Tramp niyə qalib gəldi?

Tramp niyə qalib gəldi?
07:17 12 Noyabr 2016
251 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika sistemli bir ölkədir. Bu sistemi dağıtmaq elə də asan deyil. Donald Tramp isə qeyri-adi şəxsiyyətdir. Heç kim onu ciddi siyasətçi kimi qəbul etmirdi. Deyirdilər ki, şoumendir də, danışır özü üçün. Buna baxmayaraq, demək lazımdır ki, əvvəla, Tramp Respublikaçılar Partiyasından tək namizəd oldu. İkincisi, seçkidən qabaq sorğularda əhalinin artıq 40 faizinin ona səs verəcəyi bildirilirdi. Üçüncüsü, Hillari Klintonla təkbətək debata çıxdı. Bunları silib kənara atmaq, Trampı elə-belə adam hesab etmək düzgün deyil.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədrinin müavini Rauf Əliyev bildirib.

Millət vəkilinin firincə, Trampın gözlənilməz hesab edilən qələbəsini şərtləndirən bir sıra amillər var: "ABŞ-dakı prezident seçkilərinin nəticələrinin belə olacağını heç də hamı gözləmirdi. Çox az adam Donald Trampın qələbə çalacağına inanırdı. Çünki hələ seçkidən əvvəl Amerikanın müxtəlif sosioloqları, politoloqları, seçki texnologiyaları üzrə mütəxəssislərinin proqnozlarına görə 80 faiz Hillari Klinton qalib gələcək. Amma belə olmadı. ABŞ demokratik ölkədir. Bir çox ştatlarda ki Klintonun qalib gələcəyi gözlənilirdi, orada tam məğlub oldu. Trampa səs verən hansı insanlar oldu? Adi vətəndaşlar, fəhlələr, işsizlər. Onlar inandılar ki, bəli, sabah Amerikada islahatlar gedəcək, iş yerləri çoxalacaq, maaşlar artacaq və s. Amerikada elə təbəqə var ki, artıq məmurlardan bezib. Demokratlar neçə vaxtdır ki, hakimiyyətdə idilər. Əhalinin daxildə problemləri var. Bunlar da Trampın uğurunu şərtləndirən amillərdəndir".

R.Əliyev Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri ilə bağlı proqnozlarını da verib: "Fikrimcə, Azərbaycan-ABŞ münasibətlərində pisliyə doğru dəyişiklik olmayacaq. Çünki Tramp seçkilərdə qələbədən sonrakı çıxışında da dedi ki, çalışacaq ki, Amerikanın daxilindəki problemləri həll etsin, beynəlxalq aləmdə isə ABŞ özünü bir terror təşkilatının rəhbəri kimi göstərməsin, əksinə digər dövlətlərə dost ölkə kimi kömək etsin. Azərbaycan isə ABŞ-la siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq edir. İnanmıram ki, Trampın prezidentliyi dövründə Azərbaycanın Amerika ilə münasibətlərində ciddi çətinlik yaransın. Əksinə, inanıram ki, bu münasibətlər, əlaqələr inkişaf edəcək, genişlənəcək. Ölkəmizin yalnız bir ciddi problemi var. Bunu prezident İlham Əliyev Trampa təbrik məktubunda da vurğulayıb. Bizim əsas problemimiz Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan istəyir ki, ABŞ demokratik ölkə kimi kömək edib öz sözünü desin ki, bu məsələ beynəlxalq hüquqa əsasən, öz həllini tapsın. İndi Tramp çalışacaq ki, amerikalılara göstərsin ki, o, hər bir ABŞ vətəndaşının prezidentidir. Ona görə də elə işlər görəcək ki, nüfuzu həm Amerikanın daxilində, həm də xaricində daha da qalxsın. Hər halda bir az gözləsək, nəticəsini görəcəyik. Hələ ki, Trampın adminstrasiyası, komandası tam formalaşmayıb. Kimin dövlət katibi, müdafiə naziri, MKİ-nin rəhbəri olacağı hələ bilinmir. Bütün hallarda ümid edirəm ki, münasibətlərimiz yalnız yaxşı istiqamətdə inkişaf edəcək".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR