Tramp erasında "Apple"ı hansı gələcək gözləyir?

Tramp erasında "Apple"ı hansı gələcək gözləyir?
19:08 12 Noyabr 2016
97 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da prezident seçkiləri sona çatdı və artıq yeni prezident müəyyən oldu. Hamının da gözlədiyi kimi ABŞ-ın yeni prezidenti Donald Tramp seçildi. Lakin maraqlı olan məsələ ondadır ki, prezident kürsüsündə Donald Tramp əyləşəndən sonra "Apple” şirkətini nələr gözləyir?

Belə ki, seçkiqabağı yarışda şirkətin adı Tramp ilə birlikdə ən ön sıralarda hallanırdı. Məsələ burasındadır ki, Tramp sözügedən şirkət ilə bir neçə səbəbə görə ortaq dil tapa bilmir. Bu ilin əvvəlində Tramp və Tim Kuk bir-birinə qarşılıqlı "zərbələr” vururdular. İlk zərbəni Tramp ilin əvvəlində vurmuşdu. O, şirkətin ABŞ-dan kənarda smartfon istehsal etmək istəyini sərt şəkildə tənqid etmişdi. Bundan əlavə, Tramp fevral ayında cinayətkara məxsus iPhone-u aktivləşdirməkdən imtina etdiyinə görə insanları şirkəti boykot etməyə səsləyirdi. Mart ayında isə yeni prezident, H-1B viza növünü tənqid etmişdi. Bu viza növü ilə şirkətlər ABŞ-dan kənarda yaşayan və müəyyən bacarıqları olan şəxsləri işlə təmin edirlər. Baxmayaraq ki, H-1B tamamilə qanunidir, o çoxda məşhur deyil.

"Apple” öz cavabını iyun ayında verdi. Belə ki, şirkət Trampın fikirlərini əsas gətirərək Respublika partiyasının qurultayını dəstəkləmədi. Yay fəslində Tim Kukun cavab atəşi daha sərt oldu. "Apple”ın CEO-su respublikaçı Paul Ryanın təmsilçilər palatasının spikeri və Demokratik partiyadan prezidentliyə namizəd Hillari Klinton üçün vəsait toplama məqsədli bir neçə tədbir təşkil edərək Trampı açıq-aşkar təhqir etmişdi. Bu ilin 18 yanvar tarixində Virciniya ştatında yerləşən Liberti Universitetində çıxışı zamanı Tramp şirkət barəsində bunları söyləmişdir.”Biz "Apple”ı lənətə gəlmiş kompüter və digər cihazlarını digər ölkələrdə deyil məhz burda istehsal etməyə məcbur edəcəyik” – deyə Tramp bildirmişdi. Bunun şirkət üçün böyük problemə çevriləcəyini anlamaq istəyiriksə, istehsalda olan maaşlara nəzər salmaq kifayətdir. Çində zavod işçisinin illik orta gəliri 8281$-dır. 40 saatlıq iş həftəsi faktoru ilə müqayisədə ABŞ-da həmin vəzifədə çalışan işçinin illik gəliri 42000$-dır.

Nəzərə alsaq ki, keçən il "Apple” 230 milyon cihaz satıb və Texas ştatında bağlanmış Motorola zavodunun 2000 işçisi ildə 5 milyon smartfon istehsal edirdisə, məntiqi cəhətdən güman etmək olar ki, "Apple” cihazlarının istehsalı ilə 100.000-ə yaxın çinli məşğuldur. Bu göstəricidən istifadə etsək, "Apple”ın, istehsalatı ABŞ-a keçirtmək üçün edəcək xərcləri külli miqdarda olacaq. Əgər Tramp ofşor istehsalata qadağa qoysa və ya Çində istehsal olunmuş cihazlardan əlavə vergi tələb etsə, bu şirkət üçün böyük problemə çevrilə bilər. Hələ 2011-ci ildə Barak Obama ilə söhbətində Stiv Cobs bunları demişdi. "İş yerləri ABŞ-a geri qayıtmayacaq. Belə ki, Çində hal-hazırda dünyanın ən qabaqcıl istehsalat infrastrukturu var” – deyə Stiv Cobs bildirmişdi. Fevralda şirkətin cinayətkara məxsus iPhone cihazını aktiv etməsindən imtina qərarını Tramp ilə birlikdə bir çox ABŞ vətəndaşları da vətənpərvər bir hərəkət hesab etmədilər.

Bir çoxları düşünür ki, Trampın prezident seçilməyi "Apple” üçün uğurlu olacaq. Belə ki, o, istehsalatın ABŞ-a qayıtması üçün korporativ vergiləri aşağı salınması uğrunda çalışır. Daha kiçik İrlandiya korporativ vergilərindən hər dəfə udmağa çalışan və İrlandiyada 200 milyard dollar nəğd pul vəsaiti saxlayan "Apple”, bu vergi üsulundan istifadə edən dünyanın ən böyük şirkətlərindən biridir. Bununla belə Tramp və "Apple” arasındakı münaqişənin varlığı açıq-aydındır. Əgər maliyyə işlərinə nəzər salsaq onda daha bir maraqlı fakt ortaya çıxır. "Fortune” dərgisinin verdiyi məlumata görə Trampın səhm bazarındakı ən böyük aktivi, sahib olduğu Apple səhmləridir. Onun şirkətdəki payı 1.25 milyon dollar təşkil edir. İlk baxışdan bu fakt, şirkətin investorlarını sakitləşdirə bilər. Nəyə görə Tramp özü-özünə zərər yetirsin? Lakin həmin dərginin 2015-ci il iyul ayındakı məlumatlarına əsasən Tramp-a 6.5 milyon dollarlıq səhm paketi məxsus idi. Nəzərə alsaq ki, həmin vaxtdan "Apple” səhmləri qiymətdə 10% ucuzlaşdı, bu o deməkdir ki, son 1 ildə Tramp məşhur brendin dəyərli kağızlarından canını qurtarır. (technote.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR