Prezident İlham Əliyev: "Biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik"

Prezident İlham Əliyev: "Biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik"
07:52 13 Noyabr 2016
70 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün artıq Azərbaycanda 30-dan çox iri fermer təsərrüfatı var və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində bu təsərrüfatlar çox böyük rol oynayır. Mən bu gün vəziyyətlə tanış olarkən gördüm ki, bütün işlər yaxşı səviyyədə qurulub, böyük əkin sahələri artıq istifadədədir". Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı daha sonra bildirib: "Beləliklə, biz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bu gün hələ ki, biz buğda ilə özümüzü tam təmin edə bilmirik. Bunun obyektiv səbəbləri var. Ancaq bu hədəfə yaxınlaşırıq. Bununla bərabər, bizim taxılçılıqda böyük ixrac potensialımız yaranmalıdır. Necə ki, biz meyvə-tərəvəz məhsullarını, digər məhsulları ixrac edirik, gələcəkdə taxılçılıq məhsullarını da ixrac etməliyik. Ancaq, əlbəttə, ilk növbədə daxili tələbatımızı ödəməliyik.

Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır. Digər tərəfdən, biz məhsuldarlığı artırmalıyıq. Qeyd etdiyim kimi, taxılçılıqda ərzaq buğdası hektardan 57 sentnerdir. Əgər ölkə üzrə məhsuldarlıq 40-45 sentnerə qalxsa, biz mövcud olan əkin sahələri ilə öz tələbatımızı ödəyəcəyik. Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir".

İlham Əliyev vurğulayıb ki, dövlət öz tərəfindən nə lazımdırsa onu edir: "Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır. Bax, bu yol dövlət tərəfindən tikilibdir. Digər infrastruktur layihələri, elektrik enerjisi ilə bağlı layihələr də icra olunur ki, emal müəssisələri inkişaf etsin. Dövlət öz dəstəyini göstərir. Belə olan halda işlər daha sürətlə gedəcək.

Bu gün kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahədir. Biz mövcud torpaq fondundan səmərəli şəkildə istifadə etməliyik. Biz yeni əkin sahələrini dövriyyəyə cəlb edirik və bu istiqamətdə işlər sürətlə gedir. Həm öz tələbatımızı ödəyəcəyik, həm də böyük ixrac potensialımız yaranacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/488909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR