ABŞ-da seçkilər: ruslar sevinir və ehtiyatla gözləyirlər

ABŞ-da seçkilər: ruslar sevinir və ehtiyatla gözləyirlər
16:22 12 Noyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Moskva. 12 noyabr. REPORT.AZ/ ABŞ-da çoxdan gözlənilən prezident seçkisi baş tutdu və dünyanın supergücünün 45-ci prezidenti artıq bəllidir. Amma milyarder Donald Trampın qalib gəldiyi bu seçkilərin gözlənilməz nəticələri hələ də bütün dünyada müzakirə olunur. Elə Rusiyada da əksəriyyət ABŞ-dakı seçkilərdən danışır.
"Report"un Moskvaya ezam olunmuş müxbirinin keçirdiyi monitorinqlər Rusiya cəmiyyətində və mediasında hələ də ABŞ-a qarşı müəyyən inamsızlığın olduğunu üzə çıxarıb.
Rusiyanın siyasi icmalçılarının fikrincə, ABŞ-dakı seçkilər reytinqinə və internetdə verilən sorğuların sayına görə Vladimir Putinin yenidən Rusiya prezidenti seçildiyi seçkiləri belə üstələyib. Hər yerdə - gah burada, gah orada mütləq ABŞ-da keçirilmiş seçki mövzusuna toxunulur.
Rəsmi Moskva və sıravi rusiyalılar seçki kampaniyasının gedişini yaxından izləyiblər. Axı namizədlərdən biri - elə sonda qalib gələni Rusiya ilə yaxınlaşacaqlarını vəd edib və rəsmi Moskva ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdı. Təbii ki, Rusiyada rəsmi olaraq heç kim açıq şəkildə Donald Trampa simpatiya bəslədiyini bildirməsə də, əhalinin çoxu şüuraltı onun uğur qazanmasını arzulayırdı. Bunu Rusiyada sıravi vətəndaşlar arasında keçirilən sorğunun nəticələri də göstərib. Respondentlərin əksəriyyəti D.Trampın qələbəsinin iki ölkə arasında hazırda mövcud olan gərginliyi azaldacağını düşünür. 
Ümumiyyətlə, Rusiyada Trampın qələbə qazanmasına rasional yanaşırlar. 
Rusiya KİV-ləri tez-tez D.Trampın bu qələbəsinin hələ heç bir dəyərinin olmadığını və onun Rusiya lehinə bəyanatlar verməsinə baxmayaraq, ABŞ prezidenti kimi öz xalqının maraqlarını qoruyacağını yazır. Əgər sabah D.Tramp Moskvaya səfər etməyi düşünsə, ABŞ-ın biznes dairələri, lobbisi və digər nüfuzlu xadimləri ona mane ola bilər.
Rusiya mətbuatı eyni zamanda yazır ki, D.Tramp ABŞ prezidenti olsa da, dünyanın sahibi deyil və o, ölkənin siyasətini müəyyənləşdirən ABŞ-ın nüfuzlu insanlarının fikrindən çox asılıdır.
İndi hər iki ölkə gözləmə mövqeyi tutub, bir-birinin ilk addımının necə olacağını izləyir. Amma aydındır ki, D.Tramp sözünü tutub Rusiya ilə münasibətlərin yaxınlaşdırılması istiqamətində addımlar atsa, bu, bütün dünya üçün faydalı olacaq, hər iki tərəfi cəlb olunduqları münaqişələrin nizamlanmasında daha konstruktiv olmağa məcbur edəcək. İndi isə ABŞ - Rusiya qarşıdurması bütün dünyada yalnız qeyri-sabitliyə gətirib çıxarır.

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/abs-da-seckiler-rusiyadan-baxis-moni-tori-nq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR