“Gələcəkdə ordumuza nə qədər silah-sursat lazımdırsa,
Azərbaycanda o qədər də istehsal olunacaq və idxal ediləcək. Bizim
torpaqlarımız işğal altındadır. Aprel döyüşləri onu göstərdi ki, bu
işğala son qoyulmalıdır. Ermənistan rəhbərliyi başqasının gücünə
güvənməsin. Burada da üzbəüz mövqelərimiz arasında bir neçə yüz
metr məsafə var, ondan da az. May ayında Tərtər rayonunda olarkən
mənim durduğum yerdən erməni hərbi mövqelərinə əlli, altmış metr
məsafə var idi. Əgər istəyirlər ki, məsələ sülh yolu ilə həll
olunsun və erməni xalqı itki verməsin, torpaqlarımızdan
çəkilsinlər. Biz də müharibə istəmirik, ancaq biz torpaqlarımızı
istəyirik. İşğalçılardan azad edilmiş, bu gün durduğumuz bax bu
yerdə - Lələtəpədə olmağımız onu göstərir ki, biz o günü
yaxınlaşdırırıq”.
Bunu prezident İlham Əliyev noyabrın 12-də Füzuli rayon
ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşündə
deyib.
Prezident İlham Əliyev cəbhəyanı bölgədə yaşayan insanların böyük
hörmətə layiq olduqlarını qeyd edib:
“Siz döyüş bölgəsində, düşmənlə üz-üzə yaşayırsınız. Buna baxmayaraq, qurursunuz, yaradırsınız, uşaqlar böyüdürsünüz. Mən sizə minnətdaram. Sizi salamlayıram, sizə yeni uğurlar arzulayıram”.