haunsfild və cənubi afrikalı alim Allan Kormak komputer tomografiyası metodunu irəli sürmüşdürlər. Bununla da, daxili organların da rentgen şüaları vasitəsilə öyrənilməsi mümkün olmuşdur. Bir şox xəstəliklərin ən dəqiq diagnozunun qoyulması üçün tomografiyanın nəticələrindən istifadə olunur. Bu kəşfin müəllifləri 1979-cu ildə Nobel mükafatı ilə dəyərləndirilmişdir. 
Texnologiyalar inkişaf etdikcə bir çox cihazların miniatürləşməsi, modernləşməsi, müəyyən hissələrinin kiçilməsi zərurəti yaranır. Nanotexnologiyanın inkişaf etməsi ilə əlaqədar olaraq, mikro ölçülərdə olan bir çox çeviricilər nano ölçülərlə əvəz edildikcə, onların tədqiqində də müəyyən çətinliklər yaranır. Adi rentgen qurğularında alınan şüaların intensivlikləri az olduğuna görə, çox kiçik həcmli obyektlərin öyrənilməsində müəyyən çətinliklər yaranır. Belə obyektləri öyrənmək üçün sürətləndiricilərdə (sinxrotronlarda) alınmış yüksək intensivlikli rentgen şüalarından istifadə olunur. Bu şüalardan istifadə eleməklə, tomografiya vasitəsilə hətta metal qurğularının daxilində gedən proseslərə də nəzarət eləmək mümkündür. 

Rentgen şüalarının hazırkı tətbiq sahələri çox genişdir. Qeyd edək ki, Rentgen şüasının kəşfi sonda elektronun kəşfinə də gətirib çıxartdı. Kosmik peyklərdən tutmuş, yoxlama nəzarət sistemlərinə qədər müxtəlif sahələrdə öz tətbiqini tapmış bu şüaların tətbiq sahəsi gündən-günə genişlənir. Bir zamanlar xassələri öyrənilmiş bu şüaların "X şüaları" adı "Rentgen" ilə əvəz edildi və insanlar düşünürdülər ki, bu şüaların hər bir xassəsi artıq bizə məlumdur. Elm və texnologiyaların sonrakı inkişafı nəticəsində bu şüaların yeni tətbiq formalarına ehtiyac yarandı. Məlum oldu ki, hələ də rentgen şüalarının tədqiq olunmayan tərəfləri kifayət qədərdir. Ona görə də yenidən bu şüaların adına daha çox "X şüaları" deyilməyə başlanıldı. 

Yusif Alıyev (Yusif Alı Afşar), fəlsəfə doktoru, dosent
Sakin Cabarov, fəlsəfə doktoru

Milli.Az


Tags:  şüaları Rentgen

RƏYLƏR


Top news