“Həkim, təzyiqim düşmür, nə edim?” –

“Həkim, təzyiqim düşmür, nə edim?” –
23:47 12 Noyabr 2016
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Təzyiq düşürücü dərman müalicəsi almasına baxmayaraq, qan təzyiqi istənilən hədəfə salına bilməyən xəstələr var. Tibb dilində belə təzyiqə "resistant" hipertenziya deyilir, yəni "müqavimət göstərən", "inadkar" təzyiq mənasına gəlir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, arterial hipertenziya (yüksək qan təzyiqi) xəstələrində, statistik məlumatlara görə, inadkar təzyiqə rast gəlmə sıxlığı ortalama 10%-dir. Müalicə ilə təzyiqi düşməyən hər yüksək təzyiqə inadkar təzyiq deyilməz. Əgər xəstə müvafiq dozada 3 təzyiq dərmanı (biri sidikqovucu olmaq şərtiylə) alırsa, dərmanları müntəzəm içirsə, zərərli vərdişlərdən uzaq durursa, amma təzyiqi 140/90 mmHg-nin altına enmirsə, o xəstənin təzyiqi inadkar təzyiqdir. İnadkar təzyiq xəstələrində orqanlara vurulan zərər digər təzyiq xəstələrinə nəzərən yüksəkdir. Ona görə də belə diaqnoz qoymamışdan qabaq həkimlər yüz ölçüb, bir biçməli, xəstələr də həkimə düzgün informasiya verməlidir. Çünki araşdırmalar göstərir ki, xəstələrin yarıya qədəri dərmanlarını müntəzəm olaraq qəbul etmir.
 
İnadkar təzyiq diaqnozu qoyulandan sonra həkim altda gizlənən bəzi səbəbləri tapmaq istəyir. Şişmanlıq, böyrək xəstəlikləri, böyrək damarlarının daralması, bəzi endokrinologik və metabolizma xəstəlikləri, tıxayıcı yuxu apnesi, qana adrenalin ifraz edən bəzi şişlər, duzlu yemək, bilmədən təzyiqi yüksəldən dərmanlardan qəbul etmək və s. kimi təqsirkar faktorları tapmaq və aradan qaldırmaq lazımdır. Pasientlərin aldığı dərman preparatları nəzərdən keçirilməli, antihipertenziv effekti aşağı olan dərmanların yerinə daha güclüləri yazılmalı, ya da fərqli sinif bir təzyiq düşürücü əlavə edilməlidir. Streslə mübarizə aparmaq əsas amillərdən biridir. Həyəcanlı, təlaşlı, emosional cəhətdən qeyri-stabil insanlarda stres, qorxu təzyiqi yüksəldir.
 
Verilən dərman müalicələrinə, məsləhətlərə baxmayaraq yenə də yüksək qalmağa davam edən, altda gizlənən bir səbəb tapılmayan xəstələrdə invaziv (bir növ əməliyyata bənzər xarakterli) üsullara əl atmaq zərurəti yaranır. İnvaziv üsullardan hal-hazırda 2 dənəsi Avropa Ürək Cəmiyyəti tərəfindən qəbul edilmişdir və yalnız seçilmiş xəstələrə məsləhət görülür. Bunlardan biri böyrəyə gedən damarların ətrəfındakı sinir tellərinin "dağlanmasıdır" (renal denervasiya). Bud arteriyalarından xüsusi borucuqlar vasitəsiylə girilir, borucuqlar böyrək damarlarına yerləşdirilir və ucundakı istilik verən sistemlə sinir telləri "yandırılır". Dünyada təxminən 10 ilə yaxındır istifadə olunur. 6 ay ərzində təzyiqi, məsələn 160 mmHg-dan, 130 mmHg-a endirə bilir. İkinci üsul boyunda yerləşən yuxu (xalq arasında "şah damar") arteriyalarının ətrafına kiçik elektronik çip bənzəri cihazların yerləşdirilməsidir (baroreseptor stimulyasiya). Yuxu arteriyalarının ətrafında qan təzyiqinə nəzarət edən reseptorlar var. Təzyiq xəstələrində o reseptorlar vəzifələrini icra edə bilmir. Taxılan cihazlar elektrik impulsu ilə reseptorları təqlid edərək təzyiqi aşağı salır. Cihazlar əməliyyatla yerləşdirilir.
 
İnvaziv üsullar dərman müalicəsindən üstün deyil. Yuxarıda bəhs etdiyimiz renal denervasiya və baroreseptor stimulyasiya üsulları aparılan araşdırmalarda gözlənilən nəticəni verməmişdir. Avropa Ürək Cəmiyyəti hər iki üsulu tövsiyələr sırasına daxil etsə də hələ çəkingən və könülsüz davranır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR