Azərbaycanlı aktrisa: "Sevdiyim insanla qaçdığım üçün ailəm məni 3 il danışdırmadı" - FOTO

Azərbaycanlı aktrisa: "Sevdiyim insanla qaçdığım üçün ailəm məni 3 il danışdırmadı" - FOTO
21:27 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

İrəvan Teatrının aktrisası Ruhiyyə Həsənovanın Milli.Az-a müsahibəsi

- Ruhiyyə xanım, İlham Namiq Kamalın Miniatür Teatrından bir çox məşhurlar çıxıb. Siz də bu teatrda çalışmısız. O illəri necə xatırlayırsız?

- İlk addımlarımı professional səhnədə Gənc Tamaşaçılar Teatrının nəzdində olan İlham Miniatür Teatrında atmışam. İrili-xırdalı bütün tamaşalarda rol alıb, oynamışam. İlham müəllim gözəl sənətkar olmaqla bərabər, həm də gözəl insandır. Bizə çox dəyər verib. Həqiqətən ondan sənətin incəliklərini öyrənmişik. Hazırda da dostluğumuz davam edir. Onu bir sənətkar, rejissor və dost kimi çox sevirəm.

- Sənət aləminə teatrda çalışmaqla başladınız. Amma uzun illər bu sənət ocağında fasilə verdiniz. Bunun bir özəl səbəbi var idi?

- Fasilələr ailə həyatımla bağlı oldu. Ailə həyatı qurandan sonra Rusiyada yaşadım. Qızım dünyaya gələndən sonra vətənə döndüm.Yenidən bir müddət teatrda çalışdım. İkinci övladım dünyaya gələndən sonra yenidən teatrda fasilə verməyə məcbur oldum. Amma çəkilişlərə gedirdim, teleaparıcı kimi tədbirlərə dəvət alırdım. Artıq uşaqlar böyüyüb. Ona görə də yenidən teatra qayıtdım. Uzun sürən fasilədən sonra İrəvan Teatrında fəaliyyətə başlamışam.

- Bu qədər sənət fasilələri sizi sənətinizdən bezdirib-usandıra bildimi?

- Çox darıxırdım. Elə olurdu ki, uşaq kimi oturub ağlayırdım ki, görən nə vaxt mən də teatrda işləyəcəyəm.

- Belə başa düşdüm ki, həyat yoldaşınız sizi aktrisalıqdan bir müddət kənarlaşdırıb...

- Xeyr, həyat yoldaşım Vüqar Məmmədəliyev də aktyordur. O hazırda Gənc Tamaşaçılar Teatrında çalışır.

- Bəs sizi sənətdən uzaq salan səbəb nə idi?

- Həyat yoldaşımla aktrisa rəfiqəm Mətanət Eresin ad günündə tanış olmuşdum. Vüqar o vaxt başqa teatrda işləyirdi. Sonradan mənimlə eyni teatrda çalışdı. O bizim ailəyə elçi gələndə anam verməmişdi. Öz razılığım ilə ona qoşulub Rusiyaya qaçmışdım.

- Neçə il ailənizlə küsülü qaldınız?

- 3 il ailəmlə küsülü qaldım. 3 ildən sonra təbii ki, barışıq oldu. Anam deyirdi ki, tanımadığım insana qız vermərəm. Biz amma bir-birimizə söz vermişdik. Qaçdıq, toyumuz da orada oldu.

- Ruhiyyə, illərdir sənətdəsiniz. Amma bu gün serialda çəkilən aktrisalar tez bir zamanda məşhur olur və sevilirlər. Yeni çıxan aktrisaların bəxti nədə gətirib?

- Təbii ki, rejissorlarda. İnsanda bundan əlavə naxış da olmalıdır. Mən də o seriallara və filmlərə dəvət alıram, amma bu sənətdə yaxşı mənada adamın olmaq da işə yarayır.

- Az tanınmağınız sənətinizi ailənizə qurban verməyinizlə əlaqədar ola bilər?

- Əlbəttə, elə ən böyük səbəb budur. Amma peşman deyiləm. Çox şükür, gözəl ailəm, iki övladım var.

- Həyat yoldaşınızla sənətdə qısqanc tərəfləriniz olurmu?

- Xeyr, həyat yoldaşım məni nə sənətə, nə də teatra qısqanır. Onun razılığı ilə teatra qayıtmışam.

- Ruhiyyə xanım, bəzən bir sənət dostunuzun yanlış hərəkəti hamıya şamil olunur. Bu sizi üzürmü?

- Bütün sahələrdə ad batıranlar var. Bu sözümə görə üzr istəyirəm, başqa sahələrdə əxlaqsızlıq edirlər, amma aktrisaların adı çıxır. Nə qədər ailəli insanlar tanıyıram ki, heç aktrisa da deyillər. Amma min hoqqadan çıxırlar.

- Sizin sənət daha çox açıq-saçıqlıqla yadda qalır. Niyə belə?

- Elə bilirlər ki, soyunan kimi məşhurlaşacaqlar. Mən bunu qəbul etmirəm. Şəxsən mən açıq-saçıq rollarda çəkilmərəm. Hələ ki, dəvət gəlməyib, olsa da qəbul etmərəm.

- Qonorara önəm verirsinizmi?

- Bəli, bu mənim üçün çox önəmlidir. Bu yaxınlarda yoldaşım və mənə eyni serialda baş rolları oynamaq təklifi gəldi. Mənə az qonorar təklif etdilər. Buna görə də təklifdən imtina etdim. Amma həyat yoldaşım hazırda da o serialda çəkilir.

- Oğlunuz aktrisa sevsə, münasibətiniz necə olar?

- Əgər mənim oğlum gələcəkdə aktrisa sevsə, alaram. Aktrisa olanda nə olar ki? Olaram müasir qaynana (gülür).

Əli Rəhimoğlu

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/488489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR