Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident Klinton olacaq, Trampı Ağ Evdən qovacaqlar–ÜÇ SSENARİ

Prezident Klinton olacaq, Trampı Ağ Evdən qovacaqlar–ÜÇ SSENARİ

Date: 12 November 2016 14:48

ABŞ-da tarixi sürprizə imza ataraq, seçkini qazanan Donald Trampa prezident postunda əyləşmək nəsib olmaya bilər.

Publika.az xəbər verir ki, bu barədə “Newsweek” nəşri yazıb.

Nəşr Trampın prezidentliyini mümkünsüz edə biləcək üç ehtimal irəli sürüb.

Seçilmişlər Kollegiyası “yox” deyərsə

ABŞ-da xalq prezidenti birbaşa seçmir. Seçicilər Seçilmişlər Kollegiyasına üzvləri seçir. Prezidentliyə namizəd hansısa ştatda qalib olursa, o, həmin ştatın Seçilmişlər Kollegiyasına üzvlərinin də səsini alır.
Seçilmişlər Kollegiyasına namizəd olan şəxslər seçkilərdən bir neçə ay öncə hansı namizədə səs verəcəyini elan edirlər və seçki günü onlar seçilir. 8 noyabrda da Seçilmişlər Kollegiyasının üzvləri seçildi. Kollegiyanın gələn ay iclası keçiriləcək. Hər şey normal davam edərsə, prezident olmaq üçün lazım olan 270 üzv səsini alan Donald Tramp prezident olacaq. Lakin daha əvvəl Trampa səs verən üzvlər mövqelərini dəyişərək, Hillari Klintona da səs verə bilərlər. ABŞ tarixində belə vəziyyət 157 dəfə baş verib. Hətta 1836-cı ildə Virciniya ştatının Seçilmişlər Kollegiyasındakı 23 üzvü birdən mövqelərini dəyişdirərək, seçkini qazanan namizədin əleyhinə səs verdilər. Lakin namizədlər arasında fərq böyük olduğu üçün onların mövqe dəyişməsi nəticəyə təsir etmədi. Rəsmi olmayan nəticələrə görə, Tramp Seçilmişlər Kollegiyasının 290 üzvünün, Klinton isə 228 üzvünün səsini qazanıb. Trampa səs verəcəyi vədi ilə Kollegiyaya seçilənlərdən 32-si mövqeyini dəyişərsə, o zaman Klinton prezident ola bilər.

Rəsmi nəticələr dəyişərsə

Seçkilərin rəsmi nəticələri hələlik açıqlanmayıb. Bütün media “Assoşeyted Press” agentliyinin xəbərinə inanaraq, Trampın 270-dən artıq üzvün səsini qazandığını açıqladı. Lakin bir neçə ştatda namizədlər arasında fərq çox cüzidir, bu isə rəsmi məlumatlarda başqa nəticələrin çıxması ehtimalını artırır. Yaxud rəqib etiraz edə və səslərin yenidən sayılmasını tələb edə bilər. Belə olanda da az fərq olan ştatlarda nəticələr dəyişə bilər. Misal üçün, Seçilmişlər Kollegiyasına 16 üzv göndərən Miçiqan ştatında Tramp sadəcə 11 min səs fərqi ilə qazanıb. Bu səslər dəyişərsə, o zaman ümumi nəticələr də qarışacaq. 2000-ci ildə Floridada səslərin yenidən sayılmasına məhkəmə icazə vermədi və bunun nəticəsində respublikaçı namizəd Corc Buş qazandı. Həmin seçkilərdə olduğu kimi, indi də demokratların namizədi Klinton bütün ölkə üzrə daha çox səs qazandı, lakin fərqin az olduğu əyalətlərdə Seçilmişlər Kollegiyasına üzv yerlərinin hamısını alan Tramp prezident oldu.

Prezident postundan uzaqlaşdırıla bilər

Utah Universitetinin hüquq elmləri üzrə professoru Kristofer Levis Peterson Trampın prezident postundan dərhal uzaqlaşdırılması üçün yetərli qədər dəlilin olduğunu bildirib.

Trampın öz adını daşıyan universitetin tələbələrindən heç bir əsası olmadan 40 milyon dollar toplandığı iddia edilir. Fırıldaqçılıq və təhdidlə pul alma, həmçinin, aldadıcı reklam ittihamları ilə ona qarşı indiyə kimi üç məhkəmə işi keçirilib. Petersona görə, bu məhkəmə işlərindəki dəlillər Trampın yanvar ayında prezident postuna əyləşdikdən dərhal sonra onu vəzifədən uzaqlaşdırmaq üçün yetərli ola bilər.

Lakin “İndipendent” sayının məlumatına görə, bu kiçik ehtimaldır. Çünki bunun üçün Konqresin qərarı lazımdır. Konqres isə Trampın partiyası olan respublikaçıların nəzarətindədir.

Digər tərəfdən, bu ssenarilərin hansınınsa reallaşması, böyük qütbləşmənin yaşandığı Amerikada ciddi qarışıqlığa səbəb ola bilər.

Asif


Tags:  Prezident Klinton olacaq Trampı Evdən qovacaqlarÜÇ SSENARİ

RƏYLƏR


Top news