Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub -FOTOLAR

Prezident İlham Əliyev Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub -FOTOLAR

Date: 12 November 2016 13:28

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, KürdəmirUcarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, BərdəAğcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış oldu.

Bildirildi ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlətimizin başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış oldu.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verildi ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Dövlətimizin başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət etdi.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirdi.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məlumat verildi ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşüb.

Məcburi köçkün Elnarə Məmmədova və Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev Füzulinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.









Tags:  Prezident İlham Əliyev Füzuli rayonunda məcburi köçkünlər salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub -FOTOLAR


RƏYLƏR


Top news