Əməllərin qəbulluq meyarı

Əməllərin qəbulluq meyarı
19:17 12 Noyabr 2016
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Cümə söhbətləri

Bismilləhir-Rahmənir-Rahim!

Allah buyuran həqiqi hidayət yoluna çıxmaq istəyən təqvaya malik olmalıdır. Bu xüsusiyyətə sahib çıxmadan hər hansı inkişafdan, tərəqqidən söhbət gedə bilməz. Həmin bu təqva xüsusiyyəti eyni zamanda alilik və kəramətin şərtidir; həmin bu xüsusiyyət başqa vasitələrlə əldə edilə bilinməyən bir tanımanın - haqqı batildən ayıra bilməyin dərkini insana nəsib edər. Həmin bu cəhət insanın hər bir çətin vəziyyətdən çıxa bilməsini təmin edər. Bununla yanaşı, təqva bir mübarək xüsusiyyətdir ki, insana gözləmədiyi yerdən ruzinin yetişməsinə səbəb olar. Uca Allahdan duamız budur ki, bu xüsusiyyəti əldə etməyi və həyatımızda tətbiq etməyi cəmi iman əhlinə qismət etsin!

Hansı əməllər qəbul olunur?

Təqvanın özü ilə gətirdiyi növbəti nemət - əməllərin qəbulluğu ilə bağlıdır. Mübarək Qurani-Kərim məntiqi bizə öyrədir ki, insan əgər təqvaya sahib çıxsa, Allah Təalanın ona xüsusi bir lütfü inayət olar. Bu lütf ondan ibarətdir ki, insanın əməlləri qəbul olunar. İnsanın ən böyük çətinliklərindən biri budur ki, yaşatdıqlarının, etdiklərinin, dediklərinin qəbul olunub-olunmayacağı barədə bir yəqini qənaətə gəlmək müşkülü vardır. İnsan bilmir ki, əməlləri bir hasilat əldə edəcək, yaxud etməyəcək. Qurani-Kərim bu məsələyə aydınlıq gətirir. "Maidə" surəsinin 27-ci ayəsində buyurulur: "Allah Təala yalnız müttəqilərdən (əməlləri) qəbul edir".

Burada eyni zamanda bir neçə lazımi məsələ üzə çıxır. Məlumdur ki, əməlin qəbulluq və ya qəbulsuzluq kimi perspektivləri vardır. Təbii ki, əql diktə edir ki, insan axtarış aparıb müəyyənləşdirsin ki, bəs hansı amillər əməli qəbulsuzluq, mənasızlıq durumundan çıxarıb qəbulluğa, nəticəliliyə doğru aparır? Ayədən bəlli olur ki, əməli qəbulluğa aparan yol təqvadan keçir. Əməlin qəbul olunmasında niyyət, motiv və xalislik böyük rol oynayır. Bunlar da təqvada ehtiva olunan və təqvanın taclandırdığı keyfiyyətlərdir. Məhz təqva niyyət və motivi yönəldir, xalisliyi təmin edir. Deməli, əməllərin qəbulluq meyarı - məhz təqvadır.

Əməlin müəllifliyinin əhəmiyyəti yoxdur. Kim tərəfindən edilməsi əməlin qəbulluğunu təmin edə bilməz. Bununla yanaşı, əməlin tərkibi, nədən ibarətliyi də heç də göründüyü kimi böyük əhəmiyyət daşımır. Yəni, əməlin zahiriyyəti onun qəbulluğunu təmin edə bilmir. İnsan milyonlarla pulla ölçülən, lakin özünü göstərmək, reklam etmək niyyəti güdən bir əməli görə bilər ki, bunun da qəbulluq şansı sıfra bərabərdir. Və əksinə, ehtiyacı olan insana ixlasla bircə ədəd sadə bir şey ehsan edə bilər ki, bu əməli ixlaslılıq və Allaha bəndəlik, Allahın rizayətini qazanmaq baxımından misilsiz bir səciyyə daşıyar.

Əməlin mahiyyətində, istiqamətində, mayasında, özülündə nəyin durması məna və əhəmiyyət kəsb edir. Əgər əməlin cövhərində təqvalılıq varsa, o əməl - qəbul olunanlardandır. Amma əməlin kökündə təqva durmayıbsa, kimin və necə etməsindən asılı olmayaraq, onun heç bir faydası yoxdur. Əksinə, ziyanı vardır. Belə ki, qeyri-ixlaslı, zahirən gözəl, batinində çirkin olan əməllər insanı Allaha nəinki yaxınlaşdırır, əksinə, bəndə ilə Allah arasında zülmət pərdələri salır.

Qəbulluq niyyətə bağlıdır

Belə bir nəticəyə gəlirik ki, insan gərək nəhənglik, rəngarənglik dalınca qaçmasın. Hərəkətinin özülünün, bünövrəsinin dərdinə qalsın, əməlinin təqva yükü ilə yüklənməsinə nail olsun. İnsan müxtəlif işlər görə bilər: elm öyrənə, işlə məşğul ola və s. Amma nə edirsə-etsin, gərək bu işin Allah rizasına olmasının qeydinə qalsın.

Bunun anlamını əldə edən insan bir məsələnin fərqinə varır ki, günün hansı hissəsini necə keçirməsindən daha çox, bu keçirdiyinin motivləri onun üçün əhəmiyyət kəsb edir. Yəni, insanın etdiklərinin hansı hissəsinin özündə təqva yükü daşıması daha mühümdür.

Burada dəqiq ədalət məqamı var. Təqva ilə yüklənməyən əməlin kökündə nə durur? Çox şey dura bilər, amma bir şey dəqiq durmur: Allah rizası. Burada özünü göstərmək, özü barədə müştəbeh olmaqdan tutmuş, öz natamamlıq komplekslərinə uyğunluq tapmağa qədər çeşidli niyyətlər qarışa bilər bir-birinə. Odur ki, belə əməlin qəbul olunması nonsensdir. Axı, onun həyata keçirilməsində qəbul olunmaq niyyəti heç zatən güdülməmişdir.

Amma təqva yüklü əməlin mayası Allah Təalanın razılığını əldə etmək istəyi ilə yoğrulub. Allahı hər bir qüdrətin mənbəyi, mütləq qüdrətin özü bilən insan, heç zaman ötəri nəsnələrlə həyatını zay etməz. Allahı vücudverən bir varlıq kimi, hər bir şeyin mövcudluğunu təmin edən bir varlıq kimi tanıyan insan, bu dərkdən irəli gələn əməllərə üstünlük verər. Təqva yükü ilə yüklənmək - qəbulluq üçün etməyin sinonimidir. Odur ki, bu əməl qəbul edilənlər sırasında olar. Yalnız öz mahiyyətlərini Allah rizasına uyğunlaşdıranlar öz əməllərinin qəbulluğuna iddia edə bilərlər. Və Allahın bəyəndiyini edib, bəyənmədiyindən çəkinənlər öz əməllərinin gözəl nəticələrini görəcəklər.

Beləliklə, əməlin niyyəti ilə onun qəbulluğu arasında vücudi bir əlaqə vardır. O əməl qəbul olunanlardandır ki, onun hədəfi, ünvanı - qəbul olunmaqdır. O əməllər ki, başqa motiv əsasında ərsəyə gəlmişdir, qəbul olunması da, təbii ki, mümkünsüzdür.

Allah kimləri sevir?

Yaradılışın mahiyyətinə varmaq əzmində olan hər bir insanı düşündürən ən əsas suallardan biri - Yaradanın məhəbbətini qazanmaqdır. Bəndə özünə sual edir: "Hansı keyfiyyətlərə malik olmaq lazımdır ki, Allah Təbarəkə və Təalanın məhəbbətini qazananlardan olum?", "Nə edim ki, ən kamal sifətlərin təcəssümü olan Rəbb məni sevsin?". Allahın sevdiyi varlığa çevrilmək üçün nələri etməli və nələrdən çəkinməlidir təklif əhli olan insan? Quran məntiqi bizi öyrədir ki, Allahın sevdiyi insanlar - təqva əhli olanlardır: "Allah Təala müttəqiləri sevir".

İnsan nə qədər çox təqvaya malik olsa, Haqq Təalanın bir o qədər çox məhəbbətini qazanar. Zira, məhbubun məhəbbətini qazanmağın yolu, Onun istədiyi durumda olmaqdan keçir.

Əbədiyyətin yiyəsini qoyub ötərilərin, müvəqqətilərin razılığı üçün çalışana nə ad vermək olar?

Başlanğıc və sonuc ona aid bir Varlığın rizayəti üçün deyil, maddi və digər asılılığa görə gündə birinə mədhiyyə söyləyən fərdlər üçün hərəkət edən insanı necə adlandırmaq olar?!

Əlbəttə ki, özünü uğursuzluğa məhkum edən. Özü də vücudi uğursuzluğa. Nəzərə alsaq ki, Allah Təalanın bizim əməllərimizin necə və nəcürlüyündən heç bir asılacağı yox, heç bir ehtiyacı yox və bu əməllər fəqət bizim üçün, bizim kamillik durumuna yaxınlaşmağımız üçündür, onda rizayət axtarmayan bəndənin hərəkətlərinin hər hansı bir məntiqdən məhrum olması açıq-aşkar bəlli olar.

İnsan istəsə əbədi, daimi olan bir varlığa tapınsın, yəni İlahi dərgahda sevimli və əziz olsun - bunun yolu yalnız təqvadan keçir. Günahlara mürtəkib olmaqla, insanların haqqını basmaqla, yalan danışıb rüşvət almaqla, zülmə baş əyməklə Allahın sevimlisi olmaq kimi bir zirvəyə yetişmək mahaldır, mümkünsüz bir işdir.

Xoş aqibətlilər

İnsan öz yaşayışı prosesində bir çox işlər görür. Bunların arasında yaxşı işlər də ola bilir, pis işlər də. Amma kimliyindən asılı olmayaraq, bir gün ölüm carçısı hamının qapısını döyəcək. Və bu dəvətdən yayına biləcək bir kimsə yoxdur. Bu andan insanın iradəvi durumu bitəcək. İradəvi məxluq olaraq adamınkı burayadək idi. İndi daha iradə, seçim-filan yoxdur. Yalnız cavab vermək və əməllərinin müqabilini almaq mərhələsi başlayır. İmtahan dünyası bitir və sorğu-sual dünyası başlayır.

Bəs oradakı vəziyyəti necə olacaq insanın? Bax burada insan yekun məsələlərə yetişir. İnsanın aqibəti necə olacaq? - bu mərhələdə məna yükünə malik olan yeganə sualdır. Allah Təbarəkə və Təala insanın gözünü açır, bəlli edir ki, o zaman peşmançılıq mənasız və yersiz olacaq, dəyişməyə bir şey qalmayacaq. Orada yaxşı məhsul yığmaq üçün, əkin yeri olan bu dünyada müvafiq toxumlar əkmək lazım idi. Və bu toxumlar - təqva toxumlarıdır. Allah Təala Qurani-Kərimin "Qəsəs" surəsinin 83-cü ayəsində buyurur: "(Xoş) aqibət və sonuc müttəqilər üçündür".

Təqva toxumlarını əkən, digər insanların haqqına, Rəbbinin haqqına ehtiramla yanaşan, qırmızı xətləri keçməyən şəxs, axirətdə öz xeyir məhsulunu toplayar. Xoş aqibət pulla və pulsuzluqla, vəzifə ilə ya bunsuz, kişi və ya qadınlıqla, biliyin çoxluğu-azlığı ilə, müəyyən sinifə, regiona, millətə mənsub olub-olmamaqla deyil. Dinimizin nəzəri budur ki, insanların hamısı bərabərdir və heç bir keyfiyyət onların birini digərlərindən üstün etmir - bir təqvalılıqdan savayı. Fəqət təqvadır insanı həqiqi dəyərə mindirən, insanı əziz və qiymətli edən.

Özündən razı durumda olmamalı

Zahirən əməllərinin düz olması insanı rahat etməməlidir. İnsanın aqibətini puç edən əsas amillərdən biri - onun özündən razı durumda olmasındadır. İnsan deyə bilər ki, bəs namaz qılıram, oruc tuturam, sədəqə verirəm və s. - hər şey öz yerindədir məndə. Amma niyyət barədə unudur. İslam Peyğəmbəri (s) buyurur: "Bəzən insan uzun müddət cənnət əhlinin işini yerinə yetirir, amma axırı cəhənnəm əhlinin aqibəti olur".

İnsanın etdiklərinin hamısı yalnız o zaman ibadətdən sayılır ki, Allaha xatir etmiş olsun. Eyni zamanda, fərdi təhəddüdləri kimi, insanın ictimai vəzifələri də var. Ailəsinin, qonşularının, cəmiyyətin digər üzvlərinin haqqına hörmətlə yanaşmayan, ictimai fəsadlara, zülmə dəstək verən şəxs istəyir 100 il namaz qılsın, xeyri yoxdur - ibadət etmişlərdən, müttəqilərdən sayılmayacaq. İman gətirən gərək daima özünü kontrol etsin, bir an da olsun Rəbbin buyurduqlarına etinasızlıq etməsin, haqq basmasın, haramlara qol qoymasın və göz yummasın. Əziz Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Mömin həmişə aqibətinin pis olmasının qorxusu içindədir. Ruhu bədənindən çıxana qədər və Ölüm Mələyi qarşısında zahir olana qədər Allahın razılığına, bağışlanmasına qovuşduğuna onun əminliyi olmur".

Heç kəs sığortalanmayıb pis aqibətdən. Heç kəs müqavilə bağlamayıb xoş aqibətin qaçılmazlığı barədə. Yalnız o insanlar gözəl aqibətlə qarşılaşacaq, nicat tapanlardan olacaq ki, hər zaman özünə qarşı tələbkar olur və öz əməlləri ilə qətiyyən öyünmür, hətta onları az bilib öz üzərində çalışır, ruhi durumunu təkmilləşdirməyə səy edir.

Dinimiz öyrədir ki, heç kəsin hazırkı durumu onu əmin etməməlidir ki, işləri onu mütləq xeyirə aparacaq. Fərdlərə bağlanmamalıdır insan öz dünyagörüşü məsələlərində. Fərdlərin durumu dəyişkəndir, əbədi olan dəyərlərə tapınsın, Peyğəmbər (s) və Əhli-Beytinin (ə) göstərdiyi düz yol ilə getsin gərək insan. Hər kəsin aqibəti yalnız onun niyyətindən və Allaha tapınmağının səmimiliyindən asılıdır. Həzrət Rəsulullah (s) buyurur: "Kimsənin işinin aqibəti sizə məlum olmayınca, onun (yaxşı əməllərindən) heyrətə gəlməyin. Çünki, insan ömrünün böyük bir hissəsini, ya bir müddətini yaxşı işlər görməklə keçirir və elə bu halda da dünyadan köçərsə, cənnətə getmiş olar. Ancaq, (görürsən) insan birdən dəyişir və nalayiq işlər görməyə başlayır".

İmana kiməsə görə gəlmək lazım deyil. Bu adam möhkəm və ya zəif ola bilər. Bu gün bir durumda, sabah başqa durumda ola bilər. Əqidəsindən dönə bilər, dünyagörüşündə təhriflər yarana bilər. Kiməsə görə insan imanının itirəsi deyil ki!

İnsanın dinə gəlişi onun təfəkkürünün, daxili təmizliyinin, ixlaslılığının, Allah qarşısında vəzifəsini anlamağın möhkəm mayası üzərində yoğrulsa, onu heç bir müvəqqəti nəsnələr yolundan sapdıra bilməz. Nümunəsi Həzrət Peyğəmbər (s) və Əhli-Beyt (ə) olan və bu nümunəyə əsasən davranış konsepsiyasını yaşadan insan, düz yoldan heç zaman çıxmaz.

Əməllərinin xeyirlə sonuclanmasını istəyirsənsə...

Xeyir aqibət o insanı gözləyir ki, ədaləti pozmasın, zülm etməsin. Zülm nədir? Nəyinsə öz yerində olmaması, nəyinsə öz təyinatının ziddinə sərf edilməsi. İnsanın özü barədə düşündüklərinə rəğmən, həqiqət dəqiq meyarlar üzərindədir. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər, ki bir nəfərə xitabən buyurur: "Əgər əməlinin xeyirli sonluqla başa çatmasını və ölüm anında ən yaxşı əməllərinlə dünyadan köçməyini istəyirsənsə, Allahın haqqını qoru. Belə ki, Onun verdiyi nemətləri günah yolda xərcləmə, sənə qarşı göstərdiyi səbirə görə qürurlanıb, qafil olma".

İnsana hər bir şey verilib kamilliyə yetişməsi üçün. Cismini, əqlini, iradəsini, şüurunu, istedadlarını insan özünün tərəqqisinə, bəşəriyyətin çiçəklənməsinə, insanların gözəl durumda yaşamasına da sərf edə bilər, özünün və digərlərinin məhvinə də. Seçim hər bir halda insanın özünündür. Çətin bir iş də yoxdur. Dinimiz sadəcə istəyir ki, insan bir primitiv bioloji varlıq olaraq deyil, bir İNSAN olaraq yaşasın, yaxşılıqlar etməyə çalışıb pisliklərdən çəkinsin, mənfiliklərin eybəcər olmasını dərk etsin və bu dərketmədən irəli gələn davranış konsepsiyasına riayət etsin. Allah Təala bu dərki və əməli hər bir insana qismət etsin, inşəallah!

Allahım, bizləri təqvasız həyatdan uzaq et!

Allahım, bizləri öz əməllərinin keyfiyyətinə diqqət edənlərdən, ixlas və səmimiliklə dolu niyyətə sahib olanlardan, gözəl əxlaqa malik olanlardan qərar ver!

Allahım, cəmi iman əhlinə şəxsiyyətli və ləyaqətli durum əta et!

Allahım, ümməti Həzrət Peyğəmbər (s) və Əhli-Beytinin (ə) yolunu gedənlərdən, təqva libasına bürünənlərdən qərar ver!

Allahım, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488540.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR