Azərbaycanda ümumi təhsilin dövlət standartları ictimai müzakirəyə çıxarılıb

Azərbaycanda ümumi təhsilin dövlət standartları ictimai müzakirəyə çıxarılıb
17:52 11 Noyabr 2016
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edib.
Nazirlikdən “Report”a verilən məlumata görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə hazırlanıb.
Layihəyə əsasən, ümumi təhsilin həyata keçirildiyi müəssisələrdə işə bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydalara uyğun olaraq, bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar.
Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir.
Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə, təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyədən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Ümumi təhsil sistemində çalısan təhsilverənlər, əsasən, ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə, uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına, əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə, işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza və s. kimi keyfiyyət göstəricilərinə malik olmalıdırlar.
Dövlət standartları fənlər üzrə məzmun standartları və kurikulumların hazırlanmasında əsas tutulur. Dövlət standartları 5 il müddətinə qüvvədədir.
İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihe-senedi/umumi_tehsilin_dovlet_standartlari.pdf) həmin sənədlə tanış ola bilərlər.
Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.
Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/azerbaycanda-umumi-tehsilin-dovlet-standartlari-ictimai-muzakireye-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR